Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Qan qoxuyan Şərq... -Harese ilə nəşələnən dəvələrin dövrü sona çatır...

news content

Yaxın Şərq dünyaya neçə-neçə peyğəmbərlər bəxş edib. Amma nədənsə, müqəddəs buyruqların da ən çox pozulduğu yer də elə buralar olub.  

Yenixeber.org: Türkiyə yazıçısı Zülfü Livanelinin 2017-ci ildə nəşr edilən “Narahatlıq” (“Huzursuzluq”) adlı romanındakı bir hissə Yaxın Şərqdəki vəziyyəti aydın təsəvvür etmək üçün kifayət edər. Kitab yaxın zamanda Orta Şərqdə baş vermiş bəzi dram yüklü hadisələri təsvir edir.

Roman “Mərhəmət zülmün məlhəmi ola bilməz!” şüarı altında nəşr edilib. Livaneli, "Bu romanı yazanda canım çox ağrıdı" ifadələrini işlədib. 

Əsərin mövzusu belədir: İbrahim İstanbulun qarışıqlığı içində yaşayan gənc bir jurnalistdir. Bir gün uşaqlıq dostu Hüseynin ABŞ-də öldürüldüyü xəbərini eşidir və doğulduğu Türkiyənin Mardin şəhərinə doğru yola çıxır. Müəllif onun sevgi və ölümlə birləşmiş həyatını araşdırmağa başlayır. Beləliklə, sirli bir qadının izinə düşür.

Bu roman Mardinli Hüseyn ilə İŞİD zülmünü misli ilə yaşamış yezidi kürd qızı Meleknazın eşq və dram dolu hekayəsidir. 

Əsərdə yer almış bir parça Yaxın Şərqdəki vəziyyəti xarakterizə etmək üçün ən uyğun mətndir: “Harese” nədir, bilirsənmi, oğlum? Ərəbcə köhnə bir kəlmədir. Bildiyin o hirs, haris, ihtiras, muhtəris sözləri hamısı buradan törəyib. Harese budur - dəvələrin səhrada çox sevdiyi bir tikan var. Dəvə, tikanı yedikcə ağzı qanayır. Duzlu qanın dadı, tikanınkı ilə qarışanda bu, dəvənin daha çox xoşuna gəlir. Beləliklə, qanadıqca yeyir, yedikcə qanayır, heç cür öz qanının dadına doymur... Orta Şərqin adəti də budur, oğlum, tarix boyu bir-birini öldürür, amma əslində özünü öldürdüyünü anlamır. Öz qanının dadından sərxoş olur...”

Son bir ildə Yaxın Şərqdə ciddi dəyişikliklərin əsası sayıla biləcək böyük hadisələr baş verir. Dəvə bu regionun ənənəvi simvollarındandır. Bu baxımdan, Livanelinin bənzətməsi ilə ifadə etsək, yüz illərdir öz qanının dadından keflənir, özünü qalib, yaxud məğlub sayır...

2024-cü ilin aprelindən bu yana regionda çox ciddi hadisələr baş verir. Ötən ilin aprel və oktyabr aylarında İsrailin və İranın qarşılıqlı raket hücumlarının ardınca Suriyada Bəşər Əsəd rejimi süquta uğradı. 

HƏMAS lideri İsmayıl Həniyə Tehranda öldürüldü. Onun ardınca “Hizbullah” başçısı Həsən Nəsrullah olduğu bunkerdə raket hücumu nəticəsində zərərsizləşdirildi. Qəzza zolağında HƏMAS başçısı Yəhya Sinvar və qruplaşmanın başqa komandirləri öldürüldü. 

İyunun 13-də isə İsrail İrana hücum etdi. Rəsmi Təl-Əviv bildirir ki, onlar İranın hücumunu qabaqlamaq üçün bu addımı atıblar. Baş nazir Binyamin Netaniyahu bildirib ki, İran nüvə silahını İsrailə atmaq üçün Yəməndəki husi qiyamçılarına verməyə hazırlaşırmış 

İndiyədək BMT Təhlükəsizlik Şurası, dünyanın aparıcı gücləri İsrail-İran savaşına obyektiv yanaşa bilmir. Bütün açıqlamalarda tərəfsizliyə əməl etməyə çalışsalar da, az-çox tarazlığı pozurlar. 

Region dövlətləri bəyanat verib, müharibəni qınamaqla işlərinin bitmiş biliblər. 

Onların bundan başqa addım atmağa, manevr etməyə imkanlarının olmadığını da anlamaq olar. 

Bu ilin mayında ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfəri zamanı təhlükəsizliyə və ticarətə dair imzalanmış müqavilələr Körfəz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gələcək mövqeyini müəyyənləşdirib. Bu baxımdan, onların bu savaşda İsraili qınaması heç də İrana sevgilərindən irəli gəlmir. Onlar gələcəkdə özlərini bir sıra təhdidlərdən, etirazlardan sığortalamaq məqsədi ilə hadisələrə belə yanaşmanı məqbul sayırlar. 

