PWF: İqlim dəyişikliyi ənənəvi sənaye işçilərinin hüquqlarını təhlükə altına alır
İqlim dəyişikliyi ənənəvi sənaye işçilərinin hüquqlarını təhlükə altına alır.
Yenixeber.org xəbər verir ki, bunu Pakistan İşçilər Federasiyasının (Pakistan Workers Federation - PWF) regional prezidenti Dureş Avar COP29 çərçivəsində təşkil olunmuş “Yaşıl iş və bacarıqlar” mövzusunda yüksək səviyyəli dəyirmi masada bildirib.
O, qlobal əmək hərəkatının və Beynəlxalq Həmkarlar Konfederasiyasının (ITUC) nümayəndəsi kimi 160 ölkədən 330-dan çox həmkarlar ittifaqını və təxminən 200 milyon üzvü təmsil etdiyini vurğulayıb və bildirib ki, iqlim dəyişikliyi artıq uzaq bir təhlükə deyil, bu günümüzün reallığıdır və xüsusilə qlobal cənubda ənənəvi sənaye sahələrində çalışan işçilərə ciddi təsir göstərir: “İqlim böhranının ən böyük problemi işçilərin əmək hüquqlarının qorunmamasıdır. Bu, həm işçilərin təmsil olunma və kollektiv danışıqlar aparmaq hüququna, həm də əməyin mühafizəsinə və təhlükəsizliyinə aiddir”.
D.Avar "yaşıl iş yerləri"nə keçidin, xüsusilə kömür, neft, qaz və ağır sənaye sahələrində işləyən işçilər üçün ciddi çətinliklər yaratdığını qeyd edib: “Fosil yanacaq sektorunda çalışan işçilər, bu sahələrin azalması ilə işlərini itirmək riski ilə üzləşir. Onların iqlimə dost sahələrə keçidi üçün yenidən təlimə və bacarıqlara ehtiyacı var”.
O, həmçinin vurğulayıb ki, Asiya-Sakit okean regionunda "yaşıl keçid" üçün bacarıq inkişafı proqramları olsa da, layiqli və iqlimə uyğun iş yerləri həmin ərazilərdə kifayət qədər əlçatan deyil: “Regionda işçilərin əksəriyyəti qeyri-rəsmi sektorda çalışır və qadınlar bu sahədə daha çox təmsil olunur. Onlar "yaşıl bacarıq"ların inkişafı üçün prioritet sayılmır və sosial müdafiə tədbirləri yetərsizdir".