Xarici şirkət yüz milyonlarla dolları Azərbaycandan necə çıxarıb?
Böyük Britaniyanın “AMEC Services Limited” şirkətinin Azərbaycana vurduğu zərərlə bağlı araşdırmalar davam edir.
Xeberinfo.com: Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı şirkətin fəaliyyətinin yoxlanılması üçün Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edib.
Təşkilatın rəhbəri Mirvari Qərhrəmanlı virtualaz.org saytına bildirib ki, araşdırma zamanı “AMEC Services Ltd” şirkəti ilə BP arasında bağlanmış kontrakt əsasında çalışan xarici ölkə vətəndaşlarının əslində “AMEC Global Resources” (Singapore) şirkətinin işçiləri olduğu məlum olub. “Yəni xaricilərlə mövcud bütün müqavilələr “AMEC Global Resources” (Singapore) ilə bağlanıb. Bu isə gəlir vergisindən və ödəmə mənbəyindən tutulan vergidən yayınma məqsədilə edilib”,-deyə M.Qəhrəmanlı əlavə edib.
Hüquq müdafiəçisinin sözlərinə görə, əcnəbi işçilərə əməkhaqqı “AMEC Global Resources” (Singapore) tərəfindən ödənilib. Sonradan isə “АМЕС Services Ltd. UK” yenidən bu xərcləri “AMEC Global Resources” (Singapore) şirkətinə qaytarırdı. “АМЕС Services Ltd. UK” və “AMEC Global Resources” (Singapore) arasında bununla bağlı müqavilə olub: “Lakın Bakıda bu sxem vergidən yayınma məqsədilə baş rəhbərlik tərəfindən qizli saxlanılıb və müvafiq yerli qurumların diqqətindən yayındırılıb. АМЕС-ın rəhbərliyi təsdiq edir ki, xarici əməkdaşlarla əmək müqavilələri “АМЕС Services Ltd. UK” ilə bağlanılıb. Yəni şirkətin xarici əməkdaşlarına əməkhaqqı birbaşa baş idarədən, yani “АМЕС Services Ltd. UK” vasitəsilə ödənilir”.
M.Qəhrəmanlı iddia edir ki, bu sxem on ildən çox müddət ərzində şirkətin mənbədən tutulan vergidən yayınması məqsədini güdüb. (5 faiz -“Azəri-Çıraq-Günəşli” müqaviləsindən və 6.5 faiz “Şahdəniz” müqaviləsindən). Belə ki, AMEC Global Resources (Sinqapur) xarici subpodatçıdır və eyni zamanda bu şirkətin işçiləri fiziki olaraq Azərbaycan ərazisindədirlər. Yəni “AMEC Global Resources” əslində Azərbaycan ərazisində fəaliyyət göstərir. Deməli bu şirkət “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” müqavilələrinə əlavə olunmuş Xarici Subpodratçıların vergiyə cəlb olunması protokoluna əsasən Azərbaycanın vergi orqanlarına mənbədən tutulan vergi ödənişini etməli idi.
“Əgər, xarici işçilərə ödənilən orta aylıq əmək haqqının ayda cəmi 4.5 milyon dollar miqdarında olduğunu nəzərə alsaq, onda 10 il ərzində bu məbləğ 540 milyon dollar (4,5 milyon vurulsun 12 ay vurulsun 10 il) təşkil edir. Deməli ödəniləcək 5 faiz vergi 27 milyon dollar olmalıdır”,-təşkilat rəhbəri belə hesab edir.
M.Qəhrəmanlı onu da qeyd edir ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” müqavilələrinə əlavə olunmuş “Xarici Subpodratçıların Vergiyə Cəlb Olunması Haqqında” Protokolun 2.1.-ci bəndinə əsasən “Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən şirkətlər Vergilər Nazirliyinə 30 gün ərzində öz fəaliyyətləri barədə məlumat verməlidirlər.
Lakin АМЕС-ın rəhbərliyi bu barədə məlumat verməyib. Bu hərəkətsizlik külli miqdarda vergidə yayınma məqsədinə xidmət edir: “AMEC Global Resources” şirkəti öz filialını Azərbaycan Respublikasında yalnız 2011-ci ildə açıb. Ancaq buna baxmayaraq “АМЕС Services Ltd” yuxarıda qeyd olunan vergi yayınmasını davam etdirdi. “АМЕС Services Ltd” AIOC, BP (Caspian Sea) və BP (Shakh-Deniz) şirkətləri arasında bağlanan müqaviləyə əsasən, AMEC–in bütün xərcləri 5 faizdən 7 faizədək ticarət əlavəsi ilə bu şirkətlər tərəfindən ödənilir. Lakin AMEC üçün bu mənfəət yetərli olmadı, bu vaxt BP-nin təmsilçiliyində yerli və xarici müştəri faktura maxinasiyaları başlandı”.
AMEC-BP müqavilələrində bütün işçilərin üç intervalda əmək haqları- minimum əmək haqqı, orta əmək haqqı, maksimum əmək haqqı nəzərdə tutulmuşdu. AMEC isə işçilərə minimum əmək haqqı, ən yaxşı halda orta əmək haqqı ödəyirdi, lakin BP-yə yüksək əməkhaqqı ölçüsü ilə hesabat verirdi. Bundan əlavə, AMEC BP-yə hesabat verərkən maaşları daha 40 faiz artırıdı ki, daha çox qanunsuz gəlir əldə etsin.
“Hesablamalara görə, personal üçün çəkilən xərcləri süni surətdə artırmaqla sifarişçiyə təqdim olunan vəsait ay ərzində 900 min dollar həcmindədir. Şirkətin 13 illik fəaliyyəti müddətində bu vəsait 140 milyon 400 min dollar həcmindədir. Bundan əlavə, bu məbləğdən həm də vergi də ödənilmirdi. Təbii ki, nəticədə bütün bu vəsait Azərbaycan nefti ilə əvəz olunurdu. Buna mütənasib olaraq, nəticədə, Hasilatın Pay Bölgüsü Sazişi üzrə həm podratçı tərəflərin həm də Azərbaycanın payına düşən gəlirə əhəmiyyətli dərəcədə təsir edib”,-deyə M.Qəhrəmanlı bildirir.
Hüquq müdafiəçisi onu da deyir ki, müxtəlif səviyyədə auditlərin keçirilməsinə baxmıyaraq, başda Riçard Rippon Sveyn olmaqla şirkətin çoxpilləli rəhbərliyinin fəaliyyətinin hərtərəfli yoxlanılmasına ehtiyac var. Onun sözlərinə görə, hüquq mühafizə orqanları, Vergilər Nazirliyi, Dövlət Miqrasiya Xidməti və başqa müvafiq qurumlar AMEC şirkətinin baş ofisində bu maxinasya faktları ilə bağlı araşdırma aparmalıdır.
M.Qəhrəmanlı deyir ki, belə faktlar Azərbaycan ərazisində fəaliyyət göstərən başqa şirkətlərdə də müşahidə oluna bilər.
Qeyd edək ki, “АМЕС Services Ltd şirkəti” 2001-ci ilin may ayından etibarən Azərbaycan Respublikası ərazisində mühəndis texniki layihələndirmə , texniki xidmət, modifikasiya, dizayn sahələrində xidmət göstərir. Şirkət Azəri ,Çıraq, Günəşli neft və Şah-Dəniz qaz yatagının istismarı ilə məşgul olan ABƏŞ, BP (Caspian Sea), BP (Şah-Dəniz) şirkətlərinin subpodryadçısıdır. Ricard Rippon-Sveyn АМЕС Services Ltd şirkətinin Azərbaycan Respublikasında rəsmi nümayəndəsidir. Hazırda şirkət Azərbaycan Respublikasında “АМЕС Foster Wheeler” adı altında fəaliyyət göstərir və rəhbəri həmin Ricard Rippon-Sveyndir.
Virtualaz.org