“SİZƏ AZƏRBAYCANIN İSTİQLALİYYƏTİ YERİNƏ MƏZARLIQ BƏXŞ EDƏCƏYƏM”
“EVELİNA MÜNAQİŞƏSİ” BƏHANƏ, “BAKİNSKİ RABOÇİ” İDEOLOYİ RIÇAQ, MANTAŞOVUN ZAVODU QƏRARGAH ROLUNDA
...Azərbaycan türklərinin soyqırıma məruz qalmasında əsas təzyiq rıçağı rolunda çıxış edən Stepan Şaumyan həm də bu ümumbəşəri cinayətin törədilməsinin eskizlərini hazırlayan ideoloqlardan idi. Çirkin planların həyata keçirilməsində Şaumyanın xislətində olan vampirlik hətta Leninin özünü belə dəhşətə gətirirdi....
SÖZARASI: Məxfi iş dalınca Fransaya yollanan Leninin məşuqəsi İnessa Armandın deşifrə olunaraq həbs edilməsi onun Moskvadakı Fransa səfirliyinə hücum edərək əməkdaşları bir-bir güllələyəcəyi ultimatumunda da “rəhbər”in vampirliyini üzə çıxarmışdı...
Qaldı ki, Şaumyanın vampirliyinə, bununla bağlı “atası homoseksualist, anası da rus çarının məşuqəsi olan” Leninin münasibətini yazının gedişatında bildirəcəyik...
Dondan-dona girməyi ani göz qırpımında bacaran Şaumyan beynində gizlətdiyi bütün çirkin niyyətləri gerçəkləşdirmək üçün mümkün olan vasitə və səlahiyyətlərin hamısının ona verilməsini mərkəz Moskvadan təkidlə tələb edirdi. Təbii ki, belə tələbnamələrin özü də erməni millətçilərinin cızdıqları quruluş planından irəli gələn məqamlarla şərtləndirilirdi. Sadəcə olaraq, Şaumyan tempi bir az da sürətləndirmək istəyirdi.
O zaman yaranan tarixi şəraitdən Azərbaycanın müstəqilliyini qazanmaqdan ötəri bütün resurslar baxımından bazanın həddindən artıq zəif olmasına baxmayaraq dövlətçiliyimizi hər şeydən üstün tutan milli qüvvələr bütün mövcud olan vasitələrdən yararlanmağa çalışırdılar. Bunun qarşılığında Şaumyan da milli qüvvələrin imkanlarını heçə endirmək üçün yeni-yeni planlar cızırdı. O dövrün araşdırıcılarından olan ünlü ziyalımız VƏLİ HƏBİBOĞLU yazır: “...Şaumyan bu məqsədlə erməniləri gizlincə cilahlandırır, onların arasında güclü təbliğat işi aparırdı. Bakıda yaradılmış Şura hökuməti adına Rusiyadan göndərilən hərbi sursatlar və silahlar ya daşnaklara paylanılır, ya da ermənilərdən olan sahibkarların zavodlarında gizlədilirdi. Mantaşovun zavodu belə bir qərargah rolunu oynayırdı..”.
Şaumyan öz məkrli niyyətlərini həm də ideoloyi müstəvidə, özü də heç kimdən çəkinmədən həyata keçiririrdi. Təsadüfi deyil ki, o zamankı “Bakinski Raboçi” qəzetinin səhifələrində Şaumyan hətta “Azərbaycan” sözünün özünə belə şübhəylə yanaşır və sərsəm iddialarla çıxış edirdi. “26 Bakı Komissarları”ndan olan A.Əmiryanın redaktoru olduğu bu qəzet törədiləcək soyqırım faktı üçün ideoloyi zəmin hazırlayırdı. Şaumyanın “vətəndaş müharibəsi” pərdəsi altında oynadığı oyunu Lenin BELƏ QİYMƏTLƏNDİRMİŞDİ: “Sizin möhkəm və qəti siyasətinizə məftunuq. Bacarıb həmin siyasəti indiki çox çətin vəziyyətin şəksiz tələb etdiyi çox ehtiyatlı bir diplomatiya ilə birləşdirin”.
Baş ideoloq olan Şaumyan Leninə məftunluq bəxş edən siyasətini onunda arzuladığı diplomatiya ilə birləşdirdi. Ancaq erməni millətçilərinin həyasızlıqları o həddə qədər yüksəldi ki, axırda Leninin özü milli məsələ ilə bağlı elə həmin “Bakinski Raboçi” qəzetində Şaumyana tənqid dolu BELƏ BİR CAVAB yazdı: “...Rusiya marksistinə erməni toyuq hininə xidmət göstərən bir şəxs kimi fikir yürütmək eyib deyilmi? Siz “erməni” korluğu sayəsində Pirişkeviçlərin və onların millətçilərinin əlaltılarına çevrilirsiniz...”.
Tam əksəriyyəti erməni millətçilərindən təşkil olunan Bakı Kommunası soyqırımı törətmək üçün əlverişli şərait gözləyirdilər. Üstəlik “Qırmızı Ordu” adı altında başdan ayağa silahlandırılmış erməni birləşmələri də onların əmrinə müntəzir dayanmışdılar. Arzulanan belə əlverişli şəraitsə 1918-ci il mart ayının 30-u oldu. Həmin gün Şaumyanın əmrinə əsasən Bakı tərsanəsində “Evelina” gəmisi həbs edildi..
Tarixə “EVELİNA MÜNAQİŞƏSİ” kimi düşən bolşevik-daşnak koalisiyasının müsəlman əhali üzərinə birgə hücumu soyqırıma ən qızğın xarakter verdi. Bundan bir az öncə, 1918-ci ilin 17 mart tarixində müsavatçıların olduğu “Avetik” gəmisi Şaumyanın əmrilə atəşə tutulsa da, ancaq soyqırım üçün bəhanəni tam formalaşdıra bilmədi. Bu hadisədən sonra erməni millətçiləri başda Avakyan olmaqla “Astoriya” mehmanxanasındakı silah-sursatı açıq şəkildə daşnaklara paylamağa başladılar – özü də Hərbi İnqilab Komitəsinin adından. Növbəti məqam gözlənilirdi və bu məqam da “Evelina” gəmisiylə bağlə YAYILAN ŞAYİƏdə tamamlandı. O zaman Azərbaycanın tanınmış milyonçusu Hacı Zeynalabidin Tağıyevin oğlu Məhəmməd əcgəri xidmət etdiyi Lənkəranda təsadüfən açılan güllə nəticəsində həlak olur. Onun dəfnində iştirak edəcək Məhəmmədin zabit yoldaşları da cənazənin basdırılmasında iştirak etmək üçün “Evelina” gəmisiylə onunla birgə Bakıya gəlirlər. Dəfndən sonra gəmiylə geri qayıdan heyətin həbs edilməsi üçün Şaumyan əmr verir və gəmi atəşə tutulur. Üstəlik Şaumyan Rus Milli Şurasına, Xəzər matroslarına, eser və menşevik partiyalarına düzüb qoşduğu şayiə ilə BELƏ BİR MƏLUMAT verir. Guya “Evelina” gəmisində olan hərbçilər Lənkərandakı hərbi hissələrlə birləşib Muğandakı rus-molokan kəndlərini məhv etmək haqda xüsusu tapşırıqla yola çıxıblar.
Hətta bununla bağlı Şaumyan aşağıdakı heyətdə İnqilabı Müdafiə Komitəsinin yaradılmasına nail olur: Şaumyan, Çaparidze, Korqanov (Korqanyan), Suxortsev, Saakyan, Yolçuyan və Nəriman Nərimanov. Və...və bolşevik-daşnak birləşmələri “bir şüşə konyaka 10 müsəlman” prinsipiylə qəddarcasına Azərbaycan türkünün soyqırımını həyata keçirirlər...
“Azərbaycanın istiqlal mübarizəsinin tarixi”ni yazan HÜSEYİN BAYKARA həmin dövrün hadisələrilə bağlı yazır: “Bakıda özünün rəhbərliyi altında Sovet hökumətini quran Şaumyan azəri türklərinə “SİZƏ (seçmə mənimdir-müəllif) Azərbaycanın istiqlaliyyəti yerinə bir MƏZARLIQ BƏXŞ EDƏCƏYƏM” (seçmə mənimdir-müəllif) sözlərini açıqca söyləyib”.
“1918-ci il mart qırğınının tarixşünaslığı” kitabının müəllifi ANAR İSGƏNDƏROV vurğulayır ki, Şaumyan etdiklərinin əvəzində mərkəzdən vəd olunmuş payı – Azərbaycan və Türkiyənin tarixi ərazilərində erməni dövlətinin yaradılmasını tezləşdirməyi tələb edirdi. Başlanan soyqırımın qaniçənliklə həyata keçirilməsi bütövlükdə insanlığın adına bir ləkə olub. Bu qaniçənliklə bağlı faktlar o dövrün canlı şahidi olan və ermənilərə qarşı vuruşan ƏLİABBAS MÜZNİBin “Bakıda millət müharibəsi”, Keşləli MƏŞƏDİ HİLAL KAZIMOVun “İlk müharibə”, DADAŞ RZAZADƏnin “Mart halisati-allirəsi barəsində” kimi yazılarında, Həmçinin M.Ə.RƏSULZADƏnin, RƏŞİD BƏY İSMAYILOVun, CAHANGİR ZEYNALOĞLUnun, MİRZƏ BALA MƏMMƏDZADƏnin, BƏXTİYAR NƏCƏFOVun tarix üçün yazıb qoyduqları statistik məlumatlarda öz əksini tapır. Eyni zamanda mərhum prezident HEYDƏR ƏLİYEVin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il fərmanından sonra Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdirdiyi “Tariximizin faciəli səhifələri: soyqırım” kitabından oxuyuruq: “...Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Göyçayda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, 10 minlərlə insanları öz yurd-yuvalarından didərgin salmışdılar. Yalnız Bakıda 30 mindən artıq soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmiş, Şamaxı qəzasının 58 kəndi dağıdılmış, 7 min nəfərədək adam, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 müsəlman kəndi yerlə yeksan edilmişdir. Dağlıq Qarabağın 150-dən çox, Zəngəzur qəzasında 115 Azərbaycan kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur... ”...
Bütün bunların sonucu olaraq ermənilər 1699-cu ildən ta 2015-ci ilin bax elə bugünkü tarixinə qədər artıq 30 min kvadrat kilometr ərazimizi mənimsəyiblər. Bizsə Şah İsmayılın formalaşdırdığı 2 milyon 400 min kvadrat kilometrlik ərazini ona-buna pay-püşk etməklə hazırda 68 min kvadrat kilometrlik bir ərazidə qaçdı-tutdu oynayırıq....Görünür bizim tabut önündə söz deyə biləcək ziyalılarımız yoxdur – millətinə gün ağlayan və türk millətini ağlar qoyan Şaumyanlar kimi....