Füzuli RİH etiraz edir
Füzuli RİH: "Yalan xəbərlə uzağa getmək olmaz"
"Xeberinfo.com": Redaksiyamızın elektron ünvanına Füzuli RİH tərəfindən daxil olan yazıda bəzi xəbər portallarının yanlış məlumat yaymasından bəhs olunur. Müəyyən dairələr üçün maraqlı olacağını nəzərə alıb yazını olduğu kimi dərc edirik.
"Son günlər bəzi “saytlarda və elektron portallarda” Füzuli rayonu və onun rəhbər işçiləri barədə heç bir fakta söykənməyən, əsassız, qərəzli, şərəf və ləyaqəti alçaldan, ictimaiyyət arasında çaşqınlıq yaradan, böhtan xarakterli yazılar dərc olunmaqdadır.
Bildiririk ki, dərc etdirdiyi yazılarda qərəzli mövqe tutan, vətəndaşların şərəf və ləyaqətini alçaldan, rayonun vəzifəli şəxslərinin işgüzar nüfuzuna xələl gətirən, rayon haqqında şər-böhtan xarakterli materiallar dərc etdirən saytların hərəkətləri rayon əhalisinin ciddi narazılığına səbəb olmuşdur.
Füzuli rayonu cəbhə xəttində yerləşir və ərazisinin böyük bir hissəsi işğal altındadır. Yuxarıda adları göstərilən mətbuat orqanları Prezident cənab İlham Əliyevin 24 sentyabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamını kobud şəkildə pozaraq cəbhə bölgəsi olan Füzuli rayonu və onun rəhbər işçiləri barədə yalan, dezinformasiya xarakterli məlumatlar yaymaqla cəmiyyət arasında çaşqınlıq yaradır, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirən hərəkətlərə yol verir, “Dövlət sirri haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozurlar.
Özlərini cəmiyyətdə Kütləvi İnformasiya Vasitəsi kimi təsdiq edə bilməyən bu saytlar qeyri-ciddi, jurnalist peşəkarlığından uzaq və məkrli yollarla Füzuli rayonunun rəhbər işçilərinin ünvanına ləkə yaxmağa, görülən işlərə kölgə salmağa çalışırlar.
Təəssüf ki, mətbuatın ali məqsədini unudaraq heçə sayan, obyektivlik və peşəkarlıq prinsipindən uzaq olan bu saytlar dəfələrlə Mətbuat Şurasının “qara siyahı”sına daxil edilsələrdə görünür bundan nəticə çıxarmaq istəmirlər.
Bir daha bildiririk ki, Prezident İlham Əliyevin ardıcıl diqqət və qayğısı ilə Azərbaycanın hər yerində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Azərbaycanın hər guşəsi kimi Horadiz də sürətlə inkişaf edir, yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, müasir dizaynda yeni parklar, bağlar salınır, magistral yollarda və şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun istinad divarları hörülür, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılır.
“Görülən işlərin hamısını kiçik bir yazıda sadalamaq qeyri-mümkündür. Amma, sağlam düşüncəli insan üçün bu yazı da kifayət edir ki, bütün bu işlərin insanlar üçün, vətəndaşların xoş güzəranı üçün edildiyini görsün və anlasın.
Cəbhə bölgəsində görülən bu işlərlə ən böyük qiyməti isə ölkə başçısı cənab İlham Əliyev 28 avqust 2014-cü ildə Füzuli rayonuna səfər edərkən vermişdir. Hər bir füzulilil görülən işlərlə fəxr edib qürur hissi keçirir. Yazı müəllifləri və onların arxasında duran məkrli insanlar isə bu məlum həqiqətə kölgə salmağa, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırırlar".