PAŞA Bank devalvasiyadan nə qədər qazanıb?
Bankın rəsmisi OCCRP-yə cavab verdi, amma özünü dolaşdırdı
Xeberinfo.com: PAŞA Bank 2015-ci ildə aktivlərinin baş vermiş devalvasiyalara görə “şişmədiyini” açıqlayıb.
Dünən keçirilmiş mətbuat konfransında Bankın Idarə Heyətinin sədr müavini Xəyalə Nağıyeva bildirib ki, 2015-ci ilidə PAŞA Bankın cəmi aktivləri 80 faiz artaraq 31 Dekabr 2015-ci il tarixinə 2 milyard 292 milyon 739 min manat təşkil edib. “Bu artımın böyük bir hissəsi devalvasiyalardan qaynaqlanmayıb, biznesin genişlənməsi hesabına baş verib. Artımın 59 faizi biznesin genişlənməsi, 41 faizi isə devalvasiyalardan sonra aktivlərin yeni məzənnə ilə qiymətləndirilməsindən yaranıb. PAŞA Bankın aktivlərinin 60 faizi Azərbaycan manatındadır” (“Marja”).
Xatırladaq ki, bir neçə həftə əvvəl Korrupsiya və Mütəşəkkil Cinayətləri Araşdırma Mərkəzinin (OCCRP) yaydığı araşdırma materialında bildirilirdi ki, ölkə başçısı Ilham Əliyevin ailəsi 2015-ci ildə manatın devalvasiyasından on milyonlarla dollar əldə edib. Həmçinin ailəyə yaxın iş adamları 2015-ci ildə manatın devalvasiyaından bir neçə həftə və gün öncə keçirilən tranzaksiyalarda ən azı 64 milyon dollar əldə ediblər.
2015-ci ilin fevralında Azərbaycan Mərkəzi Bankı milli manatı dollara nisbətdə təxminən üçdə bir hissə devalvasiya edib, 2015-ci ilin dekabrında isə üzən məzənnəyə keçib ki, nəticədə manat bir gün içində daha 50 faiz ucuzlaşıb.
OCCRP-nin diqqətini üç bank – Caspian Development Bank, AtaBank və PAŞA Bank vasitəsilə həyata keçirilən tranzaksiyalar çəkib. Materialda bildirilirdi ki, həmin bankların sahibləri Əliyevlər ailəsinə yaxın biznesmen Əşrəf Kamilov və ya Əliyevlər ailəsinin üzvüdür. Caspian Development Bank və AtaBank Synergy Groupa bağlıdır ki, bu da Ə.Kamilova məxsusdur, PAŞA Banka isə Azərbaycan prezidentinin qızları nəzarət edir.
Materialın PAŞA Bankla hissəsində bildirilir ki, 2015-ci ildə bu bankın valyuta əməliyyatlarından və məzənnə fərqlərindən gəliri 35,9 mln. manat (təxminən 28 mln. dollar) – bir il əvvəlki göstəricilərdən altı dəfə çox təşkil edib. Amma bank konkret tranzaksiyalar haqqında hesabat verməyib, buna görə onun bu gəliri hansı şəraitdə əldə etdiyini demək çətindir.
Xəyalə Nağıyevanın açıqlaması gec də olsa əslində OCCRP-nin materialına cavabdır. Lakin göründüyü kimi hətta PAŞA Bank-ın rəsmisi də gəlirlərin 41 faizinin devalvasiya ilə bağlı olduğunu etiraf etmək məcburiyyətində qalıb. Yerdə qalan 59 faizə gəlincə, Xəyalə Nağıyeva iddia edir ki, bu biznesin genişlənməsi hesabına baş verib. Azərbaycanda ümumiyyətlə biznes mühitinin olmadığı sirr deyil. Digər tərəfdən devalvasiyadan sonra iri şirkətlərin çökdüyü halda Paşa Bankın biznesini necə genişləndirməsi aydın deyil. Hətta Ilham Əliyev səviyyəsində ölkənin iqtisadi tənəzzül dövrünü yaşadığı etiraf olunub. Amma nə sirdisə PAŞA Bank belə bir vəziyyətdə biznesini genişləndirib və 59 faiz gəlir götürüb. Böyük ehtimalla bu gəlir də elə devalvasiyadan əldə olunub.(Azadliq.info)