Arif Alışanovun 7500 manatlıq cərimə müəmması
Kamran Əliyev: “Yayılan məlumatlar qeyri-dəqiqdir”.
Ərşad Hüseynov: “Nəzəri baxımdan 1 günə də bu qədər məbləğdə cərimələnmək mümkündür”
Yenixeber.org: “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı xəbər yayılıb.
Report-un yaydığı məlumatda qeyd olunub ki, Arif Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobil barəsində elektron qaydada protokollar tərtib olunub. Bu protokollar üzrə 7200 manatlıq ödənilməyən cərimə olduğu üçün maşının yol polisi əməkdaşları tərəfindən saxlanılaraq ,cərimə meydançasına aparıldığı bildirilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Yeni Müsavat”a bildirib ki, yayılan məlumatlar qeyri-dəqiqdir:
“İstər hüquqi, istər fiziki şəxsə, yaxud hansısa dövlət və ya hüquqi təşkilata məxsus avtomobillərlə bağlı biz məlumat vermirik. Çünki məlumatlar yalnız qarşı tərəfin razılığı əsasında ictimailəşdirilə bilər. Qalan digər hallarda, biz məlumatları ictimaiyyətə açıqlaya bilmərik”.
K. Əliyev qeyd edib ki, qanunverciliyə görə cərimənin ödəmə müddəti var:
“Cərimə 10 min, 15 min də ola bilər. Sadəcə olaraq cərimə 2 ay müddətində ödənilməsə, o halda avtomobilin saxlanılması ilə bağlı qərar qəbul edilə bilər. Bunun da cərimənin miqdarına aidiyyəti yoxdur. İstər 10 manat olsun, istərsə də 10 min manat. Heç bir fərqi yoxdur”.
Hüquqşünas Ərşad Hüseynov “Yeni Müsavat”a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə görə sürücü yol hərəkəti qaydasını pozubsa, onun barəsində cərimə tətbiq olunur:
“Nəzəri cəhətdən mümkündür ki, sürücü ard-arda cərimələr törətsin və məbləğ bir neçə min manata yüksəlsin. Həmin cərimənin tətbiqi barəsində qərar qanuni qüvvəyə mindiyi andan sürücü 2 ay ərzində bunu ödəməlidir. Əks halda avtomobil cərimə meydançasına aparılır. Burada heç kimə güzəşt olunmur. Dövlət maşını, nazirin maşını, kommunal xidmət və ya digər avtomobillərin cəriməsi ödənilmirsə, saxlanılır. 7500 manat cərimə yəqin ki, 1 il ərzində yığılıb. Ancaq qısa müddətdə də bunun yığılması mümkündür. Məsələn, avtoxuliqanlığın cəriməsi 2 min manatdır. Doğrudur, avtoxuliqanlıq edən şəxsin sürücülük hüququ məhdudlaşdırılır. Ancaq cəriməsi də yüksəkdir. Eyni zamanda sürət rejimini pozmanın da ən pis həddində 250 manat cərimə tətbiq olunur. Məsələn, Bakıdan Qazaxa qədər 20 yerdə radar varsa, onun hər birindən 60 km artıq sürətlə keçiriksə, 5 min manat cərimə almış olarıq. Geri qayıtmağı da nəzərə alarsaq, bir günə 10 min manat cərimələnmək mümkündür. Ancaq şəxs barəsində qanun pozuntuları ilə bağlı olan informasiyalar onun razılığı olmadan açıqlanmamalıdır. Doğrudur, söhbət videogörüntülərdən və digər bu kimi məlumatlardan gedir. Bu barədə İnzibati Xətalar Məcəlləsinin 47-ci maddəsində konkret şəkildə qeyd olunub ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) informasiya ehtiyatında olan məlumatlardan yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə istifadə edə bilərlər. Həmçinin 47.2-ci maddədə də bildirilir ki, İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) informasiya ehtiyatında olan məlumatların mühafizəsini təmin etməlidirlər. Bu Məcəllənin 46-cı maddəsində və digər qanunlarda müəyyənləşdirilmiş hallar istisna edilməklə, həmin məlumatlar açıqlana bilməz. Qanuna görə, informasiya ehtiyatında olan məlumatlar beş il müddətində saxlanılır. Yəni polis, özbaşına kiminsə məlumatını yaya bilməz”.
Hüquqşünas bildirib ki, avtomobilin cərimələri barəsində digər şəxslər də məlumat əldə edə bilərlər:
“Məsələn, mənim avtomobilimin qeydiyyat şəadətnaməsinin üzərindəki məlumatları və avtomobilin nömrəsini bilən istənilən kənar adam da müvafiq portallara daxil olub, avtomobilin nə qədər cəriməsinin olduğunu yoxlaya bilər”.