General korrupsionerlərin mərhəmət biabırçılığından danışdı
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.
Xeberinfo.com: Hökmə əsasən, təqsirləndirilən Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib.
Vəkil Vidadi Mirkamal Deyerler.Org-la fikirlərini bölüşərkən qeyd edib ki, Azərbaycanda korrupsiya çox yüksək səviyyədə müdafiə olunur: “Azərbaycan çox unikal dövlətdir. Burada nə beynəlxalq standartlar, nə də insanlara aid edilən meyyarlar işləmir. Çünki, hər bir halda normal cəmiyyətlərdə hər hansısa bir şəxs korrupsiyaya qurşanıbsa, dövlət büdcəsini talayıbsa, onun bağışlanma, əfv məsələsi ciddi şəkildə sual altına düşür. Azərbaycan korrupsiyaya uğramış ölkələr arasında ilk yerlərdən birini tutur. Bu baxımdan ölkədə normal məntiq və qanun işləməz hala gəlib. Hər hansıa bir şəxsin banka 3-5 min borcu varsa onu tutub həbsxanaya atırlar. Amma o şəxslər ki, milyonlara manat həcmində korrupsiyaya uğrayıb qısa zaman içində azad edilir. Bu təbii ki, cəzasızlıq şəraitdir. Hər bir halda insanlar üçün çox pis örnəkdir və cəmiyyəti cinayətə təhrikləndirir. Güman edirəm ki, bu qaydada Azərbaycanda qanuni, hüquqi dövlət qurmaq mümkün deyil. Azərbaycan dövləti bütün bunlardan nəticə çıxartmalıdır. Bu reallıqlar Azərbaycanı beynəlxalq aləmin nəzərində nüfuzdan salan bir durumdur”.
Milli Şuranın üzvü Eldəniz Quliyev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, həqiqətən bu cür faktlar insanın ürəyini sıxan bir məsələdir: “Qanunun baxış bucağı olmalıdır və hamı üçün eyni olmalıdır. Əks halda nəinki qanuna, eləcə də ölkə rəhbərliyinin işinə şübhə ilə yanaşarlar. Kimlərsə 10 manata görə həbs yatırsa və kimlərsə 6 milyona görə azad edilirsə onda inamsızlıq şəraiti yaranır. Bu xəbəri KİV-lərdə oxuduqda adam təbii ki, üzülür. Əslində həmin şəxsin azadlığa çıxmasına üzülmədim. Allah hər kəsin ailəsini sevindirsin. Amma qanuna riayət etmək insanların halı ilə olmur. Qanunun icrası konstitusiyanın müddəalarına uyğun şəkildə həyata keçrilir. Bu cür davranışlarla bir daha aydın oldu ki, qanun əslində əhalinin kasıb təbəqəsi üçün nəzərdə tutulub. Hökumətə yaxın adamlara gəldikdə isə bu cür qeyri-qanuni addımlar rahat şəkildə icra edilir. Ölkədə nə qədər saxta ittihamlarla həbsxana həyatı çəkən insanlar var. Artıq qanunu az qala futbol topu kimi hara istəyirlər atırlar”.