Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Müstəntiq dedi 8 min ver, bu işi unut…” -Sürücü fəryadı

 

qeza-yol-nishani

Yenixeber.org:   Son illər Azərbaycanda, xüsusilə də paytaxt Bakıda yol-nəqliyyat hadisələrinin sayı böyük ölçüdə artıb. Bunun səbəbi əksər hallarda sürücülərin sürət həddini aşması, avtomobili sərxoş halda idarə etməsi, yol-nəqliyyat qaydalarını kobud şəkildə pozmaları olur. Ancaq eyni zamanda sürücülərin ehtiyatsızlığından, yorğunluğundan, stress keçirməsindən, fikirli halda olması üzündən baş verən qəzalar da az deyil. Son illər ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasının da bu cür qəzaların sayının artmasına təsiri var.

Belə qəzalar isə yalnız sürücülərlə bağlı olmur. Bir çox hallarda məhz piyadaların yol-hərəkət qaydalarına riayət etməməsi, keçiddən deyil, avtomobillərin intensiv hərəkət etdiyi yollardan keçmələr, qəflətən yola çıxmaları və sair səbəblərdən də qəzalar baş verir.

01Elə “AzPolitika.info” saytına müraciət edən Lənkəran rayonu Veravul kənd sakini Lətifov İltimas İmran oğlu da belə bir qəza ilə üzləşənlərdəndir. İ.Lətifov 30 il Rusiyada yaşadıqdan sonra Azərbaycana dönüb və Bakıda marşrut avtobusunda sürücü kimi işə başlayıb. Çox çəkməyib ki, İ.Lətifov vətənə döndüyünə peşman olub.Kiçik, təsadüfi bir qəza onun həyatını cəhənnəmə döndərib. Qəzada zərər çəkən yaşlı xanımın Dövlət Yol Polisinin zabiti olan oğlu və hadisəni araşdıran müstəntiq başda olmaqla, hamı ondan ciddi məbləğlərdə pullar tələb edib. Bu tələbləri yerinə yetirməyən İ.Lətifov bu gün real həbs təhlükəsi qarşısındadır. Hər halda o özü belə deyir və yalnız həqiqəti danışdığına and da içir.

İ.Lətifov deyir ki, yaşlı bir xanımın yağışlı və qaranlıq havada piyadalar üçün nəzərdə tutulmayan ərazidən qəflətən yola çıxması qəzaya səbəb olub. Xoşbəxtlikdən qəza ağır nəticələrə səbəb olmayıb. Ancaq bu qəza İltimas Lətifovun günahı üzündən baş verməsə də, onun üçün ağır nəticələri ola bilər. Belə ki, İltimas Lətifov qarşı tərəfin tələblərini ödəmək imkanında olmadığından, ondan şikayət etdiklərini, müstəntiqin isə maddi maraq güdərək işi qeyri-obyektiv apardığını, nəticədə həbs təhlükəsi ilə üzləşdiyini bildirir. İyunun 21-də Nəsimi Rayon Məhkəməsində İ.Lətifovla bağlı hökmün elan olunacağı gözlənilir.

Buna görə də o, saytımız vasitəsilə başda ölkə Prezidenti İlham Əliyev və I Vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili İşlər naziri Ramil Usubov və digər dövlət rəhbərlərinə müraciət edərək, kömək istəyir.

“AzPolitika.info”nun redaksiyasına gələrək, başına gətirilənlər barədə danışan İltimas Lətifov, əvvəlcə hadisənin necə baş verdiyi barədə məlumat verdi. Bildirdi ki, 24.19.2016-ci il tarixdə saat 19:00 radələrində 8 saylı xətt marşrutu üzrə yol vərəqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə olan “İveco Crelais” markalı, 99 JH 252 dövlət nömrə nişanlı avtobusla Nəsimi rayonu Mirqasımov küsəsindən Azadlıq prospekti istiqamətində hərəkət edib. Həmin gün yağış yağdığından və yolda tıxac olduğundam 8-10 km/saat sürətlə hərəkətdə olub. Bu zaman Mirqasımov küçəsi 42-44 saylı ünvanda – küçənin sağ hissəsində avtomobillərin arasından qəflətən yaşlı bir xanım yola çıxıb. İltimas Lətifovun sözlərinə görə, sonradan zərərçəkən kimi tanınan Məmmədova Simuzər Qəmbər qızı piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçmək istəyərkən, ehtiyatsızlıqdan sifətinin sağ hissəsi, daha dəqiqi sağ almacıq sümüyü onun idarə etdiyi avtobusun sağ hissəsinə dəyib və o yerə yıxılıb.

