“Oda” teatrı bağlanmaq təhlükəsiylə üz-üzə
xeberinfo.com: “Oda” teatrı bağlanmaq təhlükəsi ilə üz-üzədir. Bu barədə teatrın rəhbəri Elmin Bədəlovun yaydığı məlumatda bildirilir. Onun sözlərinə görə, teatr indiyə qədər müstəqil şəkildə fəaliyyət göstərib və heç yerdə maliyyə almayıb: “Bir müddət öncə bir qrup gənclə teatr qrupu formasında toplaşır və ölkədə fərqli teatrın formalaşması üçün çalışırdıq. Teatr qrupunda ilk və son tamaşamız “Evlənmə” oldu. Daha sonra geniş formatda fəaliyyətə başladıq. 15 iyul 2013-cü ildə rəsmi olaraq “Oda” teatrını təsis etdim. Həmin gündən indiyədək teatr kimi fəaliyyət göstəririk. Repertuarımızda 6-dan çox tamaşa var və bir neçə yeni tamaşanın hazırlanma prosesi gedir. “Oda” teatrı bu günədək müstəqil fəaliyyət göstərib və heç bir qurumdan maliyyələşməyib. İndiyədək teatr şəxsi büdcəmin və bilet satışından əldə etdiyimiz vəsait hesabına fəaliyyət göstərib. Fəaliyyətimiz zamanı müxtəlif çətinliklərlə üzləşsək də, bu çətinlikləri teatrın kollektivi ilə birgə aşaraq, yolumuza davam etmişik. Ancaq son zamanlar yaranan maliyyə sıxıntıları fəaliyyətimizdə müəyyən problemlər yaradıb. Artıq icarəyə götürdüyüm məkanın aylıq kirayə haqqını ödəyə bilmirəm. Eyni zamanda, teatrın məkanının son bir neçə aylıq kommunal xərcləri də ödənilməyib, elektrik və su borcları yaranıb. Ödənişli yeni su sayğacının qoyulması da, öz növbəsində, maliyyə sıxıntısını artırdı. Bir sözlə, vəziyyətin düzəlməyəcəyi təqdirdə, yəni iyun ayının 1-dək yaranan kommunal borcları və icarə haqqını verə bilməsək, məkanı tərk etməli olacağıq”.
Bu məsələ cəmiyyət üçün önəmli olmasaydı, mən yaranan problemi ictimailəşdirməyəcəkdim. Bu, mənim hər hansı bir şəxsi biznes obyektim deyil. Bu, bir teatrdır və hər həftənin şənbə və bazar günləri nümayiş etdirdiyimiz tamaşalar cəmiyyət üçün maraqlıdır. Tamaşaçılarımızın məsələdən agah olmasını istədim və bunu hər kəsin diqqətinə çatdırmağı özümə borc bildim. Onu da deyim ki, teatrın fəaliyyətinə son qoymaması üçün nəzərdə tutduğum bir neçə vasitəyə əl atacağam. Bu məsələ ilə bağlı dövlət büdcəsindən bizə maliyyə, yaxud teatrın fəaliyyəti üçün bizə yer ayrılması üçün müraciətlər edəcəyəm. Bundan sonra fasiləsiz fəaliyyət göstərməsi üçün baş vuracağımız yolların uğurlu olacağını güman edirəm. Fəaliyyətimizdə müəyyən müddətlik hər hansı fasilə, yubanmalar olsa da, “Oda” ümumilikdə fəaliyyətini dayandırmır. Sadəcə olaraq, yaranmış problemin aradan qaldırılması müəyyən zaman ala bilər. Problemlərin həlli istiqamətində yenilik olarsa, bunu da cəmiyyətə çatdıracağam. Bu günə qədər bizə dəstək olan hər bir tamaşaçımıza təşəkkürümüzü bildiririk”.