İBN SİNA ÜSTÜNDƏ YENİ MƏDƏNİ SAVAŞ –Farslar onun "türk həkim" kimi təqdimatından narazıdırlar
Azər Sədarət
“Xorasan” qəzeti (İran)
Bir neçə gün əvvəl kiberməkanda çox qəribə bir foto peyda olub və əksər iranlılarda heyrət yaradıb: Türkiyə universitetlərindən biri (Ankara Universiteti tibb fakültəsinin İbn Sina Xəstəxanası – tərc.) önündə İranın məşhur mütəfəkkiri və böyük filosofu olan Əbu Əli İbn Sinanın heykəli və onun üzərində “Böyük Türk Həkimi” yazısı!
Yenixeber.org: İbn Sinanın türk təbibi, alimi, filosofu və şairi kimi təqdim edən virtual aləmdəki sözügedən foto, – İran vətəndaşları və rəsmilərinin də sosial şəbəkələrdə iştirakı nəzərə alınmaqla, – Türkiyədə, o cümlədən Ankarada belə hadisələrin illərlə baş verdiyini göstərir.
Hərçənd hələ beş il əvvəl “TRT” televiziyası “Tarixin unudulmaz türk şəxsiyyətləri” proqramında Əbureyhan Biruni, Fərabi və İbn Sinanı bu ölkənin yetirmələri və türk tarixinin məşhurları kimi təqdim edib.
Maraqlıdır ki, Türkiyədən başqa, Özbəkistan da İbn Sinanı özbək dühasıolduğunu iddia, BBC isə bir proqramında onu “ərəb alimi” kimi təqdim edib.
Amma bütün həmin müddət ərzində bu böyük İran aliminin tərcümeyi-halının nəzərdən keçirilməsi, tarixin şahidliyi ilə birgə, sözügedən ölkələrlə heç bir əlaqəsinin olmadığını sübut edir.
Həkim (bu söz “filosof”, “mütəfəkkir” mənası daşıyır – tərc.) miladi tarixlə 980-ci ildə Buxara şəhərində dünyaya gəlib. Onun atası Samani dövlətinin mənsəb sahiblərindən və əslən, buxaralı deyil, Bəlx şəhərindən olub.
Hər iki şəhər – həm Buxara, həm də Bəlx o zamanlar coğrafi İranın bir hissəsi, eyni zamanda, farsdilli məkanlar olduğu üçün Əbu Əli İbn Sinanın iranlı, farsdilli mənşəyi inkar edilə bilməz.
450-dən çox kitabın, əsasən, ərəb dilində yazılmasından və bu əsərlərin yalnız 30-dan çoxunun farsca qələmə alınmasından asılı olmayaraq, həmin kitabların ərəbcə olması o zamanlar İslam coğrafiyasında bu dilin üstün mövqeyindən irəli gəlir.
İndi bilinməsi daha vacib olan budur ki, bütün tarixi sənədlər aydın şəkildə Əbu Əli İbn Sinanın əslən iranlı və farsdilli böyük alim olduğunu isbatladıqda, türklərin belə bir əcaib yazılı heykəl ucaltması Türkiyənin Əbu Əliyə ciddi iddiası, onu ölkənin qeyri-maddi irsindən biri sayması və Türkiyənin bu iddianı UNESCO-nun Dünya Qeyri-Maddi və Maddi İrs Siyahısında qeyd etmək niyyətinə xəbərdarlıqdır.
Qeyri-maddi və maddi irsin qeydiyyatı
Birləşmiş Millətlər Təşkilatının Elmi, Mədəniyyət və Təhsil Təşkilatı olan və qısaca UNESCO adlanan qurum 1945-ci ildə təsis edilib və BMT-yə bağlı törəmə təşkilatlardan biridir.
Qurumun dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə yardımçı olması nəzərdə tutulub. Həmçinin mədəniyyət və təhsil sahələrində də beynəlxalq əməkdaşlıq formasıdır.
İran da daxil olmaqla, 195 üzvü olan UNESCO-nun qərargahı Parisdə (Fransa) yerləşir.
Qurumun Dünya İrsi bölümü hər il bir komitə tərəfindən qeydə alınan tarixi və təbiət nümunələri və ya mənəvi konsepsiyalar toplusu saxlancıdır – Dünya İrsi Siyahısı.
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilənlərin bir qismi maddi, digərləri isə, məsələn, adətlər, ənənələr və s. qeyri-maddidir.
Siyahıya alınan irslərə qlobal diqqət yetirilir. Bu konvensiyaya əsasən, UNESCO dövlətlərin üzərinə öz tarixi, təbiəti və mədəni irslərini və ya mənəvi məkanlarını qorumaq öhdəliyi qoyur və qlobal irs milli mənşə və irqdən asılı olmayaraq, bütün bəşəriyyətə məxsusdur.
Qeydiyyatdan sonra bu işlərin qorunması bütünlüklə həmin ölkənin yurisdiksiyasında qalır və bütün üzv dövlətlər ona görə məsuliyyət daşıyırlar.
Milli eyniyyətimiz
Bunu bilməkdə ziyan yoxdur ki, Türkiyənin İbn Sina ilə bağlı iddiası müstəsna yenilik deyil. Son on ildə xüsusilə UNESCO-nun Siyahısına daxil edilən bəzi mənəvi irs və tarixi şəxsiyyətlərə mülkiyyət hüququ ilə əlaqədar İran və digər ölkələr arasında mədəni döyüşlər gedib.
2006-cı ildə Qlobal İrs Siyahısında İran mənəvi irsini qorumaq barədə qərar verilib. Lakin bu mübahisələrdən sonra bəzi mənəvi irs və tarixi şəxsiyyətlərin bir hissəsi müştərək irs olaraq qeyd olunub, lakin bəzi ölkələr onların adlarını yalnız özlərinə aid edirlər.
Buna görə də, rəsmilər və mədəni irsin qorunmasına cavabdeh olan şəxslərə bu irsin müəyyən mühüm hissəsinin tariximiz və milli eyniyyətimizi formalaşdıran mədəni mirasımız olduğu bir-bir xatırladılmalıdır.
Kaş mirasımızın mühafizəsinə cavabdeh olan şəxslər vəzifələrinin icrasına ürək yanğısı və çalışqanlıq göstərəydilər.
Tərcümə: Strateq.az