Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Nardaranda cənazələri gözləyirlər- FOTOLAR+VİDEO

926
İki gündür ki, ölkə gündəmində Nardaranda baş verən hadisələr müzakirə olunur. Dünən Nardaranda baş verən silahlı insident zamanı dünyasını dəyişən iki polis əməkdaşı bu gün dəfn edildi. Polislə qarşıdurma zamanı ölən dindarların cənazəsi isə hələ ki, ailələrinə verilməyib. Yaralananlar isə 3 saylı Sabunçu Klinik Xəstəxanasında müalicə alırlar. Onların adı açıqlanmır. 
Xeberinfo.com:   Silahlı insidentdən sonra Nardaranda yerli əhali arasında gərginlik hökm sürür. Sakinlər polislərin Tale Bağırzadəni və yanındakıları həbs edərkən silahdan istifadə etmələrinə və evlərə girmələrinə etiraz etdiklərini deyirlər. Artıq dünəndən kənd sakinləri Nardarandakı meydanına gələn bütün yolları bağlayıb. Kəndin bütün girişlərində kənd camaatı tərəfindən postlar qurulub.
“Yeni Musavat” qəzetinin reportyorları olaraq, Nardarandakı son vəziyyətlə yerindəcə tanış olmaq üçün bugün kəndə yollandıq. Əvvəlcə kəndə getməyə tərəddüd edirdik. Çünki yerli sakinlər media nümayəndələrinə qarşı qəzəblidirlər. Dünən də bir neçə jurnalist yerli sakinlərin qəzəbinə tuş gəlmişdilər. Onlar televiziya və saytlardan gələn jurnalistlərin çəkiliş etdikdən sonra efirə onların əleyhinə məlumat vermələrinə etiraz edirlər.
Kəndə getməyə tərəddüd etdiyimizə görə əvvəlcə oradakı vəziyyəti öyrənmək üçün kənd ağsaqqalı Kərbəlayi Natiq Kərimovla telefon əlaqəsi saxladıq. Kəndə gəlməyimizdə bir problemin olub-olmayacağını öyrəndik.
Kərbəlayi Natiq Kərimov dünən jurnalistlərə qarşı edilən zorakılığın həmin günün gərginliyi ilə əlaqəli olduğunu və kəndə gəlməyimizdə problemin olmadığını bildirdi:“Sizə heç kim heç nə deməyəcək. Gələ bilərsiniz. Amma yerli insanlar da yazılanlardan narazıdır. Onları da başa düşmək lazımdır. Gəlin, mənim yanıma…”
Bu söhbətdən sonra Nardarana yola düşdük. Maştağadan çıxdıqdan sonra Nardaranın girişində polis əməkdaşlarının postunda yoxlamadan keçirik. Maşınlar və sərnişinlərin şəxsiyyət vəsiqələri yoxlanılır. Şəxsiyyət vəsiqəsi olmayanlar kəndə buraxılmır.
Polis əməkdaşlarının postunu keçdikdən sonra Nardarandakı meydanına üz tuturuq. Meydanın yaxınlığında kəndin gəncləri tərəfindən qurulan posta yaxınlaşırıq. 18-20 yaşlı gənclər bizdən kim olduğumuzu, hara getdiyimizi soruşurlar. Media nümayəndələri olduğmuzu deyərkən bizdən vəsiqələrimizi istəyirlər.
Kərbəlayi Natiqin yanına getdiyimizi, onun xəbərinin olduğunu deyirik. Lakin icazə verməyəcəklərini deyirlər. Kərbəlayi Natiqə zəng edirik və telefonu postda olan gəncə veririk. Kərbəlayi kiminlə danışdığını soruşur. Telefonu alan gənc bu cavabı verir: “Birinci postdan filankəsdir”.
Nəhayət, gənclər bizim Kərbəlayinin yanına getdiyimizə inanırlar. Gənclərdən biri bizi meydana Kərbəlayinin yanına aparır. İlk postdan bir neçə metr sonra daha bir postda çatırıq. Bu postda da kənd cavanları yığışıb.
Kəndin mərkəzi sayılan bu meydanına çatanda təxminən 200-300 nəfərin qruplar şəklində toplaşdığını görürük. Kəndin ağsaqqalları və gəncləri bir neçə yerdə tonqallar qalayaraq, qruplar şəklində söhbət edirdilər. Kəndin bir qrup qadınları da meydanda idi.
Kərbəlayi Natiqlə görüşərkən kənddə baş verən son hadisələri soruşduq. Əvvəlcə dünən öldürülən dörd nəfərin cənazəsi verilmədiyinə görə insanlar arasında narahatçılığın olduğunu deyən Kərbəlayi dedi ki, heç kim polislə qarşıdurmaya girmək istəmir.
“Burada olanların hamısı şiədir. Heç kim dava, qarşıdurma istəmir. Məsələ dinc yolla həll olunmalıdır. Meyitləri versinlər. İnsanlar uşağını dəfn etsin” – deyə Kərbəlayi söhbətində deyir.
Hazırda kənddə işıq yanmır. N.Kərimov deyir ki, işığın olmaması ilə bağlı rəsmi qurum olan “Azərişıq”a məlumat verilib: “Günorta namazından işıq yoxdur. Dedilər, bir azdan olacaq. Deyirlər ki, ərzaq gətirilmir. Bilmirik ki, firmalar, ya da polis buraxmır. Amma dəqiq deyil. Postlarda ciddi yoxlama var”.
Daha sonra “Azərişıq”dan verilən rəsmi açıqlamada bildirildi ki, işıqlar kənd camaatının borcuna görə kəsilib. Biz kənddə olduğumuz müddətdə işıq bir neçə dəfə yandı və söndü. Onu da əlavə edək ki, qonşu kəndlərdə işıq var. Nardaran kəndinə uzun illərdir ki, təbii qaz da verilmir.
N.Kərimov onu da bildirdi ki, onlar sakitliyin tərəfdarıdırlar: “Bu dövlət bizim dövlətimizdir. Bu dövlətin qurulmasında nardaranlılar da iştirak ediblər. Dövlət hamımızındır. Söz azadlığı varsa, sözümüzü deyirik”.
Kənd meydanındakı mağazaların əksəriyyəti işləmir. Generator vasitəsi ilə sadəcə olaraq, bir mağazada işıq yanırdı.
Kəndə çörək gətirən maşınların buraxılmadığı deyilirdi. Bu söhbətdən bir neçə dəqiqə sonra çörək maşının gəldiyini gördük. Maşının sürücüsündən necə gəldiyini soruşduq. Sürücü bildirdi ki, postlardan keçmək çətin olur, ara yollarla kəndə gəlmək mümkündür.
Kənd sakinləri ilə söhbətimizdə jurnalistlərə olan qəzəbin səbəbini də öyrənirik. Ümumi fikir belədir: “Bizi radikal dindar kimi qələmə verirlər. Biz heç kimə, heç nə etməmişik. Gəlib, camaatı namaz qılan yerdə aparıblar. Silahla vurub, öldürüblər. Jurnalistlər gəlir, burada bizimlə normal danışırlar, söhbət edirlər. Ancaq gedib, elə sözlər yazırlar ki, tam əksinə… “Radikal dindarlar”, “eksterimistlər”, “dini qruplaşma üzvləri” yazırlar. Nardaranlılar dindardırlar. Bu, nə dünən, nə də bu gün bilinib. Dədədən, babadan bura belə bilinib. İndi birdən-birə belə məsələlər ortaya çıxdı”.
Kəndin mərkəzində çadır da qurulub. Evlərdə işıq və qaz olmadığından insanlar meydanda gözləyirlər. Dünən gecə olduğu kimi, bu gecə də kənd girişlərində gənclər növbə çəkəcək.
Kənd sakini Məşədi Mehmanın sözlərinə görə, cənazələrin sabah ailələrinə verilməsi gözlənilir: “Bu gün veriləcəyini gözləyirdik. Ancaq vermədilər. Yəqin ki, sabah verəcəklər. Səhər verilərsə, günorta namazından sonra dəfn edəcəyik”.
Məşədi Mehman da kənddə yaşananlardan danışdı. Əsasən mediada yazılanlardan narahat olduqlarını deyən Məşədi Mehman insanların daha da aqressivləşməsinə səbəbin məhz bunun olduğunu deyir:“Hadisə olub. Ancaq bəzi jurnalistlər insanları qızışdırır. Yazılanları oxuyanlar əsəbləşir. Bu gün də jurnalistlər gəlmişdi. Şərait yaratdıq, çəkdilər. Amma yenə də gedib, öz istədiklərini yazdılar. Camaat, dindar camaatdır. Heç kim başqasına pislik etmək istəməz. Artıq elə fikir formalaşdırıblar ki, sanki nardaranlılar adam öldürəndir”.
Kənd meydanında samovarlar qalanır. Meydana yandırmaq üçün təkərlər, taxtalar gətirilir. Meydan və kəndin giriş hissələri nəzarətsiz saxlanılmır.
Meydanda olarkən samovar qaynadanlar bizi də çaya dəvət edirlər. Çay təklif edərkən bizdən bir xahişlərinin olduğunu deyirlər: “Sizi and veririk, Allaha… Yazın ki, onlar bizi normal qarşıladı. Çay da verdilər. Biz başkəsən deyilik. Adam öldürən də…”
Cənazələrin gətiriləcəyini hava qaralanadək gözlədik. Lakin kənd sakinləri bildirdilər ki, cənazələrin bu gün verilməsi gözlənilmir. Əgər cənazələr sabah verilsə, günorta dəfn mərasimi olacaq.
Cənazələrin sabah gətiriləcəyini dəqiqləşdirdikdən sonra Nardarandan çıxmağa qərar verdik. Məşədi Mehman bizi ilk posta qədər müşayiət etdi. Hər kəsin jurnalistlərə qarşı eyni fikirdə olmadığını deyən Məşədi Mehman sabah gəlmək istədiyimizdə əvvəlcədən xəbər verməyimizi istədi.
Nardaran gənclərinin qurduğu postdan çıxarkən gənclərlə qısa söhbətimiz də oldu. İşığın olmamasından və əsasən də sosial şəbəkələrə çıxışlarının kəsilməsindən şikayətlənən gənclər dedilər ki, işıq olmadığından bir-birləri ilə əlaqə saxlamaqda da çətinlik çəkirlər.
Hazırda kənd camaatının biraraya toplanması üçün istifadə edilən üsul kənddə olan qaz turbalarının dəmirlərlə döyəclənməsidir. Turbaları döyəcləyən gənclər bununla kəndə gələnlərin olduğunu xəbər verirlər.
Nardarandan çıxarkən növbəti dəfə polislərin postunda yoxlanıldıq. Bu dəfə də maşın və sərnişinlərin vəsiqələri yoxlanıldı.(musavat.com)







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam