Nikah mətni dəyişdiriləcək?
Mehriban Vəzir: “İndiki mətndə dilimizin zərifliyi, incəliyi, ruhdan gələn heç bir şeyi yoxdur”
"Xeberinfo.com": Artıq Sovet dövründən bu günə kimi illərdir ailə quran gənclərin nikah mərasimi eyni mətnlə həyata keçirilir. Nikah mətninin dəyişdirilməsi məsələsi müxtəlif vaxtlarda gündəmə gətirilsə də, heç bir nəticəsi olmayıb. Dünya ölkələri ilə müqayisədə Azərbaycanın nikah mətni olduqca uzun və qurudur. Həmçinin mətnin sözlərində dilimizin incəlikləri qorunub saxlanılmayıb.
Nikah mətni rus dilindən tərcümə olduğu üçün düzgün məna ifadə etmədiyini düşünənlər də az deyil. Əvvəlcə nikah mətnini olduğu kimi təqdim edək: “Əziz dostlar, bu gün sizin, qohumlarınızın və dostlarınızın həyatında ən təntənəli bir gündür. Siz müqəddəs ailə, məhəbbət və dostluq ittifaqına daxil olursunuz. Qoy bu gündən etibarən həmin tarix yeni və xoşbəxt bir ailənin yaranması kimi bayram edilsin. Sizi bura gətirən gözəl hisslər qoy daim qəlbinizdə yaşasın. Sizə bu həyat yolunda böyük uğurlar arzulayırıq. Bu gün sizin üçün toylu düyünlü həm də məsuliyyətli gündür. Siz öz üzərinizə böyük öhdəliklər götürür, həyatdakı ən məsuliyyətli addımlarınızı atırsınız. İcazə verin təntənəli nikah mərasimi qarşısında sizə bir sual verim: Nikaha daxil olmaq barədə ətraflı düşünmüsünüzmü? (cavab verilir). Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq hər ikinizin qarşılıqlı razılığına əsasən sizin nikahınız qeyd olunur. Xahiş edirəm öz ittifaqınızı imzalarınızla təsdiq edəsiniz. Nikahın qeyd olunması şərəfinə məhəbbət və sədaqət rəmzi olan nişan üzüklərinizi dəyişdirin. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən sizin nikahınız qanuni hesab edilir”.
Bir müddət əvvəl Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə nikah mətninin dini inamımızı və milli mentalitetimizi əks etdirmədiyini deyərək yeni bir nikah mətni təklif etsə də, bu, qəbul edilmədi. Qonşu ölkələrin nikah mətninə nəzər salsaq görərik ki, onlar olduqca sadə və incə bir dildədir. Müqayisə üçün qonşu Türkiyənin nikah mətninə nəzər salsaq, bunu açıq şəkildə görərik. Burada öncə gəlinin, bəyin və şahidlərin ad soyadları soruşulur. “Gənclər evlənmək üçün bələdiyyəmizə müraciət ediblər. Sənədlərində aparılan incələmələr zamanı evlənmələri üçün maneə yaradacaq bir hal olmadığı məlum olub. Şahid və dəvətlilərin qarşısında özlərindən bir daha soruşuram. Heç bir təsir altında olmadan, öz rizanızla, xəstəlikdə və sağlıqda bir yerdə olmağı, (ad soyad) evlənməyi qəbul edirsinizmi?(cavablar alınır) Şahidlər, siz gənclərin cavablarına şahidlik edirsinizmi? Bələdiyyənin mənə verdiyi səlahiyyətə əsaslanaraq sizləri evli elan edirəm”.
Müqayisəyə diqqət etsək, Azərbaycan və Türkiyənin nikah mətnindəki fərqi açıqca görərik.
Yazıçı, publisist Mehriban Vəzir də nikah mətnimizin olduqca quru bir dildə yazıldığını və bunun dəyişdirilməsinin vacibliyini vurğuladı: “Nikah zamanı oxunan mətn rus dilindən tərcümədir və çox naşı tərcümə edilib. O mətndə dilimizin zərifliyi, incəliyi, ruhdan gələn heç bir şeyi yoxdur. Diqqət etmisinizsə mətndəki bir yer xüsusilə gülüş doğurur. Orada deyilir ki, üzüklərinizi dəyişdirin. Bu rus dilində elə də pis səslənmir. Ancaq dilimizə çevirəndə bu söz mənasız bir ifadəyə çevrilir. Bu sözü üzüklərinizi taxın və ya buna uyğun sözlərlə əvəz etmək olardı. Bu xırda məslə olsa da, insanın həyatındakı mühüm bir günü əks etdirir. Bu hadisə demək olar ki, disklərə yazılır və hər bir evdə qalır. Bəlkə də gələcəkdə bu mətn daha da təkmilləşib mükəmməl olacaq və bu disklərdə həmin mətnlərə qulaq asan gələcək nəsil bizə güləcək. Bu məsləyə diqqət yetirmək lazımdır. Dilimizin gözəl, lakonik, yığcam sözlərindən istifadə edərək mətni dəyişdirmək lazımdır”.
Qeyd edək ki, ölkəmizdə nikah məmurunun yeni evlənənlərin nikahını toy keçirilən şadlıq evinə gəlib qıyması ilə nikah evində qıymasının məbləği də fərqlidir. Belə ki, evlənmək istəyən gənclər “Asan Xidmət”ə müraciət edib bir ay müddətinə həmin qurumda 5 manat dövlət rüsumu ödəməklə nikaha daxil ola bilərlər. Ancaq nikahın elə toy zalında həyata keçməsini istəyən gənclər nikah məmurunun toy zalına gəlməsi üçün 170 manat ödəməlidir.
Xatırladaq ki, elə bu günlərdə Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlana bilər. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Nikaha daxil olmaq barədə ərizəyə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilir. Bu qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.