“Pul qıtlığı yaşandığı üçün bəzi dövlət orqanları aylardır əmək haqqı vermirlər” -EKSPERT
“Hamı anlayır ki, dollar qalxacaq”
Yenixeber.org: “Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında bu dəfə müsahibimiz bank sektoru üzrə mütəxəssis, iqtisadçı ekspert və hüquqşünas Əkrəm Həsənovdur. Onun ölkənin iqtisadi durumu, bank sektorunun problemləri, manat-dollar münasibətləri və sair haqqında fikir və mülahizələrini öyrənməyə çalışdıq.
- Əkrəm bəy, bugünlərdə yubiley yaşınızı qeyd etdiniz, 40 yaşınız tamam oldu. Öncə bu münasibətlə sizi təbrik edirik.
- Çox sağ olun, təşəkkür edirəm.
- Mətbuatda son illərdə sıx görünməyə başlasanız da, ancaq uzun illərdir bank sektorunda çalışırsınız. İş təcrübəniz haqqında bizə məlumat verərdiniz.
- 2001-ci ildən 2011-ci ilə qədər, 10 ildən çox bir müddət ərzində bank sistemində çalışmışam. Mərkəzi Bankda, daha sonra “Bank of Baku”da işləmişəm. “Bank VTB Azərbaycan”da da çalışmışam. 2011-ci ildən indiyə kimi müstəqil hüquqşünas kimi fəaliyyət göstərirəm. 2014-cü ilin sentyabrından Vəkillər Kollegiyasının üzvüyəm.
- Əhalini ən çox dollar-manat münasibətləri narahat edir. Hazırda manatın sabitliyi sadə insanları sevindirir, ancaq iqtisadçılar narahatdır. Bu dəfə hökumət manatı necə saxlayır? Yenə də valyuta ehtiyatlarını xərcləyirmi, yoxsa başqa iqtisadi alətlərdən istifadə edir?
“Vergilərin artırılması indiki halda vətəndaşlar üçün nə qədər ağır olsa belə, son nəticədə demokratiyaya aparacaq” |
- Hökumət manatın saxlanılması üçün heç bir vəsait sərf etmir. Hətta son aylarda hökumətin valyuta ehtiyatları artıb. Sadəcə, başa düşmək lazımdır ki, dollar alış-verişində ikinci valyuta da var və o manatdır. Dollar manat qarşılığında alınıb-satılır. Milli valyutanın həcmi də son iki ildə Mərkəzi Bank tərəfindən iki dəfədən çox azaldılıb. Son vaxtlarda daha çox qıtlıq yaradılıb. Ölkədə heç nə dəyişməyib, əmtəə, xidmət və sairin səviyyəsi eynidir, ancaq milli valyutamız azalıb. İstənilən əmtəənin sayı azalanda, qiyməti qalxmalıdır. Milli valyuta azaldığı üçün dollar ucuzlaşır. Son vaxtlar görürük ki, Mərkəzi Bank depozit auksionları keçirir. Yəni banklarda olan vəsaitləri də əmanətə cəlb edir, banklara 14 faizlik gəlir verir. Banklar o pulu kredit şəklində sahibkarlara və vətəndaşlara vermirlər, çünki devalvasiyadan və böhrandan qorxurlar. Yəni Mərkəzi Bankın buraxdığı vəsaitlərin, azalan vəsaitlərin də xeyli hissəsi elə Mərkəzi Bankdadır. Əhalidə pul az olduğu üçün dollar alanların sayı azalıb. Digər bir məsələ isə odur ki, son illərdə dollar ehtiyatı toplayanlara hansısa məhsulu almaq üçün manat lazım olur və o dollarları dəyişməlidir. Onlar dollar satanda da Mərkəzi Bank qazanır. Elə Mərkəzi Bank bunu ona görə edib ki, əhalidən dolları ucuz alsın. Mərkəzi Bank ilin əvvəlində dolları hamıya baha satdı ki, sonradan ucuz şəkildə geriyə alsın. Amma bu çox davam edə bilməz. Çünki iqtisadiyyata pul lazımdır. Xeyli planlar var, islahatlar aparılmalıdır. Hətta bunlar olmasa belə, iqtisadiyyatın normal şəkildə fəaliyyətinə pul lazımdır. İndi bəzi dövlət orqanları var ki, aylardır əmək haqqı vermirlər. Çünki pul yoxdur. Bu dəqiqə ödəniş sistemi iflic olub. Sahibkarlar və digər şəxslər indi bir-birinə borclarını ödəmirlər. Çünki hamının ehtiyatı dollarladır, hamı da anlayır ki, dollar qalxacaq. Vaxt udmağa çalışırlar ki, dolları indiki məzənnə ilə deyil, bahalaşdıqdan sonra dəyişsinlər.
- Dollar nə qədər müddətdən sonra qalxa bilər?
- Ən gec payızda qalxacaq. Ancaq mən bunun daha tez baş verəcəyini gözləyirəm. Əslində biz ötən il indiki əməliyyatın mini variantını gördük. Ötən ilin mart ayının ortalarında dolların məzənnəsi 1.65 idi, halbuki ilin əvvəlində 1.55 ilə başlamışdı. Martın sonundan başlayaraq mayın əvvəlinə qədər, təxminən iki ay yarım müddət ərzində dollar ucuzlaşdı. Ancaq iyun ayının sonundan yenidən dollar bahalaşmağa başladı.
- Əkrəm bəy, əvvəllər banklarda dolların alış-satış qiymətlərindəki fərq hər 100 dollara görə, 30-50 qəpik arasında dəyişirdi, indi isə bu fərq 7-8 manatdır. Bunun səbəbi nədir?
“Mərkəzi Bank bunu ona görə edir ki, baha satdığı dolları əhalidən ucuz alsın” |
- Bazar iqtisadiyyatıdır və banklar mümkün qədər çox gəlir əldə etməyə çalışırlar. İlin əvvəlində daha çox gəlir əldə etməyə meylli idilər. Onlar buna başlayan kimi qara bazar fəallaşdı. Banklar əgər bu fərqi 20 qəpiyə qaldırırlarsa, qara bazar bunu 10 qəpiyə endirir və istənilən halda banklardan daha çox qazanırdı. Əgər banklar vətəndaşlara dolları baha satırdısa, sonra xeyli ucuz alırdısa, qara bazar daha ucuz alıb, daha baha satmaqla xeyli vəsait qazandılar. Bunu görən banklar da fərqi azaltdılar. Ümid edirlər ki, cüzi fərqə görə camaat qara bazara getməyəcək. Çünki qara bazarın öz təhlükələri də var, orada sizə verilən əsginazlar saxta ola bilər, aldadılma halları ola bilər. Bankların normalda əsas qazanc yeri cəlb etdiyi əmanətlərin faiz dərəcəsi ilə sonradan verdiyi kreditlərin faiz dərəcəsi arasındakı fərqdir. Bu gün də banklar əsasən kredit vermirlər. Çünki bəzi vətəndaşlar manatla krediti alıb dollara çevirərək müəyyən müddətdən sonra satmaqla gəlir əldə etməyə çalışırlar. Hətta bankların da borcunu qaytarmırlar. Hətta borc faizləri yığılsa belə, vətəndaşın dolların məzənnəsindən qazandığı vəsaitin müqabilində bu elə də böyük rəqəm olmur. Banklar bundan qorxurlar. Bunun günahkarı da Mərkəzi Bankdır. Əgər manat bazar dəyərində olsaydı, belə oyunlar getməzdi. İkinci bir məsələ də odur ki, banklar sahibkarlara da kredit verməyə qorxur. Çünki sahibkarlar əsasən əvvəlki kreditlərini bağlamaq üçün kredit götürməyə çalışırlar. Çünki hazırda ölkədə iqtisadi aktivlik azalıb. Bankların ənənəvi gəliri azaldığı üçün dolların alış-satış məzənnəsi arasındakı fərqdən, komission haqlarını artırmaqdan qazanc əldə etməyə çalışırlar.
