Ana ölümlərinə səbəb nədir,- günahkar kimlərdir...
Son zamanlar yerli mediada ana ölümləri haqqında xəbərlərin sayı artıb. Belə olduğu halda əksər ana namizdələrində müəyyən qorxular yaranır. Bu məsələdə xüsusilə həkimləri qınayanlar daha çoxdur. Lakin ana namizdələrin üzərinə düşən öhdəliklər də var.
Yenixeber.org: Maraqlıdır, ana ölümlərinin baş vermə səbəbi nədir? Ümumiyyətlə, ana namizədləri hamiləlik dövründə nəyə diqqət etməlidir?
“Hamiləlik zamanı bir çox tibbi problemlər yarana bilər”
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov Modern.az-la söhbəti zamanı ana ölümlərinə səbəb olan bir sıra amillərdən söz açıb. O, həmçinin son zamanlar ana ölümlərinin azaldığını qeyd edib:
“İldən-ilə ana ölümlərinin yaranma səbəbləri fərqli olur. Lakin ilk növbədə qeyd etmək lazımdır ki, ana ölümlərinin sayında artım müşahidə edilmir. Əksinə, son 10 ildə azalmalar var. Əgər 10 il bundan əvvəl hər il 48-52 ana ölümü baş verirdisə, son illərdə bu rəqəm 24-25 olub və hələ ki vəziyyət stabil olaraq qalır.
Tədqiqatlar göstərir ki, ana ölümlərinin başlıca səbəbi qadınların antenatal xidmətə çox zəif müraciət etməsidir. Yəni Bakı və iri şəhərlər, rayonların mərkəzi istisna olmaqla əsasən kənd və ucqar yerlərdə, bir qədər mərkəzdən kənar olan ərazilərdə əhali qadın məsləhətxanalarına, poliklinikalara çox az müraciət edir. Həkimlər 9 ay ərzində hamiləliyinin necə keçdiyi bilinməyən qadınların sonradan doğuşa gəlməsi və bu zaman ciddi problemlərin baş verməsi ilə üzləşir. Qadınlar bilməlidir ki, hamiləlik zamanı bir çox tibbi problemlər yarana bilər. Məsələn, hamiləliyin yüksək qan təzyiqi, böyrək çatışmazlığı buna nümunədir. Bəzi qadınlarda bu, hamiləlik zamanı inkişaf edir. Bu cür problemlərin bilinməməsi səbəbindən ana ölümləri yaranır. O cümlədən doğuş normal keçsə belə bundan sonra ciddi fəsadlar yarana bilir”.
“İnfeksiyalar, hamiləlikdən əvvəl müayinə...”
“Ana ölümlərinə səbəb olan ikinci amil infeksiyalardır. Xüsusilə virus infeksiyaları-qripdən tutmuş, qızılca, məxmərə hamiləliyin ağırlaşmasına və digər ciddi problemlərə gətirib çıxarır. Xoşbəxtlikdən bunların sayı Azərbaycanda çox deyil və ildən-ilə azalma müşahidə edilir. Amma yenə də risk faktoru kimi qalmaqdadır.
Üçüncü ciddi problem qadınların hamiləlikdən əvvəl müayinə olunmamasıdır. Hamiləlikdən əvvəl ailənin planlaşdırılması baxımından Ailə Planlaşdırma mərkəzlərinə və poliklinikalara təəssüf ki, müraciətlər çox az olur. Bu da həmin qadınlarda ürək qüsurlarının, böyrək problemlərinin vaxtından əvvəl aşkar edilməməsi ilə nəticələnir. Bəzən qadınlar bu cür problemlərdən agah olsalar da, həkimlərin məsləhətinə baxmayaraq hamilə olmağa üstünlük verirlər. Halbuki, bir sıra patologiyada-böyrək, ürək, ağciyər, nevroloji problemləri olan qadınlara hamiləlik məsləhət görülmür. Belə qadınların bir qismi hamiləliyi başa çatdıra bilsə də, sonrakı sağlamlıqlarına ciddi təsir edir və həmin dövrlərdə ölüm riski də artır. Təəssüf ki, qadınların əksəriyyəti buna diqqət yetirmir”.
“Qadınlar hamiləliyi planlaşdırmamışdan öncə həkim müayinəsindən keçməlidir”
N.Seyidov son dövrlərdə təkrar abortların da ana ölümü ilə nəticələndiyini qeyd edib:
“Eyni zamanda, son dövrlərdə az müşahidə edilsə də, təkrar abortların aparılması ana ölümləri ilə nəticələnə bilər. Cərrahi və ya qeyri cərrahi yolla abort keçirən qadınların sonrakı hamiləliyi ağırlaşma ilə keçir və qanaxma riski ortaya çıxır. Bu da abortdan sonra çoxlu bitişmələr, uşaqlıq patologiyalarının yaranıb inkişaf etməsi ilə bağlıdır. Abort normal keçsə də, bu sonrakı hamiləlik dövrünə təsir edir.
Qadınlar hamiləliyi planlaşdırmamışdan öncə mütləq həkim müayinəsindən keçməlidir. Yalnız qadınlar deyil, ata namizədlər də həkimə müraciət etməlidir. Hamiləlik dövründə isə qadınlar ən azı iki dəfə ultrasəs və ən azı 4 dəfə, yaxşı halda isə 7 dəfə ginekoloqun müayinəsindən keçməlidir. Bu Ümumdünya Səhiyyə Təşkilatının bütün ölkələrə verdiyi tövsiyələrdir və Azərbaycan buna tam şəkildə riayət etməklə yanaşı qadınlara da məsləhət görür. Təəssüf ki, qadınlarımız buna əməl etmir və bu, ciddi problemlərə səbəb olur.
Ümumilikdə Azərbaycanda həm tibbi qayğının gücləndirilməsi, həm də regionlarda yeni xəstəxanaların tikilməsi, avadanlıqlarla təmin edilməsi nəticəsində ana ölümlərinin sayı azalıb. O cümlədən həkimlərin səriştəsini də qeyd etmək lazımdır. Əlbəttə ki, həm ana, həm uşaq ölümləri ilə bağlı biz Almaniyanın, Amerikanın, Fransanın statistikası ilə özümüzü müqayisə edə bilmərik. Amma bu istiqamətdə səhiyyəmizdə irəliləyiş olduqca və inkişaf etdikcə biz Avropadakı səhiyyənin vəziyyətinə yaxınlaşacağıq”.