Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əxlaqsız aparıcı efirə çıxıb...– Sabir Rüstəmxanlı

Əxlaqsız aparıcı efirə çıxıb...

 

"Dil çox ciddi məsələdir, əgər dil varsa, xalq da var, dil yoxdursa, həmin xalq da yox olur. Biz əvvəlcə uşaqlarımızın ana dilində tərbiyəsinə başlamalıyıq. Məktəblərdə, təhsil ocaqlarında ana dilinin öyrədilməsi məsələsinə xüsusi diqqət yetirməliyik. Xüsusən də rusdilli məktəblərdə ana dili necə öyrədilir? Axı onlar da bizim ölkəmizin vətəndaşlarıdır"

 

Yenixeber.org: Bu sözləri xalq şairi Sabir Rüstəmxanlı “Azərbaycan ədəbi dilinin qorunması və inkişafında KİV-in rolu” mövzusunda bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdəki çıxışında deyib.

O bildirib ki, hər bir xalqın dili onun milli xəzinəsidir:

“Aparıcıların TV-də yol verdikləri yanlışları ön plana çəkirik. Əvvəlcə baxmaq lazımdır ki, bu aparıcı hansı əxlaq yiyəsidir? Əxlaqsız adam TV-də əxlaqdan danışmasın! Mənəviyyatsız adam mənəviyyatdan danışmasın! İnsanın, aparıcının daxili aləmi, mənəviyyatı gözəl olmalıdır, təkcə zahirən gözəl olmaqla iş bitmir. Bəzən rus dilindən hansısa sözü işlədəndə heç kim pis qarşılamır. Amma Türkiyə türkcəsində bir söz eşidəndə həmin an tənqid edirlər. Axı niyə?! Axı Türkiyə türkcəsi bizə doğma dildir. Biz məhz türk dillərindən sözlər götürməklə dilimizi zənginləşdirməliyik. Başqa bir problem də küçədə sorğu götürən TV əməkdaşları ilə bağlıdır. Yoldan keçən vətəndaşa yaxınlaşıb fikrini soruşurlar, amma baxmırlar ki, həmin adam Azərbaycan dilində danışa bilir, ya yox? Bunlara diqqət etmək lazımdır. Eybəcər müraciətləri, ifadələri yığışdırmaq lazımdır”.

***

"Cənab prezident təkcə dilə qayğısı ilə deyil, həm də özü bu dildə səlis danışmaqla dilimizi qoruyur. Onun çıxışlarından da görürük ki, Azərbaycan dilindən çox gözəl istifadə edir. Belə səlis danışmaqla, bir növ, nümunə olur".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetin rektoru, tanınmış yazıçı Kamal Abdulla “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda bu gün keçirilən tədbirdə deyib.

O, TV-də çalışan intellektsiz aparıcıların dilə böyük zərbə vurduğunu bildirib:

“Bizdə xüsusən TV aparıcıları xeyli yanlış sözlər, ifadələr işlədirlər. Aparıcılar intellektə, dünyagörüşə sahib olmalıdır ki, danışdığı məsələ haqda mükəmməl, səlis şəkildə danışa bilsin. Bəzən əcnəbi sözlərin gəlməsindən narahat olurlar. Bu, yanlışdır. Rus dilində "a" səsi ilə başlayan xeyli söz daxil olub, onlar bundan qətiyyən narahat deyil. Çünki dil zənginləşir. Biz aparıcıların, TV əməkdaşlarının intellektual səviyyəsi ilə məşğul olmalıyıq. İntellektsiz adamları görünüşünə, səsinə aldanıb TV-yə gətirməməliyik. Çünki cəmiyyət onlara baxıb öyrənir. Tutaq ki, ədəbiyyatla bağlı hər hansı verilişdə bir aparıcı efirdə çıxış edir. Lakin soruşsan, görərsən ki, danışdığı mövzu haqda kifayət qədər məlumatı yoxdur və ya uzun müddətdir bədii əsər oxumur”.

***

Mətbuat Şurası Azərbaycan ədəbi dil normalarının pozulmasına görə böyük cərimələrin tətbiq olunmasını təklif edir.

Publika.az-ın məlumatına görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə. Amaşov bildirib ki, monitorinqlər zamanı durğu işarələrinin, xüsusən vergülün işlədilməsində daha çox problemlərin olduğu üzə çıxıb:

"Problemləri aradan qaldırmaq üçün bir neçə addımın atılması vacibdir. Bu gün media orqanlarının yaradılması üçün hər hansı maneə yoxdur. Ona görə də indiki halda media yaradanların üzərinə daha böyük məsuliyyət qoyulmalıdır. Mətbuatda Ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır. Qanunvericilik tələblərinə riayət edilməsinə də xüsusi diqqət yetirilməlidir. Məsələn, Fransada Ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur. Bunu Azərbaycanda da tətbiq etmək olar".

***

"2003-cü ildə MTRŞ telekanallarımızı monitorinq edərkən Ana dilinin proqramlarda ümumi çəkisinin 50 faizdən az olduğunu üzə çıxardı".