- Sizcə, son iki ayda dolların dəyərdən düşməsi müqabilində qiymətlər niyə ucuzlaşmır?
- Pul sistemi etimad və gözləntilər əsasında qurulub. 1970-ci illərin ortalarına kimi dünyada qızıl standartına bağlı bir sistem idi, yəni banka və ya Mərkəzi Banka pul verib əvəzində qızıl almaq mümkün idi. Ancaq 70-ci illərdən bu qayda dəyişdi və hazırda dünyanın heç bir ölkəsində pulun təminatı yoxdur, siz Mərkəzi Banka 100 manatı verib qızıl ala bilməzsiniz, əvəzində 10 ədəd 10 manatlıq əsginaz ala bilərsiniz. Yəni əsginazı yalnız əsginaza dəyişə bilərsiniz. Hazırda milli valyutamıza etimad azalıb. Qiymətlərin enməməsinin səbəbi də odur ki, indiki vəziyyətdə heç kim manatın hazırkı məzənnəsinə etibar etmir. Nə vaxta qədər ki, manatın həqiqi dəyərini bazar müəyyən etməyəcək, sahibkarlar da manata inanmayacaq. Sahibkarlar gözləyirlər ki, dollar nə vaxtsa qalxacaq. İndi sahibkarların yetərincə iqtisadi savadı var və onlarla bu cür oyunlar oynamaq olmaz.
- Əkrəm bəy, xalqın iqtisadi durumu məlumdur... Bəs hökumətin iqtisadi durumu necədir? Hökumət bahalaşmadan qazanır, dolların baha olmasından qazanır, neft gəlirləri ilə indi manat ekvivalentində daha çox iş görə bilir...
“Hesablama Palatasının aşkarladığı faktlardan sonra həmin dövlət məmurları cinayət məsuliyyətinə cəlb olunmalıdır” |
- Ümumilikdə, ölkədə iqtisadi durum yaxşı deyil, bunun üçün də ilk növbədə hökumətin iqtisadi durumu yaxşı deyil. Bəzi dövlət orqanları var ki, aylardır əməkhaqlarını vermirlər. İstənilən hökumət çalışır ki, dövlət büdcəsinə daha çox pul daxil olsun. Hökumət hazırda daha çox gəlir əldə etməyə çalışır. Vergiləri artırıblar və bundan sonra da böyük ehtimalla artıracaqlar. Neft gəlirləri azaldığı üçün çalışacaqlar ki, həmin azalmanı vergi yolu ilə kompensasiya etsinlər. Diqqət edirsinizsə, hökumət bunu birbaşa vergilərlə etmir, daha çox dolayı vergiləri artırır. Azərbaycanda son 10 ildə nə fiziki şəxslərin gəlir vergisi, nə hüquqi şəxslərin mənfəət vergisi artmır. Fiziki şəxslərdə 14, hüquqi şəxslərdə 20 faizdir. Vətəndaş bu vergini çox verəndə, dövlətdən daha çox şey tələb edir. Vətəndaş deyir ki, sənə ayda bu qədər pul verirəm, mənim hüquqlarımı qorumalısan. Ancaq dolayı vergilər verəndə, məsələn, ƏDV ödəyəndə vətəndaş bunu hiss etmir. O gedib bazarda nə isə məhsul alır və alanda ƏDV-ni sizdən tuturlar. Ancaq siz o zaman həmin puldan müəyyən hissəsinin dövlətə getdiyini hiss etmirsiniz və dövlətdən hər hansı tələbiniz olmur. Azərbaycanda 2017-ci ilin dövlət büdcəsində ƏDV-dən daxilolmalar, ümumi vergi daxilolmalarının 45 faizini təşkil etməlidir. Demək olar ki, yarısını... Bizdə heç vaxt belə olmamışdı, bu rəqəm maksimum 35 olub və hər zaman hüquqi şəxslərin mənfəət vergisindən az olub. Aparıcı ölkələrin çoxunda isə hər zaman birbaşa vergilər üstünlük təşkil edir. Hökuməti daha çox əhali saxlayır. Bizdə sistemi elə qurublar ki, əhali vergi ödəsə də dövləti saxlayan qüvvənin özü olduğunu hiss eləmir. Qərb ölkələrində isə əhali bunu hiss edir. Bizim dövlət rəsmiləri tez-tez deyirlər ki, Avropa ölkələrində gəlir vergisi daha çoxdur. Bəli, o vergilər birbaşa vergilərdir və vətəndaş onu dövlətə verdiyi üçün əvəzində öz hüquqlarını tələb edir. Vətəndaş maaşının 30 faizini dövlətə verdiyini hiss edir, bizdə isə verir, ancaq hiss etmir. O ölkələrdə ki, birbaşa vergilər azlıq təşkil edir, həmin iqtisadiyyat liberal iqtisadiyyat hesab edilmir. Orada vətəndaşla dövlət arasındakı o əlaqə hiss olunmur.
- Bizdə uzun illər nə hökumətdə, nə də vətəndaşlarda vergi məsələsinə ciddi yanaşma olmadı. Sanki son illər bu məsələyə diqqət artıb...
- Son 15 ildə hökumətin əsas gəliri neftdən idi, ona görə də dövlətin neftə ehtiyacı yox idi. Bəzi vergiləri qanunvericilikdə olduğu halda, əhalidən ümumiyyətlə tutmurdular. Vergi sisteminin inkişaf etməsi o deməkdir ki, dövlət məmurları vətəndaşlardan asılı vəziyyətdə olur. Qərb demokratiyası sırf vətəndaşların vergi hüquqları uğrunda mübarizədən başlayıb. Bu baxımdan, mən hesab edirəm ki, bu məsələ indiki halda vətəndaşlar üçün nə qədər ağır olsa belə, son nəticədə pis olmayacaq. Demokratiyaya aparacaq.
- Hesablama Palatasının son vaxtlar açıqladığı ciddi yeyinti faktları mətbuatda dərc olunur. Ancaq nə hüquq-mühafizə orqanları, nə də digər qurumlar bunun üzərinə getmir, ən azı biz bunu görmürük. Bu faktlar əsasında antikorrupsiya həbsləri başlaya bilərmi, sizcə?
“Bankların ənənəvi gəliri azaldığı üçün dolların alış-satış məzənnəsi arasındakı fərqdən, komission haqlarını artırmaqdan qazanc əldə etməyə çalışırlar” |
- Əvvəl-axır mütləq bu həbslər başlayacaq. Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti əsasən məmurların etdiyi oğurluqlarla bağlıdır. Bunlara qarşı iş başlamalıdır. Əvvəllər Hesablama Palatası yoxlamalar aparanda, heç bu barədə ictimaiyyətə məlumat verilmirdi. Son vaxtlar isə verilir. Bunun özü artıq müsbət bir haldır və həmin məmurlara xəbərdarlıqdır. Bu hesabatlar əsasında bir baza formalaşır. Bundan sonrakı addım artıq həbslərdir, cinayət məsuliyyətinə cəlb etməkdir. Onları məsuliyyətə cəlb etməsələr də, hansısa tədbirlər görürlər. Sadəcə, bizə bu haqda məlumat vermirlər. Amma qanun nöqteyi-nəzərindən baxsaq, bu məsələlər Baş Prokurorluq yanında Antikorrupsiya İdarəsinin işidir. Onlar bununla məşğul olmalıdırlar. Bu faktlar varsa, həmin dövlət məmurları cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Mənə belə gəlir ki, bu həbsləri biz çox gözləməyəcəyik, az qalıb...