İsrail-İran müharibəsi:Bakı nəyə hazır olmalıdır?

Əməliyyatların genişlənməsi Azərbaycan üçün təhlükəsizlik və humanitar problemlər yarada bilər
Yenixeber.org: İsrailin İranın paytaxtı Tehrana və digər strateji nöqtələrə yönəltdiyi son hücumlar təkcə hərbi əməliyyat kimi yox, həm də İranın nüvə və hərbi-siyasi rəhbərliyinə qarşı düşünülmüş, yüksək dəqiqlikli diversiya aktı kimi dəyərləndirilir. Bu hücum nəticəsində ölkənin elmi-siyasi, hərbi elitasına ağır zərbə vurulub: İranın ən nüfuzlu 6 nüvə alimi və 3 yüksək rütbəli general eyni gündə öldürülüb.
Məqsəd İran nüvə elminin beyin mərkəzini çökdürmək, strateji hücum və müdafiə imkanlarını iflic etməklə hərbi qüdrətini tamamilə sarsıdaraq, hakim teokratik rejimi məhv etməkdir.
Hücum nəticəsində qətlə yetirilən nüvə alimləri arasında aşağıdakı adlar yer alır:
Əbdülhəmid Minuçehr
Əhmədrza Zolfaqari
Seyid Əmir Hüseyn Fəqi - Şəhid Bəheşti Universitetinin professoru və Atom Enerjisi Təşkilatının sədr müavini
Matlabizadə - həyat yoldaşı ilə birlikdə evində öldürülüb
Məhəmməd Mehdi Təhrənçi
Fəreydun Abbasi – sabiq deputat və tanınmış nüvə fizikası mütəxəssisi.
Bu şəxslər təkcə alim deyil, İranın nüvə proqramının əsas təməl sütunları idi. Onların bir gün ərzində öldürülməsi, İsrailin əməliyyatlarının uzunmüddətli izləmə və planlama nəticəsində həyata keçirildiyini göstərir.
İsrailin hava və kəşfiyyat hücumunda İranın hərbi rəhbərliyi də hədəfdə olub. Əməliyyat zamanı öldürülən generalların adları açıqlanıb və məlumatlar rəsmən təsdiqlənib:
General Məhəmməd Hüseyn Baqeri - Baş Qərargah rəisi
General Hüseyn Səlami - SEPAH-ın baş komandanı
General Qulaməli Rəşid - “Xatəmül-Ənbiyə” Qərargahının rəhbəri.
Bu adlar İranın müdafiə və strateji əməliyyat planlamasında mühüm rol oynayan şəxslərdir. Onların eyni vaxtda hədəf alınması, əməliyyatın həm texnoloji, həm də kəşfiyyat baxımından yüksək səviyyədə icra olunduğunu göstərir.
İsrailin əməliyyatları yalnız aviasiya hücumları ilə məhdudlaşmayıb. “Haaretz” qəzetinin məlumatına görə, “Mossad” uzun müddətdir ki, İran daxilində dron bazaları yaradıb və son əməliyyatda bu PUA-lardan istifadə olunub. Ekspertlər bu hücumun Ukraynanın Rusiyada keçirdiyi “Hörümçək toru” əməliyyatına bənzədiyini bildirirlər. İsrailin bu texnologiyalardan geniş istifadə etməsi, eyni zamanda İranın hava hücumundan müdafiə sistemlərinin, o cümlədən Rusiyanın verdiyi HHM komplekslərinin qeyri-effektivliyini üzə çıxarıb. İsrailin F-35 və F-15 təyyarələri, demək olar ki, maneəsiz şəkildə bütün hədəfləri vurub.
Əsas hədəflərə gəlincə, bu sıradan Təbriz raket bazası və Natanz nüvə mərkəzi sıradan çıxarılıb. Qeyd edək ki, Təbriz raket bazası məşhur “Shahab-1”, “Shahab-2” və “Shahab-3” ballistik raketlərinin yerləşdiyi və buraxıldığı yeraltı kompleksdir.
Natanz nüvə mərkəzi isə İranın uranı zənginləşdirdiyi əsas mərkəz hesab olunur. Əməliyyatdan yayımlanan görüntülərdə nüvə obyektinin ağır raketlərlə məhv edildiyi görünür.
İranın reaksiyası hücumun miqyasına və nəticələrinə adekvat olmayıb. İran XİN bəyanat yayaraq, BMT-ni hücuma münasibət bildirməyə çağırıb. Ölkənin ali dini lideri Ayətullah Əli Xamenei isə çıxışında hücumu “sionist rejimin cinayəti” adlandıraraq, bu hadisənin İsrail üçün “qaçılmaz və ağrılı bir taleyin başlanğıcı” olacağını bildirib. Bundan başqa, İran bazar günü Omanda keçirilməsi planlaşdırılan nüvə danışıqlarında iştirakdan imtina edib. Prezident Məsud Pezeşkianın ofisindən verilən bəyanatda hücumlar “şirin quyruğunu tapdalamaq” kimi qiymətləndirilib və müharibənin ağır nəticələrə gətirib çıxaracağı xəbərdarlığı edilib.
Qeyd edək ki, Çin, Rusiya, Türkiyə, ərəb ölkələri, Pakistan, Hindistan xarici işlər nazirliklərinin “pisləmə” və “narahatlıq keçirmə” barədə bəyanatlarını istisna etsək, dünya İsrailin İrana qarşı genişmiqyaslı hücumuna, demək olar, səssiz qalıb.
Azərbaycanın reaksiyası və hava əlaqələrinin kəsilməsi
Yaxın Şərqdə gərginlik səbəbindən “Azərbaycan Hava Yolları” 13-14 iyun tarixlərində Tel-Əviv, Tehran və Dubaya olan reysləri ləğv edib. Eyni zamanda, Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi tövsiyə edib.
Azərbaycanın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, regionda vəziyyətin gərginləşdirilməsini pisləyib və tərəfləri beynəlxalq hüquq çərçivəsində dialoqa çağırıb.
Qeyd edək ki, rəsmi Tehran İsrailin hücumuna dəstək verən ölkələr sırasında Azərbaycanın adını çəkməyib. Rəsmi Bakı dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, öz ərazilərindən qonşu ölkələrə qarşı istifadə olunmasına icazə verməyəcək. Bununla belə, İranda dini rejimin rəhbərliyində olan bəzi şəxslər (onların bəziləri artıq öldürülüb – red.) Azərbaycanı İsrailə kəşfiyyat, logistika dəstəyi verməkdə ittiham etsələr də, ortalığa bunu sübut edəcək faktlar qoymayıblar.
İsrail tərəfi İrana qarşı hücum əməliyyatlarının iki həftə davam edəcəyini bəyan edib. Bu da eskalasiyanın daha da böyüyəcəyi, İrana qarşı hava hücumlarının daha da intesivləşəcəyi anlamına gəlir. Azərbaycanın arzulamadığı məhz əməliyyatların böyüməsi və genişmiqyaslı müharibəyə çevrilməsidir. Bu zaman ölkəmiz təhlükəsizlik riskləri ilə üzləşə bilər, habelə bölgədə humanitar fəlakət riski yaranar. İrandan qaçqın ordusunun sərhədləri keçərək Azərbaycana daxil olması ölkədə sosial-iqtisadi problemlərin, habelə təhlükəsizlikdən dolayı digər məsələlərlə bağlı dövlətin qayğılarını hədsiz artıra bilər. Ekspertlər də bu qənətdədirlər.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, İsrailin son əməliyyatı sırf hava zərbəsi deyil, həm də dərin kəşfiyyat və daxili diversiya planının tərkib hissəsidir. Onun fikrincə, belə bir genişmiqyaslı zərbənin mümkün olması üçün İsrailin İranın strateji mərkəzlərində – həm hərbi bazalarda, həm də elmi-tədqiqat müəssisələrində informasiya agentləri yerləşdirməsi qaçılmaz idi:
"İsrailin bir neçə fərqli şəhərə, fərqli strukturlara - hərbi qərargah, nüvə tədqiqat mərkəzi, elmi-tədris müəssisələri və raket bazalarına eyni anda və eyni dəqiqliklə zərbələr endirməsi, bu ölkənin təkcə hava gücünə deyil, daxildə möhkəmlənmiş casus şəbəkəsinə də malik olduğunu göstərir".
