“Heydər Əliyev bizi Qarabağ məsələsinə görə möhkəm danladı” -Rusiyanın keçmiş kəşfiyyat rəisi
Yenixeber.org: Vyaçeslav İvanoviç Trubnikov Rusiyanın siyasi dairələrində ən məlumatlı şəxslərdən biridir. 90-cı illərin sonunda və 2000-ci illərin əvvəllərində o, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri vəzifəsində çalışıb, bundan əlavə, Rusiya XİN başçısının birinci müavini və Rusiya Xarici kəşfiyyat idarəsinin rəhbəri olub. V.Trubnikov Qarabağ nümaqişəsinin tənzimlənməsi prosesinin təfərrüatları ilə yaxından tanışdır və uzun illər iki düşmən ölkənin prezidentlərinin çətin keçən danışıqlarında iştirak edib.
Onun Bakıda olmasından istifadə edərək, virtualaz.org-un əməkdaşı V.Trubnikovdan müsahibə alıb.
- Sizcə, ötən 25 il ərzində Qarabağ münaqişəsinin həllinin real yollarının tapılmamasının səbəbi nədir?
- Postsovet məkanında mövcud olan ən mürəkkəb problemin həlli üçün iki ölkənin liderlərinin siyasi iradəsi lazımdır. Fikrimcə, siyasi iradə - əhalinin dəstəyinə arxalanaraq, dövlət başçıları tərəfindən bu və ya digər tərəfi qalib, yaxud məğlub kimi görməməyə yönəlmiş addımların atılmasından ibarətdir. Güzəştləri axtarmaq lazımdır.
- 20% ərazisi işğal olunmuş Azərbaycandan hansı güzəştləri gözləyirlər?
- Erməni tərəfi hər zaman iddia edib və indi də israr edir ki, yeddi rayonun azad edilməsi Qarabağ münaqişəsinin kompleks şəkildə həllinin tərkib hissəsidir.
- Yəni Ermənistan Dağlıq Qarabağın statusunun Azərbaycanın hüdudlarından kənarda müəyyənləşdirilməsində israr edir. Aydın deyilmi ki, Azərbaycanda heç kəs buna getməz?
- Əlbəttə, müxtəlif variantlar müzakirə edilib, lakin erməni tərəfi həmişə bəyan edib ki, işğal olunmuş əraziləri elə-belə qaytarmayacaq. Hər halda, ermənilər hər zaman bu mövqedə sərt şəkildə durublar, azərbaycanlılar isə Dağlıq Qarabağın müstəqil statusuna qarşı çıxıblar – buna görə də, tənzimlənmə prosesi dalana dirənib. Doğrudur, 2000-ci illərin əvvəllərində tərəflər münaqişənin həllinə çox yaxın idilər. 2000-ci ilin aprelində biz ABŞ-ın Ki-Uest şəhərində görüşdük. Prezidentlər Heydər Əliyev və Robert Koçaryan sülh sazişinin bəndlərini də razılaşdırmışdılar.
Öz tərəfimizdən biz də Laçın dəhlizinin Ermənistanla Dağlıq Qarabağ, Mehri dəhlizinin isə Azərbaycanla Naxçıvan arasında istifadəsi üçün düstur tapmışdıq. Beynəlxalq ictimaiyyət isə ATƏT-in Minsk qrupunun simasında BVF vasitəsilə tənzimlənmənin bu variantını maliyyələşdirməyə hazır idi. Bundan başqa, Ermənistan hərbi hissələrini işğal edilmiş ərazilərdən çıxarmağa, hər iki tərəf Dağlıq Qarabağın aralıq statusu qazanmasına razı idi. Lakin təəssüf ki, bu qərar sona qədər işlənmədi, yaxud da kimisə qane etmədi.
- Belə bir fikir var ki, hər iki ölkəyə təsir imkanını əldə saxlamaq xatirinə məhz Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmamasına çalışır.
- Mən bu fikirlə rastlaşmışam. Amma cavab verin, sərhədlərinin yaxınlığında bu münaqişənin mövcudluğu Rusiyanın nəyinə lazımdır? Axı bu alov onun ərazisinə də keçə və yüz minlərlə qaçqın Rusiyaya pənah gətirə bilər. Məgər biz mazoxistlərik? Əksinə, Rusiya əlindən gələni edir ki, bu münaqişə dayandırılsın, cənub sərhədlərimizdə nəhayət ki, sakitlik bərqərar olsun.
Məh heç zaman Kremldən münaqişəni qızışdırmaq barədə göstəriş almamışam, əksinə, həmişə deyiblər ki, bu münaqişənin həll variantlarını tapaq.
- Amma Rusiya, misal üçün, Ermənistana təsir göstərə bilər ki, o, hüquqi müstəviyə qayıtsın.
- Bu və ya digər tərəfə təzyiq heç bir nəticə verməyəcək. Erməni tərəfinin üstünlükləri hazırda daha çoxdur – onun əlində işğal olunmuş torpaqlar və Dağlıq Qarabağ var. Bu qədər üstünlüyü olan tərəf, sizcə, asanlıqla problemin həllinə razı olar? Ermənistan maksimal dərəcədə bu üstünlüklərdən istifadə etməyə çalışacaq, təzyiq göstərilərsə, əks effekt verə bilər. Buna görə də, tərəfləri səbrlə münaqişənin sülh yolu ilə həllinə dəvət etmək lazımdır.
Problemin sülh yolu ilə həllinə alternativ yoxdur. Bu münaqişənin hərbi həll üsulu mövcud deyil. Burada yalnız hər iki tərəfin siyasi iradəsinə ehtiyac var.
İstənilən döyüşkən ruhlu bəyanat bizi münaqişənin həllindən uzaqlaşdırır. “Nə hərb, nə sülh” vəziyyəti isə çox təhlükəlidir.
- Yəni siz fikirləşirsiniz ki, münaqişə istənilən dəqiqə, ötən ilin aprelində olduğu kimi, alovlana bilər?
- Şəxsən mən bunun baş verəcəyini gözləmirdim. Lakin oldu. Biz isə özümüzə sual verdik: tətiyi niyə sıxdılar? Yeni müharibə heç nə verməyəcək. Öz tərəfindən isə Rusiya hər şey edəcək ki, heç bir halda hərbi əməliyyatlar təkrarlanmasın. Ən nəhayətdə, bu, bizim milli təhlükəsizliyimizi təhdid edir.
- İki ölkənin vətəndaş cəmiyyətinin əlaqələri problemin həllinə kömək edə bilər?
- Bunu demək çətindir, amma mən hələ elə bir nümunə tanımıram ki, rəsmi hakimiyyətlərin anlaşması olmadan vətəndaş cəmiyyətinin səyləri nəticə versin. Lakin gələcəkdə bu işlər problemin həllinin tərkib hissəsinə çevrilə bilər.
- Siz də münaqişə zonasına “mavi dəbilqələr”in yeridilməsinin tərəfdarısınız?
- Əsla. Bu nə verə bilər ki? Ayrılma, ağır texnikanın geri çəkilməsi onsuz da müşahidə edilir. ATƏT MQ ildə iki dəfə təmas xəttini keçir. Özü də keçmiş üzümlüklərin yerində Ermənistan Silahlı Qüvvələri tərəfindən yerləşdirilmiş mina sahələri ilə. Buna görə də, mən sülhməramlı qüvvələrin yeridilməsində bir məna görmürəm.
- Deyilənə görə, regiona səfərlərinizdən birində Heydər Əliyev sizə bərk əsəbiləşibmiş.
- Əlbəttə, yadımdadır. Lakin o vaxt Heydər Əliyev hər üç həmsədri tənqid etmişdi. Bakıda jurnalistlərin qarşısında Ki-Uestdə təklif etdiyimiz həll düsturunun mümkün nəticələri barədə onu məlumatlandırmadığımıza görə bizi bərk danlamışdı. Mən bu söhbəti hələ də xatırlayıram. Heydər Əliyeviç bizə bərk əsəbiləşmişdi.
- BMT-nin dörd qətnaməsi var. Ermənistan bunlara niyə əməl etmir?
- Onlarla, hətta yüzlərlə qətnamə var ki, onillərdir yerinə yetirilmir...
- Amma misal üçün, Liviya məsələsində BMT sona kimi israr etdi.
- Liviya məsələsində Rusiya BMT TŞ-də tərəfdaşları tərəfindən aldadıldı və “uçuşsuz zona”dan Liviyanın işğalı üçün istifadə olundu. Bundan sonra Rusiya bu və ya digər qətnaməni dəstəkləməzdən öncə üç dəfə fikiləşəcək.