İcra başçısının mətbuata qarşı “ikinci cəbhə”si
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov və əlaltıları onların rayonda törətdikləri özbaşınalıqları ifşa edən mətbu orqanlarına qarşı apardıqları şər və böhtan kampaniyasını davam etdirmək üçün "yeni” üsullara əl atırlar.
Xeberinfo.com: Mövzuya dair ötən saylarımızda da dərc etdiyimiz materiallarda biz göstərmişdik ki, Ramiz Yediyarov yerli iş adamlarına qarşı törətdiyi haqsızlıqlara qanuni don geyindirmək, onun bu əməllərindən ziyan çəkmiş vətəndaşların haqq səsini ictimaiyyətə çatdıran kütləvi informasiya vasitələrini susdurmaq məqsədilə göstəriyi cəhdlərindən əl çəkmək niyyətində deyil. Bu məqsədlə icra başçısı bir müddət əvvəl bəzi mətbu orqanlarının səhifələrində özündə əsassız iddialar əks etdirən açıqlamalar dərc etdirsə də, bunun bir nəticəsi olmadı. Həmin "açıqlamada” bildirilirdi ki, bəzi KİV-lərdə və internet saytlarında özünü "hüquqları pozulmuş sahibkar” kimi təqdim edən Oktay Əliyevin Gədəbəy RİH başçısı və rayonun məsul vəzifəli şəxsləri haqqında "həqiqətə uyğun olmayan böhtan xarakterli iddiaları” dərc olunur. Öz tərəfimizdən, biz bir daha iş adamı Oktay Əliyevin icra başçısına qarşı irəli sürdüyü bütün ittihamların tam qanuni və haqlı olduğunu bir daha isbatladıq. Biz göstərdik ki, bu sahibkar özünün qanuni əsaslarla inşa etdirdiyi turizm obyektinin Gədəbəy RİH-nin göstərişi ilə qeyri-qanuni olaraq söküldüyünü iddia edir və bu iddianı əsaslandıran ciddi dəlillər ortaya qoyur. Gədəbəy RİH-nin əməkdaşları isə, Oqtay Əliyevə məxsus obyekti 2014-cü ilin iyul ayında, yəni əsas kimi gətirdikləri məhkəmə qərarının verildiyi tarixdən təxminən doqquz ay əvvəl sökmələrini heç cür izah edə bilmirlər. Ramiz Yediyarovun indiyədək yol verdiyi bütün digər qanunsuzluqları nəzərə alsaq, güman etmək olar ki, RİH əməkdaşları sözü gedən obyektin də 2014-cü ilin iyul ayında deyil, məhz 2015-ci ilin mart ayında söküldüyünü deyə bilərlər. Əlbəttə onlardan bu yalanı da gözləmək olar. Lakin məsələ bundadır ki, söküntü işlərinin məhz 2014-cü ilin iyul ayında həyata keçirildiyini təsdiq edən və bu prosesdə biavasitə iştirak etmiş şəxslərin kimliyini əks etdirən foto və video çəkilişləri də mövcuddur. Təbii ki, bu, Ramiz Yediyarovun yerli iş adamlarına qarşı yol verdiyi silsilə qanun pozuntularından sadəcə bir epizoddur. Amma biz yenidən əlimizdə olan çoxsaylı fakt və dəlilləri gətirməklə, Ramiz Yediyarovun təqiblərinə məruz qoyulmuş gədəbəyli iş adamlarının, eləcə də sadə vətəndaşların adlarını, ünvan və telefon nömrələrini göstərməklə, rayon rəhbərliyinin əməllərinin həqiqətən də qanunlarımıza zidd olduğunu təsdiq edən məhkəmə qərarlarını təqdim etməklə, başçıdan şikayət etməsi səbəbindən hətta ailə üzvləri və qohumları təqib olunan vətəndaşların ərizələrini dərc etməklə özümüzün haqqlı olduğumuzu təkrar-təkrar sübut etmək istəmirik. Bu arada isə, Gədəbəy RİH-nin rəhbərliyi "Bizim Dövr”ə qarşı təxribatlar hazırlamaqdan əl çəkmir. İndi də Ramiz Yediyarovun göstərişilə, onun əlaltıları artıq Gədəbəyin özündə deyil, başqa rayonlarda yerləşən müəssisələrin adından müxtəlif instansiyalara barəmizdə böhtan xarakterli müraciətlər göndərirlər. Əldə etdiyimiz məlumata görə, bu yaxınlarda Qazax rayonunda yerləşən bəzi qurum və müəssisə rəhbərlərinin də adından belə saxtakarlıqlara yol verilmişdi. Təbii ki, "Bizim Dövr”ə qarşı qıcıq hiss edən məmurlara bu gün bir çox bölgələrdə rast gəlmək olar. Çünki biz həm ictimaiyyət, həm də dövlət tərəfindən məmur özbaşınalıqlarına qarşı aparılan mübarizəyə hər zaman dəstək olmağa çalışmışıq. Məhz elə bu səbəbdən də, müxtəlif haqsızlıqlara məruz qalmış, məmurların əməllərindən bu və ya digər formada ziyan çəkmiş vətəndaşların bu gün ən çox müraciət etdikləri KİV-lərdən biri də "Bizim Dövr” qəzetidir. Lakin bizə qarşı deməyə sözü olan insanların Ramiz Yediyarovun "dəstəyinə” heç bir ehtiyacı yoxdur. Başqalarının adından şikayət ərizəsi hazırlamaq isə adi saxtakarlıqdan başqa bir şey deyi...