Onun qənaətinə görə, bu hadisə İran rejiminin həm informasiya təhlükəsizliyi, həm də hava hücumundan müdafiə sistemlərinin zəifliyini üzə çıxardı. Xüsusilə rus istehsalı olan HHM sistemlərinin bu qədər əhəmiyyətli obyektləri qoruya bilməməsi, həm də hava hücumu zamanı effektiv müqavimət göstərə bilməməsi Tehranın ciddi texnoloji problemlərlə üzləşdiyini göstərir.
Şahinoğlunun fikrincə, bu hadisənin nəticələri təkcə xarici siyasətə deyil, İran daxilindəki ictimai-siyasi dinamizmə də təsir edə bilər: “İndi İranda iki fərqli ssenari aktivləşə bilər: birincisi, rejim əhalini vahid düşmən - İsrail və ABŞ - ətrafında səfərbər edib, ideoloji nəzarəti sərtləşdirə bilər. İkinci ssenari isə daha təhlükəlidir - mərkəzdənqaçma meyllərinin güclənməsi, siyasi parçalanma və etirazların yenidən alovlanması".
Azərbaycan baxımından isə politoloq iki məsələni önə çəkir: ilk növbədə, İranın Azərbaycana qarşı revanşist ritorikasının artması və diversiya təhdidlərinin güclənməsi; ikinci isə İrandakı sosial gərginlik nəticəsində soydaşların miqrasiya dalğasının Azərbaycana yönəlməsi ehtimalıdır. Onun fikrincə, bu baxımdan Azərbaycanın həm milli təhlükəsizlik, həm də humanitar sahədə qabaqlayıcı tədbirlər görməsi vacibdir.
İqtisadçı-ekspert Eldəniz Əmirov bildirir ki, İsrail-İran müharibəsi lokal qarşıdurma deyil, regionun iqtisadi dinamikasına çoxcəhətli təsir göstərə biləcək ciddi geosiyasi təlatümdür. Onun sözlərinə görə, Azərbaycanın İranla 2024-cü ildə 647 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb və bu əlaqələrin kəsilməsi həm ərzaq bazarında, həm də tikinti sektorunda ciddi böhranlara səbəb ola bilər: “İran Azərbaycana əsasən meyvə-tərəvəz, dərman, plastik və tikinti materialları ixrac edir. Xüsusilə Cənub bölgəsində bazarlar İran malları hesabına dolur. Müharibənin uzanması bu məhsulların qiymətində bahalaşmaya, hətta çatışmazlığa səbəb ola bilər”.
Ekspertin fikrincə, eyni zamanda İran üzərindən keçən tranzit dəhlizləri - xüsusilə Orta Dəhliz və Şimal-Cənub marşrutları risk altına düşə bilər. Bu, Azərbaycan üzərindən daşınan yük axınında yubanmalara, ixrac-idxal zəncirində fasilələrə yol aça bilər.
Əlavə olaraq, Əmirov diqqət çəkir ki, İran daxilində vəziyyət pisləşərsə, xüsusilə Təbriz, Ərdəbil və Məşhəd ətrafı bölgələrdən Azərbaycana miqrasiya axını ola bilər. Bu isə humanitar yük yaratmaqla yanaşı, həm də sosial inteqrasiyanı çətinləşdirə bilər. Onun fikrincə, Azərbaycan bu riskləri həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində əvvəlcədən hesablamalı və alternativ tədarük, sərhəd nəzarəti və miqrantların adaptasiyası üzrə planlara hazır olmalıdır.(pressklub)