Milyarder keçmiş şərikini "Zamirə qanunu" ilə vurmaq istəyir-London Məhkəməsində sensasion faktlar açıqlandı
London məhkəməsində Moskvanın mərkəzindəki torpaq sahəsinə görə mübahisə gedir. Tərəflərdən biri “Vneşekonombank”ın keçmiş rəhbəri Vladimir Çernuxin, digəri irə Oleq Deripaskadır.
Yenixeber.org: “Forbes” nəşri xəbər verir ki, məhkəmədə yeni faktlar üzə çıxır. Məlum olub ki, milyarder rəqibinin dosyesini toplayıb və onu Britaniyanın Milli Kriminal Agentliyinə təqdim etmək niyyətindədir.
Oleq Deripaska
Məhkəmədə mübahisə predmeti kimi “Tryoxqornaya manufaktura” şirkətinin gələcəyi müəyyənləşdirilir, həmin şirkət Rusiya paytaxtının mərkəzində eyniadlı binalar kompleksinə malikdir. Qeyd edək ki, Çernuxin bir vaxtlar – Mixail Kasyanov hökumət başçısı olarkən Rusiyanın maliyyə nazirinin müavini vəzifəsini tutub.
Məhkəmədə Çernuxinin vəkili olan Conatan Krounun sözlərinə görə, Deripaska hələ 2011-ci ildə xüsusi detektiv tutaraq, Çernuxini izləməyə başlayıb. “The Times” yazır ki, bununla bağlı Krou deyib: “Bu çirkin işdir – iyrənc və xırdaçı kompromat toplamaq cəhdidir və cənab Deripaska bundan istifadə edə bilər”.
Bundan əlavə, Deripaska vəkillərindən xahiş edib ki, Çernuxinin və arvadı Lyubovun varidatının mənbəyi haqqında məruzə hazırlasınlar ki, sonradan həmin sənəd Milli Kriminal Agentliyinə göndərilsin. Hüquqşünasın fikrincə, Deripaskanın məqsədi Çernuxin barəsində “mənbəyi məlum olmayan varidat”la bağlı işin başlanmasıdır.
Zamirə Hacıyeva
Xatırladaq ki, 2018-ci ildə Britaniya hakimiyyəti “Kriminal maliyyə haqqında” qanun çərçivəsində ölkədə olan əcnəbilərin kapitallarının mənbəyini araşdırmaq imkanı əldə edib. Mənbəyi məlum olmayan kapitalın həcmi 50 min funtdan artıq olarsa, aktivlər dondurula bilər. “The Times” hələ iyun ayında yazırdı ki, həmin qanunla artıq 120-140 nəfər barəsində araşdırmalar aparılır. Bu şəxslərin əksəriyyəti postsovet ölkələrinin vətəndaşlarıdır. İlk belə hal Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva barəsində qeydə alınıb. Onu əvvəlcə həbs edib, daha sonra isə girov müqabilində sərbəst buraxıblar.
Çernuxin 2004-cü ildə “Vneşekonombank”dakı vəzifəsini itirən kimi Rusiyanı tərk edib və Londona köçüb. Onun arvadı Lyubov Britaniya Konservatorlar partiyasının səxavətli sponsoru kimi tanınır. Bir neçə il ərzində qadın partiyanın hesabına 600 min funt vəsait köçürüb.
Vladimir Çernuxin həyat yoldaşı Lyubovla
“Maxima Legal” hüquq firmasının mütəxəssisi Robert Hauçil deyir ki, Deripaska həqiqətən də Britaniya hüquq-mühafizə orqanlarına Çernuxinin varidatı haqqında kriminal xarakterli məlumatlar ötürsə, bununla əlaqədar iş başlana bilər. Lakin həmin işin Deripaska ilə Çernuxinin çəkişməsinə necə təsir edəcəyini söyləmək çətindir. Qarşı duran tərəflərin xarakter cizgiləri nəzərə alınarsa, demək olar ki, məhkəmə varidatın mənbəyi ilə bağlı işi tərəflərdən hansına daha çox etibar etməli olduğu kimi yoza bilər. Hüquqşünasın sözlərinə görə, bu cür yanaşma Deripaskanın xeyrinə də ola bilər, ziyanına da.
Məhkəmə prosesi isə davam edir və Deripaskanın Çernuxinə qarşı topladığı kompromatın taleyi hələlik dəqiq aydın deyil.(virtualaz)