Ehtimal etmək olar ki, İran istisna olmaqla, körfəz ölkələri bu savaşı özlərinə aid saymırlar. 

İran isə HƏMAS-İsrail savaşındakı kimi bütün cəhdləri ilə savaşın regiona yayılmasına çalışır. 

Tehran ABŞ və region ölkələrinin hədələyərək bildirir ki, ölkə ərazisində neft sektoru vurulsa, o zaman Hörmüz boğazını bağlayacaq. Yaxud, İran iddia edir ki, belə bir şəraitdə ABŞ-nin yerləşdiyi bazalara, Ştatların və İsrailin tərəfdaşlarına zərbə endirəcək. 

Ancaq İran hakimiyyətinin belə bir addımı atacağı hələ real görünmür. Çünki Hörmüzü bağlayacağı halda İslam Respublikası beynəlxalq ictimaiyyətin daha böyük və güclü təzyiqləri ilə üz-üzə qalar. Əvvəla, neft emalı zavodları tamamilə sıradan çıxarılar. Bu isə İranda hərəkətin dayanması, çörək müəssisələrindən tutmuş ölkə həyatının bütün vacib strukturlarına qədər hər şeyi iflic vəziyyətinə salar. Belə hal isə ölkədə xaosa, itaətsizliyə səbəb olar. Nəticədə idarəetmə xaosu yaranar ki, bu da dövlətin gələcəyini təhlükəyə sürükləyər. 

Odur ki, Hörmüz boğazında hərəkətə məhdudiyyət qoyulsa, yaxud qapadılarsa, bunun ziyanı Qərbdən çox İrana dəyə bilər. Bu akvatoriyanın bağlanması ilə bağlı hədələyici çıxış İran parlamentinin keçmiş sədri, Seyid Əli Xameneinin müşaviri Əli Laricaniyə məxsusdur. İranın xarici işlər naziri Abbas Ərakçi isə bildirib ki, bu körfəz sadəcə bir su hövzəsi deyil, onlarla ölkənin enerji, ticarət, təhlükəsizlik və geosiyasi maraqlarının birləşdiyi yerdir: “Bu bölgədə istənilən pozuntu beynəlxalq böhrana çevrilə bilər. Ona görə də münaqişənin regiona yayılması strateji səhv və məsuliyyətsiz addım hesab olunur”.

Göründüyü kimi, İranda region ölkələrini də müharibəyə cəlb etmək fikri nə qədər populyar olsa da, rəsmi mövqe bir qədər fərqlidir. Bəlkə də bu, 1979-cu il inqilabından öncə ayətullah Ruhullah Xomeyninin ABŞ-yə “neft silahından istifadə etməyəcəklər”inə dair verdiyi sözə əməl edilməsidir. 

Son bir ildə İsrail İrana, builki də daxil olmaqla, üç dəfə hücum edib. Son 20 ildə isə İslam Respublikasında beş dəfə izdihamlı etiraz aksiyası keçirilib. 

Baş verənlərdən belə anlaşılır ki, Tehran hakimiyyəti bu hadisələrin heç birindən nəticə çıxarmayıb. Əks halda, ABŞ ilə birbaşa olmayan görüşlər davam edərdi. Yaxud, elə edə bilərdi ki, heç İsrail ona hücum edib, gücünü ifşa edə bilməzdi. O zaman iki ölkə arasında qarşılıqlı hücumların uzun müddət sürməyəcəyi qənaətinə də gəlmək olar. 

Bu hadisələrdən sonra danışıqlar mərhələsi gəlir. İsrail Tehran hakimiyyətini bütün istiqamətlərdə, o cümlədən iqtisadi, hərbi, maliyyə, sosial, mədəni sahələrdə zəiflədib. Belə üstün olmayan vəziyyətdə danışığa gedən İran təmsilçilərinin uğur əldə edəcəklərindən danışmaq çətindir. G7-nin iyunun 15-17-də keçirilən Zirvə toplantısında İsrailin müdafiə olunması İranın vəziyyətinin hətta ağırlaşacağını ehtimal etməyə əsas verir.

Tehran hakimiyyətinin bundan sonra dəyişəcəyi də gözləniləndir. Odur ki, İsrail Livanda “Hizbullah”ı, Qəzza zolağında HƏMAS-ı saldığı alayarımçıq hala İranı da sala bilər.

Regionun yeni proseslərə, dəyişikliklərə, hadisələrə hazırlaşması zamanıdır. Ehtimal etmək olar ki, sovet dövründən qalma maraqlar sıradan çıxdığı kimi, rejimlərin və yanaşmaların da yenisi ilə əvəzlənəcəyi uzaqda deyil. 

Harese ilə nəşələnən dəvələrin dövrü sona çatır…(pressklub)

Sədrəddin Soltan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam