"Bəzi saytlar görülən işlərə kölgə salmağa çalışır"
Yalan ayaq tutar yeriməz!
Xeberinfo.com: Son günlər bəzi “sayt”larda və “elektron portal”larda Füzuli rayonu və rayon İcra Hakimiyyətinin başçı Alı Alıyev barədə heç bir fakta söykənməyən, əsassız, qərəzli, ictimaiyyət arasında çaşqınlıq yaradan, şər-böhtan xarakterli yazılar dərc olunmaqdadır.
Özlərini cəmiyyətdə Kütləvi İnformasiya Vasitəsi kimi heç cür təsdiq edə bilməyən, oxucu auditoruyası olmayan bu saytlar qeyri-ciddi, jurnalist peşəkarlığından uzaq və məkrli yollarla Füzuli rayonunun rəhbər işçilərinin ünvanına ləkə yaxmağa, bir az da irəli gedərək rayonda guya şəhidlərə hörmətsizlik edilməsi barədə yalan məlumat yaymaqdan belə çəkinməyərək ictimai rəydə çaşqınlıq yaratmağa, görülən işlərə kölgə salmağa çalışırlar.
Bildiririk ki, aprelin 1-dən 2-ə keçən gecə cəbhə xəttində ermənilərin təxribatının qarşısını alarkən Füzuli rayonundan 4 nəfər şəhid olmuş, xeyli əsgər və zabit yaralanmışdır. Düşmən təxribatının qarşısını alarkən qəhrəmanlıq göstərərk şəhidlik zirvəzinə yüksələn bütün şəhidlərimiz kimi Füzuli rayonundan olan şəhidlərində dəfni rayon İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə, minlərlə insanın iştirakı ilə keçirilmişdir.
Cəbhədə baş verən hadisələrlə bağlı yaşından, cinsindən və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir kəs bu gün ümumi düşmənimiz olan Ermənistana qarşı mübarizəyə kökləndiyi bir zamanda, bəz “sayt”ların şər böhtan yolunu tutaraq öz çirkin məqsədləri naminə şəhid ailələrinin adından istifadə etməsi əslində onların vicdanlarının pas atdığını, bu cür hərəkətlərlə düşmən dəyirmanına su tökdüklərini bir daha ortaya qoyur. Cəbhədəki son hadisələrlə bağlı respublikanın müxtəlif yerlərində məskunlaşan füzulili ziyalılar, incəsənət adamları rayona gələrək ordu və əhali ilə həmrəylik nümayiş etdirdikləri halda hadislələri Beyləqandan, Bakıdan izləyənlərin də nə dərəcədə “vətənpərvər” olduğu da füzulililərə yaxşı məlumdur.
Son hadisələrlə bağlı rayonun ağsaqqalları, ziyalılar, din xadimləri, gənclər sadə insanlar Prezident cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinə müraciət edərək bütün məsələlərdə olduğu kimi hər zaman dövlətin və dövlətçiliyin yanında olduqlarını, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşdiklərini bəyan edirlər. Füzulililər bildirirlər ki, bu gün Azərbaycanın bir düşməni var, bu torpaqlarımızın 20 faizini işğal edən, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasına səbəb olan Ermənistandır. Bu gün hər bir azərbaycanlı ölkə başçısının ətrafında yumruq kimi birləşməli, ümumi düşmənimiz olan Ermənistana qarşı mübarizə aparmalıdır. Füzulililər bəzi “sayt”ların hərəkətlərini düşmən dəyirmanına su tökmək kimi dəyərləndirir, sapı özümüzündən olan baltaları Füzuliyə, düşməndən azad olunan Lələ-təpəyə, cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşən Alıxanlı, Şükürbəyli, Mirzənağılı kəndlərinə dəvət edir, burda yaşayan, işləyən insanlarla maraqlanmağa, ordu-xalq birliyinə şahid olmağa dəvət edirlər.
Bəzi “saytlar”ın rayon İcra Hakimiyyəti başçısı Alı Alıyevin oğlu Elvin Alıyevin dəbdəbəli həyat sürməsi, istifadəsində bir neçə bahalı avtomobil olması barədə yaydqıları məlumatlar da yalan və əsassızdır. Alıyev Elvin Alı oğlu Polis Akademiyasının məzunudur, polis zabitidir. İstifadə etdiyi avtomobil isə Toyota Corolla markalıdır.
Sonda bir daha bildiririk ki, Füzuli rayonu cəbhə xəttində yerləşir və ərazisinin böyük bir hissəsi hələ də işğal altındadır. Bəzi “sayt”lar və onun arxasında dayanan məkrli insanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 sentyabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamını kobud şəkildə pozaraq cəbhə bölgəsi olan Füzuli rayonu barədə yalan, dezinformasiya xarakterli məlumatlar yaymaqla cəmiyyət arasında çaşqınlıq yaradır, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirən hərəkətlərə yol verir, “Dövlət sirri haqqında”, “Hərbi vəziyyət haqqında” və “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunlarını kobud şəkildə pozurlar.
Təəssüf ki, mətbuatın ali məqsədini unudaraq heçə sayan, obyektivlik və peşəkarlıq prinsipindən uzaq olan bu “sayt”lar dəfələrlə Mətbuat Şurasının “qara siyahı”sına daxil edilsələrdə görünür bundan nəticə çıxarmaq istəmirlər.
Sonda bir daha bəyan edirik ki, düşmənin təxribat xarakterli hərəkətlərinə layiqli cavab verən ordumuzun əldə etdiyi qələbə bütün Azərbaycan vətəndaşlarının, o cümlədən füzulililərin qəlbini qürur hissi ilə doldurub. Böyük qələbələrin müjdəçisi olan bu qələbə füzulililəri daha da inamla işləməyə, yaşmağa vadar edir. Füzulililər əmindirlər ki, xalqı qoruya bilən güclü ordumuz və ölkəyə rəhbərlik edən müdrik Prezidentimiz, Ali Baş Komandanımız var.