Tektonik silah gerçəkdirmi? - Türkiyədə minlərlə insanı nə öldürdü?- ARAŞDIRMA
“Türkiyədə baş verən zəlzələ təbii hadisədir”.
Yenixeber.org: Bunu bir neçə gün öncə keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
“1990-cı ildə İranda zəlzələ olanda sovet hakimiyyətindən icazə aldıq, 17 nəfərlik heyətlə onlara kömək etdik. Onda iranlılar deyirdilər ki, bunu Allah törədir, bəziləri də deyirdilər ki, amerikalılar süni şəkildə edirlər. Lakin süni ilə təbii zəlzələni biz ayıra bilirik. İndi də bir çoxları deyirlər ki, Türkiyədə baş verən zəlzələ süni halda törədilib. Lakin bu, belə deyil, Türkiyədəki zəlzələ təbii hadisədir”.
Bu fikrin səslənməsinə baxmayaraq, hadisənin tektonik silah tətbiqi ilə meydana gəldiyi barədə məlumatlar var. Bir çox insan Türkiyədəki zəlzələnin süni olduğunu bildirir. Lakin mütəxəssislər süni ilə təbii zəlzələni bir-birindən ayırmağın mümkün olduğunu söyləyirlər.
Maraqlıdır, süni ilə təbii zəlzələni necə ayırd etmək olar?
Mövzu ilə bağlı açıqlama verən memar Cahid Həsənovun sözlərinə görə, titrəyiş müddətinə görə zəlzələnin təbii və ya süni olduğunu bilmək mümkündür:
“Zəlzələlərin təbii və ya süni olması ilə bağlı söz-söhbətlər dolaşır. Ekspertiza rəyləri olmadan bunu demək düzgün deyil. Araşdırma aparmaq lazımdır. Tarix boyu Türkiyə ən güclü zəlzələlər olan ölkələrin birinci onluğunda yerləşib. Daim bu tip zəlzələlərlə üzləşib.
Binanın uçması titrəyişin çox olması ilə əlaqəlidir. Adətən, 10-20-30-40 saniyə titrəyiş olur. Türkiyədə isə bir dəqiqə yarımdan çox olub. Titrəyiş müddəti çox olduqca bina davam gətirə bilmir. Ola bilər, zəlzələnin gücü, balı az olsun, lakin titrəyiş müddəti çox olsun. O da fəsadlara gətirib çıxarır. Buna əsasən süni olub-olmadığını tutmaq mümkündür. Əsas yeraltı titrəyişin olmasıdır”.
C.Həsənov qeyd edib ki, çökən tikililər konstruksiya baxımından möhkəm olmayan binalardır:
“Elə binalar var ki, 50 ilin binasıdır. Lakin ona heç nə olmayıb. Yeni binalar uçub. Çoxdanın binaları yerin səthinə oturub. Yeni binalar davam gətirə bilmir. Tikintisi texniki baxımdan düzgün aparılmayan binalar titrəyişlərə tab gətirə bilmir”.
Memar əlavə edib ki, bu cür faciələrin qarşısını almaq üçün bina hava şarları ilə təmin olunmalıdır:
“Ümumiyyətlə, belə hallar olur. Heç kəs sığortalanmayıb. Belə faciələrdə yeni kəşflər olmalıdır. Son 20-30 ildə maşınlarda hava şarı (kisəsi) kəşf olundu. Maşına zərbə dəyəndə hava şarı (kisəsi) açılır. Və ya təyyarə eniş qəzası edəndə sərnişinlər hava şarı ilə evakuasiya oluna bilirlər. Hava şarı binaların sağ və ya sol künclərində ola bilər. Yeni nəsil texnologiyalara ehtiyac var. Bununla ən azı özlərini xilas edə bilərlər.
Bununla yanaşı, inşa edilən binalarda insanlar oksigen balonu ilə təmin olunmalıdırlar. Dağıntı altında qalanlar havasızlıqdan ölürlər. Qaçmağa macal tapmırlar. İlk xilasedici vasitə odur. Artıq bunu təklif etmək lazımdır”.
Kimyaçı Türkan Bədəlova da Türkiyədə baş vermiş zəlzələnin təbii olduğunu deyib:
“Bu, süni deyil. Qısa zamanda tektonik silahı yaratmaq reallığa uyğun deyil. Sadəcə olaraq, Türkiyə seysmik zonadır. Yaponiyalı mütəxəssis çıxışında demişdi ki, “Yaponiyadakı zəlzələ ilə Türkiyədəki zəlzələ bir deyil”. Çünki o, daha dərindən gəlir. Türkiyədəki zəlzələ yerin üst qatına daha yaxın olub. Bu səbəbdən dağıntı çox olub.
Kimyəvi cəhətdən o cür silahları yaratmaq mümkün olsa belə, neçə yüz atom bombasının gücünə ekvivalent dağıntılar oldu. Onu da qısa müddət ərzində yaratmaq mümkün deyil”.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi Şöbəsinin rəhbəri, elmlər doktoru, dosent, geofizik, seysmoloq Qulam Babayevin sözlərinə görə, bundan sonra Türkiyənin digər bölgələrində də güclü zəlzələ baş verə bilər:
“Süni və təbii zəlzələni ayırd etmək mümkündür. Bu, dünyada mövcuddur. Lakin hesab edirəm ki, Türkiyədə baş verən zəlzələ o istiqamətə aid deyil. Plitələrin toqquşması nəticəsində baş verən zəlzələdir. Böyük plitə tektonik hərəkətə gəlib. Türkiyənin digər bölgələrində də güclü zəlzələ baş verə bilər. Zəlzələ nəticəsində plitələr bir sistem üzrə hərəkətə gəlib”.
Q.Babayev əlavə edib ki, binalarda tikinti zamanı bünövrə əmsalı nəzərə alınmayıb:
“Burada inşaat problemləri var. Tikinti zamanı bünövrə əmsalı nəzərə alınmayıb. İnsanları zəlzələ öldürmür. Binanın dağıntıları altında qaldığı üçün ölüblər. Bəzi binalarda çat qalsa da, yerin üzərindədir. Bəziləri təmiz çökdü. Tikinti prosesi düzgün aparılmayıb. Zəlzələ nəzərə alınmayıb. Ərazi ilə tanışam. O ərazi təhlükəlidir. Zəlzələ iki plitə arasında baş verib, bu səbəbdən təhlükəsi çoxdur. Problem inşaatdadır”.