Axios: Bayden İsrailə 8 milyard dollar dəyərində silah satmaq niyyətindədir
ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailə 8 milyard dollar dəyərində silah paketi satmaq niyyətindədir.
Yenixeber.org xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət Departamenti, İsrailin ABŞ-dən silah və sursat almağına dair müqavilə bağlamaq niyyəti barədə Konqresə qeyri-rəsmi məlumat verib.
Konkret olaraq, ABŞ İsrailə qırıcılar və hücum helikopterləri üçün hava-hava raketləri, artilleriya mərmiləri, kiçik diametrli bombalar, əlavə JDAM sursat dəstləri, 500 funtluq (təxminən 227 kq) bombalar və digər döyüş sursatları verəcək.
Nəşrin mənbələri sövdələşmənin İsrailin təhlükəsizliyinə uzunmüddətli dəstək üçün nəzərdə tutulduğunu vurğulayıb.
Bəzi silahların birbaşa Pentaqonun anbarlarından İsrailə ötürüləcəyi gözlənilir. Lakin əksər silahların çatdırılması bir il və ya daha çox vaxt aparacaq.
“Axios” onu da vurğulayır ki, İsrailə mümkün silah satışı ABŞ Nümayəndələr Palatası və Senatın Xarici Əlaqələr Komitələri tərəfindən təsdiqlənməlidir.