Azərbaycan Dövlət Pedaqoji Kollecində “Azərbaycan və Özbəkistan Ədəbi Körpüsü” layihəsinin təqdimatı keçirildi

İsmayıllı Yazarları Ədəbi İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan və Özbəkistan Ədəbi Körpüsü” adlı layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Kollecində kitab təqdimatını təşkil edib.
Təqdimat mərasimində müəllim və tələbə kollektivi, ədəbiyyatsevərlər və media nümayəndələri iştirak ediblər. Tədbir iki qardaş ölkə arasında ədəbi və mədəni əlaqələrin möhkəmlənməsinə həsr olunub.
Layihə çərçivəsində Azərbaycan və Özbəkistan şairlərinin şeirlərindən ibarət ədəbi toplusu hazırlanaraq kitab şəklində nəşr olunub. Nəşr hər iki xalqın poeziyasının bədii zənginliyini əks etdirir və Azərbaycanla Özbəkistan arasında ədəbi əməkdaşlığın canlı nümunəsi kimi dəyərləndirilir.
Layihə rəhbəri Şahməmməd Soltanov çıxışında qeyd edib ki,
“Azərbaycan və Özbəkistan arasındakı əlaqələr təkcə siyasi və iqtisadi sahədə deyil, həm də mədəni və ədəbi istiqamətlərdə sürətlə inkişaf edir. Bu kitab iki xalqın qəlb bağlarını birləşdirən ədəbi körpüdür və onun gənclər arasında təbliği böyük əhəmiyyət daşıyır.”
Tədbirdə çıxış edənlər bildiriblər ki, bu kimi layihələr ədəbiyyat vasitəsilə xalqlar arasında mənəvi bağları möhkəmləndirir, gənc nəsillərin milli kimlik və dostluq dəyərlərinə sadiqliyini artırır.
Sonda layihə iştirakçılarına təşəkkürnamələr təqdim olunub, kitabdan seçilmiş şeirlər səsləndirilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.













AZ
RU