13 İLDƏ 40 MİLYARDI KİMLƏR “YEDİ”? –ARAŞDIRMA
“Bu vəsaitlərin xərclənməsinə faktiki olaraq nəzarət mexanizmi olmayıb. Ona görə də belə bir şərait yaranıb“
Xeberinfo.com: Bu günlərdə mediada yayılan bəzi rəqəmlər ictimaiyyət tərəfindən təəccüblə qarşılandı. Belə ki, statistikaya görə, 2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində 39,5 milyard manat vəsait xərclənib. Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib. O bildirib ki, Prezidenti İlham Əliyev 2016-cı il ərzində respublikanın bölgələrinə 23 dəfə, bəzi rayonlara hətta iki dəfə səfər edərək 64 yeni obyektin açılışında iştirak edib.
Lakin təəccüblü məqam budur ki, 39,5 milyard vəsaitin xərcləndiyi Azərbaycan regionlar hazıra sosial problemlər məngənəsində sıxılır. Əhalinin məşğulluq problemlərinin həddi-hüdudu yoxdur. Kənd təsərrüfatının inkişafı lokal ehtiyacları ödəməyə belə yetmir. Strateji məhsulların əkilməsinə isə yalnız son illər ölkə başçısının tapşırığından sonra başlanılıb. Regionlarda təhsil və səhiyyənin vəziyyəti ilə bağlı da yetərincə çatışmazlıqlar var. Bəs, vəziyyət belə ikən bu 40 milyard manata yaxın vəsait haraya xərclənib?
İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, böyük neft pulları dövründə regionlara kifayət qədər böyük həcmdə vəsait xərcləndi: “Müəyyən infrastruktur layihələri həyata keçirildi. Fiziki olaraq rayonlarda bəzi dəyişikliklər baş verdi, məktəblər, yollar təmir olundu, xəstəxanalar, diaqnostik mərkəzlər açıldı. Sadəcə olaraq bu kəmiyyət dəyişiklikləri keyfiyyət dəyişikliklərinə səbəb olmadı. Burada hansısa korrupsiya elementlərinin olması başqa bir problemdir. Çünki vəsaitlər kifayət qədər qeyri-effektiv xərclənib. Bu infrastruktur dəyişiklikləri və investisiyalar regionların sosial-iqtisadi inkişafına, keyfiyyət dəyişikliyinə səbəb olmalı idi. Bu qədər vəsaitdən sonra regionlar ölkənin ümumdaxili məhsulunun formalaşmasında, ölkənin ixracat potensialınınartmasında rol oynamalı idi, büdcənin formalaşmasına təsir etməli idi”.
Ekspertin sözlərinə görə, rəsmi rəqəmlər də sübut edir ki, büdcənin cəmi 3 faizdən bir qədər çoxu regionlarda formalaşır: “Xarici ticarətdə regionların payı heç 5 faizə çatmır. Bu tipli makroiqtisadi göstəricilər onu sübut edir ki, 40 milyard manata yaxın investisiyadan sonra regionlarda keyfiyyət dəyişikliklərinə nail olunmayıb. Bu qədər vəsaitdən sonra regionların Azərbaycanın iqtisadi-sosial həyatında rolu böyüməli idi. Bu baş vermədi. Regionlardan Bakıya köç azalmalı idi, bu da baş vermədi. Yenidən sosial vəziyyətin ağırlaşması ilə bağlı son illərdə Bakıya köçün sürəti artdı. Azərbaycan regionlarından başqa ölkələrə iş dalınca gedənlərin sayı çoxaldı. Bütün bu faktorlar onu deməyə əsas verir ki, xərclənən pullar müəyyən kəmiyyət dəyişikliklərinə, infrastrukturun yenilənməsinə gətirib çıxartsa da, xalqın və vətəndaşın rifahına müsbət anlamda təsir göstərmədi”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da qəzetimizə danışarkən bu vəsaitlərin aidiyyəti üzrə xərclənməsində problemlərin yaşandığını vurğuladı: “2004-cü ildən bu yana regionların iqtisadi inkişafına 39,5 milyard manat vəsait xərclənib. Bu daha çox regionların infrastruktur təminatına, qaz, elektrik və su xətlərinin çəkilişinə, eləcə də yolların təmirinə xərclənib. Ancaq onu da demək lazımdır ki, bu çox böyük vəsaitdir. Bu pulların xərclənməsinə ciddi nəzarət olsaydı, əlbəttə regionlarda əlavə iş yerləri yaratmaq olardı. Bizim bölgələrimizdə iş yerləri ilə əlaqədar bu qədər problem olmazdı. Bu vəsaitlərin xərclənməsinə faktiki olaraq nəzarət mexanizmi olmayıb. Ona görə də belə bir şərait yaranıb. Hökumət məcburdur ki, regionlarda əlavə iş yerləri açsın, əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün əlavə vəsait xərcləsin. Hazırda bu çox ciddi məsələdir. Ümumiyyətlə, sözügedən vəsaitin ötən 13 il ərzində necə xərclənməsinin mexanizmi öyrənilməlidir. Müəyyən edilməlidir ki, vəsaitlər niyə aidiyyəti üzrə xərclənməyib, hansı mərhələlərdə problem olub”.
Deputatın sözlərinə görə, artıq hansı bölgələrin hansı strateji məhsulları yetişdirəcəyi bəllidir. Bundan sonra ayrılan vəsaitlər məhz həmin sahələrin inkişafına yönəldilməlidir: “Ümumilikdə, Azərbaycanda 9 iqtisadi zona müəyyən edilib və hər bölgəyə uyğun olaraq müəyyən kənd təsərrüfatı məhsullarının becərilməsi nəzərdə tutulub. Məsələn, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz əkini, üzümçülük, tütünçülük və sair sahələr regionlar üzrə bölüşdürülüb. Bundan sonra ayrılacaq vəsaitlər məhz bu sahələrin inkişafına yönəldilməlidir. Hazırda kənd təsərrüfatına nəzarət həddindən artıq ciddidir, çox sərt nəzarət mexanizmi həyata keçirilir. Bu mənada bayaq sadaladığımız sahələrin inkişafına böyük vəsaitlər xərclənir. Bu vəsaitlərin paylanmasının mexanizmini müəyyənləşdirmək, subsidiyaların, dotasiyaların üzərinə nəzarət mexanizmini qurmaq olar. Biz hazırda Hesablama Palatası ilə bağlı qanun layihəsiz üzərində işləyirik. Bu qanun layihəsini qəbul etməkdə məqsədimi, dövlət tərəfindən ayrılan vəsaitin xərclənməsi üzərində nəzarət mexanizmini daha da gücləndirməkdir”.