02

İltimas Lətifov dərhal hadisə yerinə təcili yardım briqadası çağırıb. Avtobusda mülki formada olan polis işçisi isə onun sənədlərini almaqla yanaşı, yol polisinə hadisə barədə məlumat verib. Ancaq İltimas Lətifov təcili yardımın gec gələ biləcəyini nəzərə alaraq, Simuzər Məmmədovanı özü xəstəxanaya çatdırmaq qərarına gəlib:“Yolun qarşı hərəkət zolağında hərəkətdə olan, əvəllər tanımadığım Qəhrəmanov Səməd Asif oğlunun idarə etdiyi avtomobili saxlatdım. Ondan yerə yıxılmış Simuzər Məmmədovanı xəstəxanaya çatdırmağı xahiş etdim və razılıq aldım”.

İltimas Lətifov qeyd edir ki, yolda Simuzər Məmmədova ayılıb və ondan harada olduğunu soruşub: “Xəstaxanaya çatdıqda Simuzər Məmmədova özü avtomobildən düşdü, pilləkənlərlə özü yuxarı çıxaraq, təcili yardım briqadasının göstərdiyi çarpayıya uzandı. Yaxınları ilə əlaqə saxlamaq zərurəti yarananda, oğlu Azərə məxsus mobil telefonun nömrəsini əzbər söylədi. Hadisə nəticəsində həmin şəxsin yalnız sağ gözaltı nahiyəsində qançır müşahidə etmişik”.

İltimas Lətifovun sözlərinə görə, oğlu Azər Məmmədov xəstəxanaya gəldikdən sonra Simuzər Məmmədovaya məxsus 700 manat pulu və digər əşyaları ona təhvil verib:“Həkimin tələbi ilə Simuzər Məmmədovaya ilkin təcili yardım üçün lazım olan dərmanları və qan plazmasını (42 manat dəyərində) alıb, həkimə çatdırmışam”.

İltimas Lətifovun sözlərinə görə, Simuzər Məmmədovanın səhhətində ciddi problem olmadığını bildikdən sonra xəstəxanadan getmək istəyib. Ancaq bu zaman Simuzər Məmmədovanın oğlu Azər Məmmədov ona yaxınlaşaraq, anasını müalicə etdirmək üçün pul tələb edib: “Azər Məmmədov mənə yaxınlaşaraq polis mayoru olduğunu bildirdi. Və nə qədər pul verə biləcəyimi soruşdu. Mən həkimin tələb etdiyi dərmanları aldığımı, hər şeyin qaydasında olduğunu söylədim.
Kasıb bir insan olduğumu, aldığım maaşdan başqa heç bir gəlirimin olmadığını bildirdim. O isə pul verməyəcəyim təqdirdə şikayət edəcəklərini dedi. Mən də həm pulum olmadığından, həm də hadisənin baş verməsində heç bir günahımın olmadığını və Simuzər Məmmədovanın ciddi xəsarət almadığımı bildiyimdən onun tələbini yerinə yetirməkdən imtina etdim”.

İltimas Lətifov bildirir ki, pul verə bilmədiyindən bir müddət sonra Simuzər Məmmədova ondan şikayət edib: “Sonradan mənə məlum oldu ki, Azər Məmmədov polis olmasından istifadə edərək, istintaq orqanı əməkdaşları ilə əlbir olub və mənə qarşı absurd ittihamlar irəli sürüblər. Həmin iddialar əsasında da ittiham aktı hazırlanıb. İttiham aktında göstərilib ki, Simuzər Məmmədovaya guya sağlamlığının uzun müddət pozulmasına səbəb olan az ağır xəsarət vurulub. Bunun ekspert rəyi ilə təsdiq olunması da təşkil olunub. Bu isə tamamilə absurddur. Çünki hadisədən dərhal sonra həkim mənə ciddi bir xəsarət olmadığını bildirmişdi”.