Publika.az xəbər verir ki, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhhərrəmli bildirib ki, MTRŞ telekanallar qarşısında Azərbaycan dilinin xüsusi çəkisinin 75 faizə çatdırılması tələbini qoyub və qısa müddətdə buna nail olunub:

"Daha sonra verilişlərdə Ana dilinin çəkisinin 100 faizə çatdırılması tələbi qoyuldu və buna da nail olundu. Növbəti mərhələ ədəbi dilin qorunması və inkişafı ilə bağlıdır. Artıq bu istiqamətdə də bir sıra işlər görülüb və görülməkdədir. İlkin monitorinqlərin nəticələri çox narahatlıq doğururdu. Dilçi alimlərimiz bu monitorinqlərlə bağlı ümumiləşdirmə apardılar. Birinci problem danışıq dilinin ədəbi dillə eyniləşdirilməsi ilə bağlı idi. Televiziya şivələr, ləhcələr və digər məqamlar yer alıb. Bunu aradan qaldırmaq lazımdır. Biz ədəbi dili bir ləhcə əsasında yox, ədəbi dil normaları əsasında öyrənirik. Çox təəssüf ki, telekanallarımzda bu normalar hələ də pozulur. Televiziya və radio kanalları bu barədə ciddi düşünməlidirlər.

Bəzi elmi terminlərin ədəbi dilimizə daxil olması başa düşüləndir. Lakin əcnəbi sözlər bəzən yersiz halda aparıcılar tərəfindən danışıq dilində işlədilir. Böyük dövlətlər, böyük güclər bu gün yumşaq gücdən də geniş istifadə edilir. Bu, təhsil, media, danışıq dilinə təsirlə bağlıdır. Dillə bağlı təsir bu istiqamətdə xüsusi yer tutur. Təəssüf ki, xaricdə təhsil alıb gələn mütəxəssislərimiz o dildən daha çox istifadə edirlər. Bu baxımdan Türkiyədə təhsil alıb gələn insanlarımızla bağlı bu problem daha qabarıqdır. Başqa bir problem intonasiya bağlıdır. Ən çox pozulan normalar fonetik normalardır. Bu, daha çox informasiya proqramlarındakı diktorların, aparıcıların üzərinə düşür. Diktorlar, aparıcılar əvvəlcədən hazırlanmış xəbərləri oxuyarkən fonetik normalara əməl etmirlər".

N. Məhərrəmli digər problem kimi sürətli danışıqdan istifadə edilməsini göstərib:

"Bəzi aparıcılar sürətli danışıq dilindən istifadə edir, tələsiklikdə normalara riayət olunmur. Digər tərəfdən, reklamların dili ilə bağlı da problem var. Reklamlar xaricdə hazırlanır və Azərbaycan dilinə tərcümə zamanı çatışmazlıqlara yol verilir".

MTRŞ dublyaj sahəsində də problemlərin olduğunu vurğulayıb: "Sovet dövründə dublyaj çox keyfiyyətli idi, biz indi onun həsrətini çəkirik. Diktorlar, aparıcılar işə qəbul olunarkən məsələyə ciddi yanaşılmalıdır, onların hər biri Azərbaycan dilini mükəmməl bilməlidir. Təəssüf ki, telekanallarda yaradılan bədi şuraların fəaliyyəti kağız üzərindədir".

***

Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilir.

Publika.az xəbər verir ki, konfransda dilçi alimlər, prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Nizami Cəfərov, tanınmış yazıçılar Kamal Abdulla, Aqil Abbas və media nümayəndələri iştirak edirlər.

Konfransda çıxış edən Əli Həsənov bu konfransın bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirildiyini bildirib: “Hörmətli konfrans iştirakçıları, bugünkü toplantı cənab prezidentin tapşırığı ilə keçirilir. Məqsəd qloballaşma, transmilliləşmə prosesində Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı işlərin həyata keçirilməsidir. Hər bir xalqın dili onun milli xəzinəsidir. Dil həmçinin mədəni, elmi inkişafa xidmət göstərən vasitədir və milli inkişafda mühüm rol oynayır. Dövlət dilinin qorunması mühüm əhəmiyyət kəsb edir. Ümumilli lider Heydər Əliyev deyirdi: “Millətin milliliyini ən birinci təsdiq edən onun ana dilidir”. Dilimiz dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, onun əsas dayağıdır. Azərbaycan dili müxtəlif ölkələrdə yaşayan həmyerlilərimizin əsas ünsiyyət vasitəsidir. Heydər Əliyevin Azərbaycana röhbərlik etdiyi bir vaxtda Moskvanın təzyiqlərinə baxmyaraq, məhz onun prinsipial mövqeyi sayəsində Azərbaycan dili 1978-ci il Konstitusiyasında dövlət dili kimi təsdiq edildi. Həmin dövrdə mətbuatın və dilin inkişafı üçün mühüm işlər görüldü. Bu gün onun dillə bağlı siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiqincə davam etdirir. Cənab Prezident 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğulayıb, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Azərbaycan Prezidentinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb”.

Prezidentin köməkçisi deyib ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib: “Təəssüf ki, tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir, aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər sərəncamda xüsusi qeyd olunur”.

Ə.Həsənov hələ 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan həmin nöqsanların bu gün də aradan tam qaldırılmamasından təəssüfləndiyini vurğulayıb: “Ona görə də cənab Prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə tapşırıq verib”.

Ə.Həsənov bildirib ki, Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır: “Biz bu gün teleradio məkanında dövlət dilindən istifadənin vəziyyəti, Azərbaycan dilinin qorunması və inkişafı məsələləri barədə müzakirələr aparmalı və bu sahədə mövcud problemlərə dair açıq fikir bildirməliyik. Ümid edirəm ki, bu müzakirələr yol verilmiş nöqsanların səbəblərinin aydınlaşdırılmasına və aradan qaldırılmasına kömək edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam