Yenixeber.org: Füzulidə, Horadiz avtovağzalının qarşısında quraşdırılmış lövhə buradan Zəngilana qədər məsafəni göstərir – 86 km. İlk baxışdan o qədər uzun məsafə deyil, amma bu yolu maneəsiz getmək olmur, çünki Cəbrayılın işğaldan azad edilmiş Şükürbəyli kəndindən sonra yol şərtləri sərnişin nəqliyyatı üçün əlverişli deyil.
Yol barəsində Cəbrayıl və Qubadlıya səfər yazısında ətraflı məlumat vermişdik. Bu rayonlara səfərdən sonra iki dəyişikliyin şahidi olduq: Şükürbəyli kəndinə qədər asfalt döşənib və Cəbrayılın içərilərinə doğru irəlilədikcə yol kənarlarında ağ işıq dirəkləri quraşdırılıb.
Cəbrayılın işğaldan azad olunmuş Niyazqullar kəndini keçdikdən sonra iki yolayrıcına çatırıq. Soldakı yol Zəngilana gedir. Avtomobil yöndəmsiz, üzüyuxarı daş yolla qalxır və təpələrin arası ilə irəliləyir. Asfalt yola çıxırıq. Yol gözlənildiyi kimi, köhnə və baxımsızdır. Aydın məsələdir ki, bu yollar işğalda olduqları 28 il ərzində bir dəfə də təmir görməyib. Yolların kənarında Ermənistan ordusunun qazdığı xəndəklər hələ də qalmaqdadır. Araz çayının sahili ilə hərəkət edirik. O tay artıq İrandır. 28 il idi, Azərbaycan dövləti buralara nəzarət etmirdi. Bilmək olmaz bu sərhəd işğal illərində nələrin şahidi olub. Laçın və Qubadlıdan keçən Həkəri çayı da Bərgüşad çayı ilə birləşərək Zəngilan rayonunda Araza tökülür. 28 il əvvəl Arazın sahili bir başqa idi…
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, əslən mincivanlı Aybəniz İsmayılova həmin günləri “Press Klub”a belə nəql edir:
“O zaman qonşu rayonlar – Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə, ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Təxminən 33 min əhali İran sərhədinə – Araz çayının kənarına toplaşdı. Gur sulu Arazı keçmək mümkün deyildi. Azərbaycan rəhbərliyi İran hökuməti ilə danışıqlar apardı və İran tərəfi Araz çayı üzərindəki bənddə suyu bağladı. Yalnız bundan sonra əhali çayı keçib, xilas oldu. Nənələrim, əmilərim, dayılarım və digər qohumlarım da o gün Araz çayını keçərək xilas oldular. Bu günə qədər ailəmiz həmin günün xilas hekayətini dinləyir. Arazın kənarındakı insan faciəsinin dəhşət, qorxu və ümid dolu mənzərəsi – insanlar donmasın deyə çay kənarında yandırılan tonqallar, yaş torpağın üzərinə sərilən yorğan-döşəklər, insanlarla birlikdə köç, qaçqınlıq taleyi yaşayan mal-qara və maşınlar, yüklər, əşyalar, xatirələr…”
Zəngilanın Mincivan qəsəbəsinə doğru irəliləyirik. Ətraf sıx meşələr, dağlarla əhatə olunub. Cəbrayıl və Qubadlıdan fərqli olaraq, burada dağılmış evlər boz torpaqlarda deyil, həmişəyaşıl ağaclar və yerə tökülmüş sarı yarpaqların arasında itir. 28 il əvvəl dağılmış evlərə burada da rast gəlinir. Müəyyən qədər tikinti hallarının şahidi oluruq. Bir neçə dağıntı evin arasında sonradan tikilmiş, üstünə də “Krosna” anteni quraşdırılmış evlər görünür. Qəsəbəyə gedən bir neçə körpünün də vəziyyəti 28 il əvvəl olduğu kimidir – baxımsız və təmirsiz. Az-maz yaşayış olan yerlərdə təsərrüfat sahələri də yaradılıb, torpaqlar becərilib. Ən çox nəzərə çarpan yeniliklər istiqamətləndirici lövhələrin qurulmasıdır. Yəni, Ermənistanın və Azərbaycanın işğal olunmuş ərazilərinin adları və oralara qədər olan məsafələrin əks olunduğu lövhələr. Qəsəbədə tək-tük ictimai iaşə obyekti də gözə dəyir. 28 il öncə Mincivanda 400 nömrəlik ATS, eyni zamanda, 3 orta məktəb, 3 uşaq bağçası, kitabxana, xəstəxana, aptek, klub, 30-a yaxın idarə və müəssisə, 26 mağaza və iaşə obyekti fəaliyyət göstərirdi.
Mincivan qəsəbəsi rayon mərkəzinin 12 kilometrliyində, cənub-qərbində yerləşir. Qəsəbə ərazisindən böyük əhəmiyyət kəsb edən magistral və dəmir yolu xətti keçirdi. Mincivan şəhər tipli qəsəbə idi. Mincivanlılara “stansiya uşaqları” deyirdilər. Belə ki, hər ailədə dəmiryolçu vardı.
Mincivanın digər əhəmiyyəti onun sərhəd xəttində yerləşməsidir. Sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 km-lik hissəsi tamamilə işğaldan azad edildi. İşğaldan azad edilmiş Zəngilan rayonu ərazisindəki “Məmmədbəyli”, “Şərifan”, “Muğanlı”, “Tin” və “Mincivan” sərhəd zastavaları üzərində Azərbaycan bayrağı qaldırıldı.
Geri qayıdırıq. Qaranlıq və yöndəmsiz yol, bir də, əvvəldə qeyd etdiyimiz kimi, köhnə körpü. Ərazi geri qaytarıldı, sərhəd bərpa olundu, deməli, Mincivana həyat da qayıdacaq.(pressklub)
Seymur Kazımov