Milli Məclisdə Beynəlxalq Parlament Konfransı öz işinə başlayıb
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı öz işinə başlayıb.
Yenixeber.org xəbər verir ki, tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edir.
Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılacaq.
Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa da keçiriləcək.
Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.
“Parlamentarizm: ənənələr və perspektivlər” beynəlxalq konfransı dekabrın 8-də yekunlaşacaq.