Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Yaz depressiyası nədir və ondan necə qurtulmalı?

Yaz depressiyası nədir və ondan necə qurtulmalı?

 

 

Yaz mövsümü başlayan kimi, yaz depressiyası da özünü göstərməyə başlayır. Ümumiyyətlə, mövsümi depressiyalar arasında payız və yaz depressiyaları xüsusi yer tutur. Mütəxəssislərin fikrincə, payız və yaz depressiyasının fərqi ondadır ki, payız zamanı insanda daha çox yorulma, zövq almamaq, istəksizlik halları müşahidə olunsa da, yaz depressiyası zamanı əsəbilik, tez qıcıqlanma, aqressivlik, işə getməkdən imtina kimi əlamətlər müşahidə edilir

 

Yenixeber.org: Depressiyaya səbəb kimi günəş şüalarının təsirindən orqanizmdə yaranan melatonin hormunu miqdarında olan dəyişikliyi göstərilir. Hansı ki, bu hormon insanın əhval-ruhiyyəsini tənzimləyir. Digər hormon isə "xöşbəxtlik hormonu" adlandırılıan serotonin maddəsidir ki, mövsüm depressiyalarında bu hormonun rolu mövcuddur. Belə ki, yaz mövsümündə  insanın beynində serotoninin miqdarında azalma baş verir və bu da insanda depressiya yaradır.

Digər psixoloji səbəb isə adaptasiya ilə bağlı olduğu bildirilir. Yazda bəzi insanlarda belə bir hiss yaranır ki, onlar sanki yeni bir dövrə başlaya bilməyəcək, hər şeyin sonudur və bundan sonra nə edəcəklərini bilmirlər. Bu cür vəziyyətin bioritmlərdən asılı olduğu, məhz bioritmlərin təsirindən fəsillər əhvalımıza fərqli təsir etdiyi bildirilir. Fəsillər dəyişəndə insanın əhvalı, emossional fonu da dəyişir. Bu dəyişikliklər orqanizmdə müəyyən hormonların kəskin dəyişməsi ilə bağlıdır. Xüsusilə də fəsillərin növbələşməsi ilə əlaqədar hormonların kəskin dəyişməsi qadınlarda daha çox müşahidə olunur.

Bəs yaz depressiyasından necə qurtulmaq olar? Milli.Az bildirir ki, mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov "Yeni Müsavat"a danışdı: "Mövsüm dəyişməsi ilə bağlı olaraq həssas insanlarda əhval pozğunluqları ola bilər. Yəni, həm yaxşı, həm də pis əhval yaranır. Məsələ burasındadır ki, bu cür dəyişikliklər daha çox payız və yaz aylarına təsadüf edir. Bu psixologiyadan daha çox əziyyət çəkən, narahat olan insanlarda daha çox özünü büruzə verir. Daha çox metrohəssas insanlarda fəslin dəyişməsi əhvalın dəyişməsinə səbəb olur. Elə insanlar var ki, yaz-payız depressiyalarında əhvalları daha çox neqativə yönlənir".

Psixoloq qeyd edib ki, əgər yaz depressiyası 3-5 gündən artıq davam edərsə, mütləq şəkildə tədbir görmək lazımdır: "Əgər bu hal 3-5 gündən sonra çəkilib gedirsə, bundan narahat olmaq olmaz. Yox əgər xroniki hal alırsa, həftələrlə davam edirsə, tutaq ki, əli heç bir işə qalxmırsa, bütün günü evdə qapanıb qalırsa, ətrafı ilə ünsiyyət qurmur, telefonlara cavab vermirsə və digər bu kimi hallar müşahidə olunursa, deməli, bu, siqnal kimi dəyərləndirilməli, aradan qaldırmağa çalışmaq lazımdır. Bunun üçün insan özü konkret addımlar atmalıdır. Özü bu durumdan çıxa bilmirsə, yaxşı olardı ki, mütəxəssisə müraciət etsin. Düşünürəm ki, insan özü burda daha çox çalışmalı, açıq havada daha çox vaxt keçirməli, sevdikləri, doğmaları ilə daha çox zaman keçirməlidir. Belə olan halda insan depressiyaya düşmür, düşsə bu halda tezliklə qurtula biləcək".

Elnur Rüstəmov depressiyanın fəsadlarından da söz açdı: "Bizi narahat edən əsas məsələ depressiyanın yaratdığı sonrakı fəsadlardır. Bu həm fərdin ətrafı ilə ünsiyyətinə təsir göstərir, həm də bəzi psixoloji xəstəliklərin yaranmasına rəvac verir. Məlum olduğu kimi, depressiya bir xəstəlikdir və nəzəriyyədə də xəstəlik kimi qəbul olunub. Bir çox bədbəxt hadisələr var, hansı ki, biz onlara tez-tez mətbuatda rast gəlirik, onların əksəriyyəti depressiyadan əziyyət çəkən insanlardadır. Onlar sonradan öz durumlarını çıxılmaz bir vəziyyət kimi qəbul edir, həyatın sonu kimi dəyərləndirir və xoşagəlməz addımlar atırlar. Onu da qeyd etmək istəyirəm ki, bir çox fiziki xəstəliklərin yaranmasında depressiyanın özü çox böyük rol oynayır. Bu gün stressdən, depressiyadan dolayı bir çox xəstəliklərin kökündə həmin psixi pozğunluqların təsirini görürük. Buna görə də mütləq şəkildə tədbir görmək lazımdır.

İmkan vermək olmaz ki, bu cür neqativlər insanın şüuraltında möhkəmlənsin. Çünki sonradan insan yenidən bəhanə axtaracaq ki, depressiyaya düşsün. Beləliklə, fərddə həyata neqativ baxışlarla baxır. Yaxşı olaylar olanda onu keçici, pis olay olanda isə onu davamı kimi qəbul edir. Nəticədə düşüncə tamamilə mənfi tərəfə inkişaf etməyə başlayır. Bu gün cəmiyyətimizdə bu cür insanlarla tez-tez rastlaşırıq. Yəni, görürük ki, sağlamlığı, hər şeyi yerindədir, amma həyata pozitiv baxa bilmir, hər şeydən narazıdır, daim özünə qapanır. Bu da zaman keçdikcə problemlərə yol açır. Belə bir deyim var ki, gözəl düşünən, gözəl də görər. Problem insan üçündür. Yəni, harada insan varsa, orada problem var. Lakin  problemə baxış tərzi - bu, artıq fərdin özündən asılıdır".

Ümumiyyətlə isə araşdırmalara görə, dünya əhalisinin 110 milyon nəfərdən çoxu depressiyadan əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə isə, real rəqəm bundan 3 dəfə çoxdur. Hesablamalar göstərir ki, ümumi profilli klinikalara müraciət edənlərin 40 faizə qədəri depressiyalı xəstələrdir. Onların isə cəmi 10-15 faizinə düzgün diaqnoz qoyulur. Depressiyadan əziyyət çəkən insanların, demək olar, yarısı isə həkimə müraciət etmir. Məhz bu səbəbdən fəsadlaşmış, xroniki hala keçmiş, somatik formalarda üzə çıxan depressiyalar hər gün artmaqdadır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam