Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu satınalmaların portalında 22.05.2025-ci ildə dərc etdiyi satınalmaların nəticələrinə dair bildirişdə Qarabağ regional müayinə-sınaq laboratoriya binasının təmiri işlərinin satınalınmasına yekun vurulması və “FİM GROUP” MMC ilə 524.821,54 manat məbləğində müqavilənin mzalanması nəzərdə tutduğunu elan edib. Bildirişdə həmçinin qeyd edilir ki, gözləmə müddəti 28 may 2025-ci il iş gününün sonu bitir. Bildirişin göndərildiyi gündən sonrakı iş günü gözləmə müddəti başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olur.
Yenixeber.org: Qeyd edək ki, gözləmə müddəti 28 may 2025-ci ildə bitmiş satınalma üzrə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu ilə “FİM GROUP” MMC arasında bağlanmış müqavilə barədə satınalmaların portalında hələ məlumat yoxdu.
Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “FİM GROUP” MMC Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 25.07.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 20.00 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev ev 4, mən-20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədzadə Fuad Əlisoltan oğludur.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığəmız araşdırmada məlum oldu ki, “FİM GROUP” MMC tenderlərdə fəal iştirak edən şirkətlərdəndir. O, da məlum oldu ki, nədənsə ancaq Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti və sözügedən nazirliyin Əsaslı Tikinti İdarəsi tərəfindən keçirilmiş satınalmaların qalibi olub.
Qeyd edək ki, “FİM GROUP” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlarla işbirliyinə 2023-cü ildən başlayıb. Belə ki, MMC 09.10.2023-cü ildən 30.01.2025-ci ilə qədər Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlar tərəfindən keçirilmiş ümumi dəyəri 12 373 020 manat olan 7 açıq tenderin qalibi olub. Bu müddət ərzində Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin MMC-yə verdiyi son dövlət sifarişlərinin bir neçəsinə diqqət yetirək.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Nərimanov rayonunda yerləşən 1 nömrəli Xüsusi Təyinatlı, Xəzər rayonunun Mərdəkan qəsəbəsində, Astara və Lənkəran şəhərlərində yerləşən Yanğından Mühafizə hissə və bölmələrində, Dövlət Yanğın Nəzarəti Xidmətinin inzibati binasının 4-cü və 5-ci mərtəbələrində əsaslı təmir işləri üzrə 1.601.612,21 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 4 çıxışlı yanğınsöndürmə deposunun tikintisi işləri üzrə 2.958.050,64 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 107 saylı Yanğından Mühafizə Bölməsinin yanğınsöndürmə depo binasının tikintisi (I mərhələ) üzrə 689.460,88 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdərə rayonunun Talış kəndində 2 çıxışlı Yanğından Mühafizə Bölməsinin tikintisi üzrə 2.439.616,19 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.
Göründüyü kimi Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsi ilə “FİM GROUP” MMC arasında bağlanmış satınalma müqaviləsində şübhəli məqamlar çoxdur. Belə ki, satınalmanın keçirilməsi zamanı qiymətlərin süni şəkildə şişirdildiyinə yol verilib.
Gəlin indi son illərin Azərbaycanda tikinti materiallarının qiymətinə nəzər salaq. 2024-cü ilin noyabrında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun mətbuata açıqlamasında bildirilir ki, oktyabr ayında Azərbaycanda tikinti materiallarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 %, ilin əvvəli ilə müqayisədə isə 3,9 % ucuzlaşıb. O qeyd edib ki, bu il (yəni, ötən il-red ) ölkədə inşaat materialları bazarında qiymətlər 2021-2022-ci illərə nisbətən aşağı olub.
2024-cü ilin mart ayında daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Qasımzadə də mediaya açıqlamasında bildirir ki, “Mart ayında tikinti materialları bazarında elə də ciddi bahalaşma olmayıb və əvvəlki aylarda olduğu kimi, təklif çox olmadığı üçün stabillik olub”.
Göründüyü kimi Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlar son bir il bir neçə ay ərzində “FİM GROUP” MMC ilə təxmini hesablamalarımıza görə ümumi dəyəri 12 373 020 manat olan 7 satınalma müqaviləsi bağlayıb. Qeyd etdiyimiz kimi maraqlı odur ki, “FİM GROUP” MMC Fövqəladə Hallar Nazirliyinə tabeli qurumlardan başqa heç bir dövlət orqanlarının tenderlərində qalib olmayıb.
Satınalmaların portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi MMC dövlət siofarişlərini ayrı-ayrı rayonlarda həyata keçirməli olub. Ümumiyyətlə görəsən bu şirkətin maddi texniki bazası, işçi qüvvəsi varmı və MMC qalibi olduğu dövlət sifarişlərini əmək müqaviləsi bağladığı işçiləri ilə deyil, yerlərdə günəmuzd çalışan fəhlələrin hesabına gördürür. Ayda 600-700 manat əmək haqqı cədvəli tərtib edib, əslində isə gönə 10-15 manat ödəməklə.
Qeyd edək ki, bu təzadlar FHN Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun Qarabağ regional müayinə-sınaq laboratoriya binasının təmiri işləri üzrə “FİM GROUP” MMC ilə bağlamaq istədiyi müqavilədə də özünü açıq-aşkar göstərməkdədir.(aktualinfo.org)