“Bu il qiymətləndirmədə müəyyən dəyişikliklər nəzərdə tutulur” –Təhsil Nazirliyinin şöbə müdiri
“Azərbaycanda qiymətləndirmə konsepsiyasına görə summativ, formativ və yekun qiymətləndirmə həyata keçirilir. Bunun hansı səviyyədə tətbiqi isə bütün təhsil işçilərinin birgə işləməli olduğu məsələdir”.
Yenixeber.org: Bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev deyib.
O bildirib ki, formativ qiymətləndirmə ilə əlaqədar bir neçə il əvvəl müəyyən dəyişiklər olub: “Dörd il əvvəl məktəb mühiti başqa reallıqda yaşayırdı. Bir neçə il öncə formativ qiymətləndirmə jurnallarının ləğvi və sərbəst formada müəllim tərəfindən tətbiqi məktəb mühitini tənzimləmək məqsədini daşıyırdı”.
Nazirlik rəsmisi qeyd edib ki, məktəblərdə summativ qiymətləndirmə sahəsində müəyyən problemlər var: “Biz həmişə valideynlərin və cəmiyyətin sifarişini nəzərə almalıyıq. Onlar həmişə qiymət istəyirlər və bu, onlar üçün vacib göstəricidir. Bir çox hallarda qiymətləndirmənin mahiyyətindən uzaqlaşıb onun zahiri tərəflərinə fikir veririk. Məktəblərdəki qiymətləndirmədə “5” ballıq sistemdən istifadə edirik. Burada ikinci böyük problem var, orta qiymət çıxarmaq, “2”dən “3” qiymətinə gəlmək kimi metodoloji məsələlər olur. Həqiqət bundan ibarətdir ki, uşaq kiçik summativ qiymətləndirmələrdə “4” qiyməti alırsa, onun yarım illik qiymətinə “4” yazılır. Uşaqların sona doğru qiyməti əsas götürülməlidir, yoxsa əvvəldəki qiymət? Bu məsələlər hər zaman sual doğurur”.
E. Əmrullayev qeyd edib ki, bu yay ərzində qiymətləndirmə haqqında təlimata müəyyən dəyişiklərin edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu zaman bu gün mövcud olan bir sıra problemlər nəzərə alınacaq: “Fikrimizcə, qiymətləndirmə muxtariyyəti müəllimdə qalmalıdır. Eyni zamanda, qiymət davasından yavaş-yavaş uzaqlaşmalıyıq. Nazirlik tərəfindən hansısa tənzimləyici alətlər hazırlanmalıdırsa, bunu eşitməyə, dinləməyə və tətbiq etməyə hazırıq. Məsələn, bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir? İstiqamətlərdən biri bu ola bilər ki, aşağı siniflərdə imtahan yükünü azaldaq, I sinifdə summativ qiymətləndirmə, illik qiymət olmasın. Bu istiqamətdə birgə müzakirələr apararaq yekun qərarlar verməliyik”.