Nazirliyə sərt sözlər – “Bunlar üçün abır-həya yoxdur”
Tanınmış hüquqşünas Aslan İsmayılov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Əlizadənin şikayətinə verdiyi cavabdan hiddətlənib.
Xeberinfo.com: Hüquqşünas cavab mətninə reaksiyasıı feysbuk səhifəsində paylaşıb. Onun yazdığını təqdim edirik:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elman Babayev şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadənin şikayətinə cavab olaraq bildirib ki, “2016-cı il il aprel ayının əvvəllərində Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən silahlı təxribatın qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə pensiya və təqaüdün, sosial müavinətin hələ də təyin olunmaması, guya buna etinasızlıq göstərilməsi barədə bir sıra KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Cavabı tam olaraq bir neçə dəfə oxudum və əmin oldum ki, bu insanlar səhifələrimdə paylaşdığım Sevinc xanımın müraciətinə yazılmış şərhlərdəki ifadələrə (bu tiplərin ünvanlarına deyilmiş, layiq olduqları ifadələri şərhlərdən oxuya bilərsiniz) tam layiqdirlər. Ona görə ki, bir balaca vicdanı olanlar bu cür cavabla həm Sevinc xanıma, həm də o yazıya münasibət bildirənlərə böhtan atmazdılar. Həqiqətən bundan əvvəl yazdığım kimi bunlar zil qaranı dümmağ kimi qələmə verməyi bacaranlardır və bunlar üçün həya, abır anlayışı yoxdur. Əgər bunlarda zərrə qədər vicdan olsa baş verənlərə görə Sevinc xanımdan üzr istəyib dərhal yol verdikləri biabırçılığı aradan qaldırardılar. Bunlar isə əksinə, az qala minnət qoyurlar, sanki dədələrinin pulunu nəzir kimi verirlər. Bunlar məmur olduqlarını, oğurladıqları milyonları şəhid olmuş Raquf Orucov kimi vətənpərvərlərin haqqını yeməklə qamarladıqlarının fərqində deyillər. Utanmırlar, həyasızlıq edib hələ haqqını tələb edəni ittiham da etmək qədər quduzlaşıblar. Bütün bunlar ona görə baş verib ki, biz millət olaraq şəhid ailəsinin, müharibə əlilinin mənzil, maşın, müavinət alması üçün bu tiplərə rüşvət verdiklərini bilirik və susuruq. Əgər bizlər bu Nazirliyin topa topa tutulan əməkdaşlarının istintaqa verdikləri ifadələri araşdırsaq görərdik ki, hələ Maliyyə Nazirliyində işləyərkən yol verdiyi yeyintilərə görə bir neçə ay həbsdə yatmış Səlim Müslümovun şouları, ancaq başçılıq etdiyi korrupsiyanı pərdələmək üçündür.
Bunların gözləri və ağılları o qədər tutulub ki, yaydıqları təkziblə özlərini ifşa etdiklərinin də fərqində deyillər. Belə ki, məlumatın sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Müdafiə Nazirliyi bildirir ki, “Sevinc Əlizadə üçün həmin sosial ödənişlərin alınması üçün müvafiq banka ödəniş kartı da sifariş edilib və aprel ayı da daxil olmaqla son 4 ayın ümumi məbləğinin onun kart hesabına köçürülməsi tam təmin olunacaq. Yaxın bir neçə gündən sonra Sevinc Əlizadə banka gedərək ödəniş kartını götürə biləcək”. Sadə məntiq sual doğurur, nə üçün şəhid ailəsi bu dörd ay ərzində haqqını ala bilməyib və bu qədər ictimai qınaqdan, tələbdən sonra 4 aylıq haqqını hələ bundan bir neçə gün sonra ala bilər?
Sonda ümidvaram ki, hələlik inandığımız və etibar etdiyimiz Müdafiə Naziri Zakir Həsənovun başçılıq etdiyi kollektiv Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi özünü biabır etməyəcək və bu işdə qanunsuzluğa, səhlənkarlığa, biganəliyə yol vermiş məmurları cəzalandıracaq.