İltimas Lətifov deyir ki, bundan sonra Qafarov Alim Camal oğlu ilə birlikdə Azər Məmmədovla görüşüb və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ona qarşı cinayət işi qaldırtdığı üçün onu qınayıb: “O da mənə “bura Azərbaycandır. Adamın yanından avtomobil küləyi keçəndə kvartira aldırırlar” deyə, cavab verdi. 26.10.2016-cı il tarixdə isə mənə bildirdi ki, anamı Türkiyədə müalicə etdirmək istəyirəm, bütün məsrəfləri sən ödəməlisən. Mən imtina etdim.
27.10. 2016-cı il tarixdə dedi ki, “məhkəmə həkimindən arayış aldım. Daha ağır formada ala bilərdim, sənə yazığım gəldi, istəmədim türmədə oturasan”. Bundan sonra Azər Məmmədov məndən anasını İranda müalicə etdirmək üçün 2000 manat tələb etdi. Dedi “2000 manat təcili versən, məhkəmə həkiminin verdiyi rəyi sənin xeyrinə dəyişərəm və şikayət ərizəsini geri götürərəm”. Halbuki, ona sığorta şirkəti tərəfindən məhkəmə qərarından sonra 1500 manat sığorta ödənilmişdi. Bu halda məndən 2000 manatı hansı qanunla və mənəvi haqla tələb edir?”

İltimas Lətifovun sözlərinə görə, istintaqı aparan müstəntiq də işə obyektiv yanaşmayıb və ondan rüşvət istəyib. Hətta bu barədə Nəsimi rayon Prokurorluğuna rəsmi şikayət də edib. Lakin bunun bir nəticəsi olmayıb. “Yol-nəqliyyat hadisəsinin istintaqını aparan Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Qubadov Müşviq Elçin oğluistintaqı qanunvericiliyin normalarına uyğun şəkildə aparmadı. Baş müstəntiq digər polis əməkdaşı Azər Məmmədovla əlbir oldu. Məni Heydər Əliyev Sarayının qarşısına dəvət edən Müşviq Qubadov bildirdi ki, “8000 manat pul ver, ittiham aktını gözünün qarşısında cırm, eləbil belə bir hadisə olmayıb, 2 saatdan sonra yadından çıxar”. Mən heç bir cinayət hadisəsi törətmədiyimi baş müstəntiq Müşviq Qubadovun nəzərinə çatdırdım. Etmədiyim cinayətə görə, nə üçün pul verməli olduğumu sual verdikdə müstəntiq bildirdi ki,“bura Azərbaycandır, haqlı olduğunu sübut etmək üçün pul verməlisən”. Mənə dedi ki, ekspert Elvin Sarıcalı ilə görüşüb, pul verəcəyik və istədiyimiz rəyi verəcək, sən günahkar çıxmayacaqsan. Həmin görüşdə mənim tanışım Valeh İbrahimov da iştirak edirdi.
Müstəntiqin özbaşınalığı ilə bağlı bir epizodu da bildirmək istəyirəm. Mənə dövlət tərəfindən vəkil təyin olunub. Vəkilin yanında mən ittiham aktı ilə razı olmadığımı müstəntiqə bildirdim. Müstəntiq isə vəkilin yanında mənə “ittiham aktını yazmışam, prokuror təsdiq edib. Hakimin qarşısına hansı cəza gələcək, onu təyin edəcək” – deyə bildirdi. Bunu eşidən vəkil cəld çölə çıxdı”.

03

İltimas Lətifov bildirir ki, bütün bu pul tələblərindən imtina etdiyi üçün yekunda iş məhkəməyə göndərilib: “Törətmədiyim cinayət hadisəsinə görə, 8000 manat vermədiyim üçün baş müstəntiq iş materiallarını Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərdi. Hazırda Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatındadır. Azər Məmmədov məndən məhkəmədə şikayətini geri götürmək üçün 3500 manat pul istəyir. Müstəntiq istədiyi 8000 manat rüşvəti vermədiyim üçün məni etmədiyim cinayət hadisəsinə görə həbs etmək istəyirlər. Prokuror dirəşib ki, məni həbs etdirsin. Hakim Şəlalə Həsənova hiss edirəm ki, obyektiv mövqe tutmaq istəyir. Lakin ona da təzyiq edirlər. Mənə deyirlər ki, canını heç olmasa şərti işlə qurtarmaq istəyirsənsə, 1500 manat verməlisən. Məndə isə bu pul yoxdur. İyunun 21-də isə qərar veriləcək. Bilmirəm nə edim. Çarəsiz qalmışam”.

İltimas Lətifov sonda ölkə başçısından və hüquq-mühafizə orqanlarının rəhbərlərindən kömək istədi. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuzluğa yol verən, işləmədiyi cinayətə görə onu həbs etdirmək istəyən polis mayoru Azər Məmmədov və müstəntiq Müşviq Qubadov barəsində tədbir görülməsini, onların məsuliyyətə cəlb olunmalarını, eyni zamanda məhkəmənin işlə bağlı ədalətli qərar verməsinin təmin olunmasını xahiş edir.

P.S. Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Vaqif
AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam