Ermənistanda daxili siyasi çəkişmə: ittihamlar çoxalır, qütbləşmə dərinləşir
Yenixeber.org: Ermənistanda daxili siyasi çəkişmələr yüksələn xətlə inkişaf edir. Bu dəfə qarşıdurma hakimiyyətlə müxalifət arasında yox, müxalifət qüvvələri arasında baş verir. Belə ki, sabiq prezidentlər – Robert Köçəryanla Serj Sarkisyanın tərəfdarları arasında sosial şəbəkələrdə və media müstəvisində qarşılıqlı çəkişmə yaşanmaqdadır. Səbəb isə hazırkı Nikol Paşinyan hökumətini kimin hakimiyyətə gətirməsi ilə bağlıdır.
Köçəryanın tərəfdarları hesab edirlər ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 2018-ci ildə hakimiyyətə gəlməsi Sarkisyan komandasının səhvləri nəticəsində mümkün olub. Arqument kimi bu səslənir ki, Sarkisyan ölkə başçısı, sonra isə Baş nazir olarkən siyasi səhvlər buraxıb, sosial-iqtisadi vəziyyət pisləşib və nəticədə xalq ayağa qalxıb. Bundan sonra etirazları yatırmaq üçün Sarkisyan tədbirlər görmədən hakimiyyəti Paşinyana təhvil verib. Sarkisyan tərəfdarları isə bu ittihamlarla razılaşmayaraq, Ermənistanda sosial-iqtisadi vəziyyətin Köçəryan hakimiyyəti dövründən miras qaldığı arqumenti ilə cavab verirlər.
Düzdür, nə Köçəryan, nə də Sarkisyan məsələ ilə bağlı bir-birlərinə qarşı ittiham irəli sürməyiblər. Məsələn, fevralın 17-də keçirdiyi mətbuat konfransında Köçəryan Sarkisyanla arasında heç bir problem olmadığını bildirib. Amma birləşməmələrinin səbəbi belə bir addımın effektli olmamasıdır. Bunun fonunda Sarkisyanın Respublika Partiyasında olan müavini Armen Aşotyan və Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyanın tənqidi bəyanatları səsləndirilib. Bundan sonra çoxsaylı müzakirələr və mübahisələr başlayıb.
Müxaliflər arasındakı siyasi çəkişmələr isə Ermənistanda qütbləşməni dərinləşdirməkdədir. Erməni analitiklər hesab edirlər ki, keçmiş prezidentlərin komandalarının qarşı-qarşıya gəlməsi Paşinyanın planıdır.
“Keçmiş prezidentlərin tərəfdarları arasında indiki qarşıdurma Ermənistan üçün yaxşı heç nə vəd etmir”, deyən erməni politoloq Suren Surenyants ikinci və üçüncü prezidentlərə öz tərəfdarlarını “cilovlamağı” və gələcək qütbləşmənin qarşısını almağı tövsiyə edib. Analitik “Sputnik Ermənistan” multimedia mərkəzində keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, Köçəryan və Sarkisyanın silahdaşları arasında Paşinyanı hakimiyyətə hansının gətirməsi ilə bağlı gedən hazırkı qızğın debat nə ölkəyə, nə də müxalifətə yaxşı heç nə vəd etmir. Onun sözlərinə görə, Paşinyanın bu qarşıdurmada moderator olmağa çalışacağına işarələr var.
Qeyd edək ki, martın 10-da Baş nazir sosial media hesabında bir neçə paylaşım edib və orada Köçəryanla Sarkisyanın tərəfdarları arasında yaranmış mübahisəyə kifayət qədər sərt və istehzalı şəkildə toxunub. Paşinyan , keçmiş liderləri “müddəti bitmiş fiqurlar” və “qəsbkarlar” adlandırıb.
“Mən hörmətli müxalifətçi həmkarlarıma məsləhət görərdim ki, Paşinyanı hakimiyyətə kimin gətirməsinə deyil, onu bu hakimiyyətdən necə uzaqlaşdırmağa diqqət etsinlər”, - politoloq bildirib.
Erməni siyasi fəal, bloger Natali Aleksanyan isə bildirir ki, “Qarabağ klanı” adlandırılan müxaliflərin bir-birinə qarşı ittihamları gözlənilən idi: “Bu insanlar hər zaman dövləti və dövlətçiliyi deyil, öz ciblərini, maddi maraqlarını düşünüblər. İndi aralarında gedən mübahisə isə niyə Ermənistanı daha çox talamağa, müflisləşdirməyə imkan verilməməsinin əsəbindən qaynaqlanır. Onlar bir-birini Ermənistanın düşdüyü vəziyyətə görə deyil, qazanc mənbəyindən məhrum olduqları üçün qırırlar”.
Müxalif qüvvələrin Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bir araya gəlməklə bağlı çağırışlara gəlincə isə Aleksanyan deyib ki, bu, mümkün deyil: “Onlar birləşsələr də, Paşinyanı devirə bilməyəcəklər. Çünki erməni xalqı bu iki qəsbkarın niyyətlərinin fərqindədir. Ermənilər bu adamları tanıyır, onların rəhbərliyi altında uzun illər zülm içərisində yaşadıqlarını unutmayıblar. Ümumiyyətlə, Ermənistanda hazırkı müxalif qüvvələri dəstəkləyən 5-6 faizdir ki, bununla hakimiyyətə gəlmək mümkünsüzdür”.(AYNA)