YAXIN ŞƏRQ KİMƏ QARŞI SİLAHLANDIRILIR:İslam ölkələrinin neft pullarına alınan silahlar elə müsəlmanların qanını tökür – Araşdırma
Abdülkadir Özkan
Milli gazete (Türkiyə), 14.03.2019
Yenixeber.org: Öncə qəzetimizdə dərc edilmiş xəbərin başlığını sitat gətirmək istəyirəm: “Amerika və Rusiya silah satır, Yaxın Şərq isə onun idxalı üzrə rekord vurur”. Xəbərdə qeyd olunur ki, hamıdan çox silah satan ABŞ və Rusiyanın ardınca Fransa, Almaniya və Çin gəlir. Bu silahları kim idxal edir – bu, ayrıca məsələdir, bir də bu da həmin ölkələrə aiddir, amma adam belə sualları da verməyə bilmir: “Yaxın Şərq ölkələrini, hər şeydən qabaq Səudiyyə Ərəbistanını nəyə görə və kimə qarşı silahlandırırlar? Bu silahlar kimə qarşı işlədilir?”
Əslində, bu sualların cavabını dünya hadisələrilə, heç olmasa, bir az maraqlanan hər kəs bilir. Amma növbəti dəfə qeyd etmək lazım gəlir ki, hər şeydən qabaq, Səudiyyə Ərəbistanının aldığı bu silahlar müsəlmanlara qarşı işlədilir. Bu halda sakitcə deyə bilərik ki, dünya silah sənayesini və silah tacirlərini neftlə zəngin bir neçə müsəlman ölkəsi maliyyələşdirir. Onda birinci növbədə bu yanlış mövqeyə qarşı durmaq gərəkdir. Əlbəttə, buna yol isə yeni silahlı münaqişələrə zəmin hazırlamaqdan keçmir.
Amma Yaxın Şərqə silah satışının dünya silah satışının 35%-ə çatdığı nəzərə alınsa, qeyd etmək faydalıdır ki, hadisələrin belə inkişafı gələcəkdə müsəlmanlar arasında daha böyük qan tökülməsindən savayı heç nəyə səbəb olmayacaq. Axı alınan silahlardan heç biri qanlı qatilə – İsrailə qarşı işlədilmir. Bunu nəzərə alaraq bu faktın cavabında susmaq mümkün deyil ki, yoxsullara getməli olan neft pulları silah tacirlərinin varlanmasına sərf olunur. Lakin islam dünyası İsrailin fələstinlilərə qarşı hücumuna sükutla yanaşır və bu, durumu daha da ciddiləşdirir.
İndiki mərhələdə hamıdan çox silah idxal edən ölkələrin siyahısında birinci yerdə Səudiyyə Ərəbistanı durur, ardınca Hindistan gəlir. Hindistan və Səudiyyə Ərəbistanı əhali sayına görə tutuşdurulsa, durumun özü özündən xəbər verir. Hətta bu gün Səudiyyə Ərəbistanının aşkar münaqişəyə girdiyi ölkənin olmadığı nəzərə alınarsa, bu bildirir ki, o alınan silahı müsəlman ölkələrində münaqişə edən tərəflərə verir. Bu isə islam dünyasında qarışıqlıq yaratmağı özlərinə borc bilən xaçlılar alyansının maraqlarına xidmət edir. Buna görə də müsəlmanlar bir-birlərilə münaqişəyə son qoymağa çalışmayanda, əksinə, bunu davam etdirəndə və qızışdırarkən bu bildirir ki, hər şeydən qabaq İsrailin təhlükəsizliynə qulluq edirlər. O biri yandan, təsəvvür eləsək ki, ABŞ İsrailin qorunması missiyasını öz üzərinə götürüb, aydın olur ki, ABŞ silahlanma qovğası sayəsində öz cibindən xərc çəkməyərək silahlara görə müsəlmanların kassalarından pul almaqla öz hədəfinə çatır.
İndiki mərhələdə müdafiə sənayesi sahəsində sürətli inkişaf sərgiləyən ölkəmiz 2014-2018-ci illərdə özünün silah ixracatını 170% artırıb. Bununla yanaşı, fərəhli hadisədir ki, Türkiyənin ən çox silah satdığı ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistan və Səudiyyə Ərəbistanıdır. Bununla bərabər silah idxalı ciddi azalıb ki, bu da ölkəmiz üçün fərəhlidir. Əlbəttə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına satılan silahlar müsəlmanlar arasında münaqişələrdə işlədilməyəcəyi halda. İndi, demək mümkündür ki, “xahiş edənə silah satıram, onun harada tətbiq edildiyinin isə mənə dəxli yoxdur” prinsipi qüvvədədir. Amma müsəlmanların vahid ittifaq qurmalı olduğu mərhələdə onların arasında münaqişələrin önlənməsi prioritet məna kəsb edir. Bunu edə bilsək, onda müsəlman ölkələrinin sərvətlərinin xaçlıların maraqları naminə istifadə edilməsinə mane olmaq mümkündür. Hər şeydən qabaq, dünya jandarmı rolunu öz üzərinə götürən ABŞ-ın silah satışının artmasını gözdən qoymaq və dünyada haradasa münaqişə varsa, arxasında ABŞ-ın durduğunu, ya da dolayısıyla cəlb olunduğunu unutmaq lazım deyil.Tərcümə: Strateq.az