“Azərpoçt” MMC-yə qəribə baş direktor təyinatı -"Vəzifəni Sübhan Kazımov icra edir"
Məlum hadisələrlə bağlı Azərbaycanda diqqət mərkəzində olan nazirliklərdən biri də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.
Yenixeber.org: İctimaiyyət arasında daha çox Rabitə Nazirliyi adlanan bu qurumun rəhbərliyində təmsil olunanların əksəriyyəti işdən çıxarıldığından, bir hissəsi hətta həbsə alındığından yenilərilə əvəzlənir.
Rəhbəri həbsə alınan Rabitə Nazirliyinin tərkibindəki qurumlardan biri də “Azərpoçt” MMC-dir. Bu şirkətin sabiq baş direktoru Qəmbər Bəybalayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Hazırda məhkəməsi gedən Qəmbər Bəybalayev korrupsiya və külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Ancaq maraqlıdır ki, “Azərpoçt” MMC-də belə böyük miqyaslı qanunsuzluqların baş verdiyi dövrdə qurumun rəhbərliyində təmsil olunanların əksəriyyəti öz postlarını qoruyub saxlaya biliblər. Hətta Qəmbər Bəybalayev həbs olunana qədər ona müavinlik etmiş (2004-cü ildən) Sübhan Kazımov hazırda Baş direktorun vəzifəsini icra edir. Elə bir məlumat fonunda diqqətimizi çəkən məsələ də elə budur.
Məsələ ondadır ki, bu il mart ayının 30-da Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə “Azərpoçt”un Baş direktoru vəzifəsinə Ülvi Mansurov təyin edilib. Ülvi Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.
Qeyd edək ki, Açıq Ensiklopediya olan “wikipedia” da Ülvi Mansurovla bağlı məlumatda da onun 30 mart 2017-ci ildən “Azərpoçt” MMC-nin Baş direktoru vəzifəsində çalışdığı qeyd edilir. Ancaq maraqlıdır ki, “Azərpoçt” MMC-nin rəsmi vebsəhifəsində rəhbərlər arasında Ülvi Mansurovun adı yoxdur. Qurumuun rəsmi saytında hazırda Baş direktorun vəzifəsini Sübhan Kazımovun icra etdiyi göstərilir. Əlbəttə, ilk baxışda bu texniki xəta və ya qurumun saytında həmin bölmənin yenilənməməsi kimi görsənə bilər. Ancaq belə deyil.
Belə ki, Rabitə Nazirliyinə yaxın mənbələrdən “AzPolitika.info”ya daxil olan məlumata görə, Ülvi Mansurov “Azərpoçt” MMC-nin Baş direktoru təyin olunsa da, sənəd üzərində bu vəzifənin hələ də Sübhan Kazımov icra edir. Məlumata görə, Ülvi Mansurov direktor kimi işə gəlir, göstərişlərini verir, nazirliyin tədbirlərinə qatılır, yəni faktiki rəhbərliyi həyata keçirir. Ancaq rəsmi sənədləri imzalaya, təyinatlarla bağlı öz adından qərarlar verə bilmir. Bu işlər Sübhan Kazımovun imzası ilə həyata keçirilir.
Bunun səbəbi isə qanunla Ülvi Mansurovun müəyyən müddət rəhbər vəzifə tutmasına qadağanın qoyulmasıdır.“AzPolitika.info”nu məlumatlandıran mənbənin sözlərinə görə, Ülvi Mansurov 2012-ci ildən 2015-ci ilə qədər “Bank Technique” İdarə Heyətinin sədri vəzifəsində işləyib. O, 2015-ci ildən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib. Onu bu vəzifəyə Cahangir Hacıyevdən sonra Beynəlxalq Banka qısa müddət rəhbərlik etmiş Elmar Mənmədovun gətirdiyi xəbəri yayılmışdı. Elə görünür onunla bərabər də bankdan uzaqlaşdırılıb.
Mənbənin sözlərinə görə, Ülvi Mansurov vəzifədən xüsusi maddə ilə çıxarılıb. Hansı ki, bu maddə onun müəyyən müddət rəhbər vəzifə tutmasını qadağan edir. Bu üzdən də Ülvi Mansurov “Azərpoçt” MMC-nin Baş direktoru təyin olunsa da, rəsmi olaraq vəzifəsinin icrasına başlaya bilmir.
Qəribə və bir o qədər də gülünc olan bu fakt Azərbaycanda bir çox sahələrdə kadr siyasətinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu əyani göstərir. Təyinatların şəxslərin fəaliyyətinə, əvvəlki işlərdəki nəticələrinə görə deyil, hansısa maraqlar daxilində baş tutduğunu təsdiqləyir. Hər halda Rabitə Nazirliyinin əsas strukturlarından birinə “Baş direktor” təyinatı həyata keçirilərkən, Ülvi Mansurova rəsmən vəzifə tutmağın qadağan edilməsinin nəzərə alınmaması belə düşünməyə əsas verir.
Maraqlıdır, hörmətli nazir Ramin Quluzadə bu təyinatı imzalayarkən Ülvi Mansurovun şəxsi işini gözdən keçirməyib, yoxsa buna əhəmiyyət verməyib? Ülvi Mansurovla bağlı belə problem olduğu halda niyə məhz onun bu vəzifəyə təyinatını həyata keçirib? Problem yoxdursa, niyə Ülvi Mansurov rəsmən vəzifəsinin icrasına başlaya bilmir?
Hər halda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu suallara aydınlıq gətirəcəyini gözləyirik.