Dörd ildir dünyanın gözündə qeyri-legitim dövlət başçısı olan Lukaşenko bu dəfə də istəyinə çata biləcəkmi?
Yenixeber.org: Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib. BELTA xəbər verir ki, bu barədə qərar parlamentin Nümayəndələr Palatasının iclasında qəbul edilib.
Aleksandr Lukaşenko artıq 2025-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib. “Bəli, Olya, mən seçkiyə gedəcəm”, - deyə o, “Rossiya-1” kanalında “60 dəqiqə” verilişinin aparıcısı, Putinin təbliğatçısı Olqa Skabeyevanın sualını cavablandırarkən deyib.
Lukaşenko 30 ildir ölkəni idarə edir və Belarus Konstitusiyası onun yenidən namizədliyini irəli sürməsinə qadağa qoymur. Əksər şərhçilər hazırkı ölkə başçısının hakimiyyətdən əl çəkmək niyyətində olmadığı ilə razılaşırlar.
2020-ci ilin avqustunda keçirilən seçkilər müstəqil Belarus tarixində müxalifətin ən geniş etirazı və müxalifət nümayəndələrinə qarşı ən repressiv kampaniya fonunda baş tutub. 2001-ci ildən bəri beynəlxalq ictimaiyyət Belarusdakı seçki prosesini azad və ədalətli kimi tanımır.
Rəsmi məlumatlara görə, 2020-ci ildə Aleksandr Lukaşenko seçicilərin 80%-nin dəstəyini qazanıb. ABŞ, Avropa İttifaqı (Aİ) və dünyanın bir sıra digər ölkələri bu nəticəni tanımır.
Svetlana Tixanovskaya, Mərkəzi Seçki Komissiyası (MSK) onun əri, müxalifətçi bloger və siyasətçi Sergey Tixanovskini qeydiyyata almadıqdan sonra prezidentliyə namizədliyini irəli sürüb. Müxalifət hesab edir ki, Tixanovskaya seçkilərdə səslərin əksəriyyətini toplayıb.
Müxalifət tərəfdarları Belarusda seçki saxtakarlığı və hakimiyyətin qəsb edildiyini bəyan ediblər. Belarus MSK-nın nəticələri elan edildikdən sonra ölkəni kütləvi etiraz dalğası bürüdü və bu etirazlar vəhşicəsinə yatırıldı.
Sergey Tixanovski saxlanılaraq 18 il müddətinə azadlıqdan məhrum edildi. Svetlana Tixanovskaya ölkəni tərk etdi. Müxalifət hərəkatının bir çox nümayəndəsi də ya ölkədən getdi, ya da həbs olundu.
O vaxtdan bəri ölkədə repressiyalar dayanmayıb, müxalifətin fəaliyyəti praktiki olaraq qadağan edilib. Hüquq müdafiəçilərinin sözlərinə görə, bu gün repressiyaya məruz qalanların siyahısında, Nobel Sülh Mükafatı laureatı Ales Belyatski də daxil olmaqla, 1300 nəfər var.
Minsk və Moskvanın sıx ittifaqı Rusiyanın Ukraynaya hücumu zamanı öz taktiki nüvə silahlarını (TNS) Belarus ərazisində yerləşdirməsinə səbəb oldu. Beynəlxalq kəşfiyyat məlumatlarına görə, Rusiya Silahlı Qüvvələri Belarus ərazisindən Ukrayna ərazisinə raket zərbələri endirib.
Proqnozlar nədir? Yalnız pessimist? Lukaşenko növbəti psevdoseçki keçirib hakimiyyəti saxlaya biləcəkmi? Yoxsa yanvarın sonuna kimi Belarusda vəziyyətin kəskin şəkildə dəyişməsi ehtimalı varmı?
Suallarımızı tanınmış belaruslu ekspertlər cavablandırıblar.
Siyasi şərhçi, jurnalist, demokrat fəal Aleksandr Otroşenkov (Varşava):
“Hazırda optimizm üçün çox az səbəb var. Belarusda dəyişikliklər baş verərsə, çox güman ki, onlar Lukaşenkonun təşkil etdiyi seçkilərlə bağlı olmayacaq və əlbəttə ki, yaxın gələcəkdə də olmayacaq. Bu gün Lukaşenko rejimi ölkədəki vəziyyətə inamla nəzarət edir. Kütləvi etirazlar təxminən dörd il əvvəl yatırıldı, indi isə mümkün deyil.
Lukaşenkonun ən fəal əleyhdarları həbsdədir və onların bəziləri - Mariya Kolesnikova, Viktor Bobariko, Sergey Tixanovski, Nikolay Statkeviç və başqaları ilə il yarımdan çoxdur ki, heç bir əlaqə yoxdur. Onların hansı vəziyyətdə, hansı şəraitdə olduqları məlum deyil. Hüquq müdafiəçiləri 1300 nəfər siyasi məhbus olduğunu hesab edirlər, lakin bunlar yalnız beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən tanınan və siyasi məhbus kimi qəbul edilən şəxslərdir. Siyasi motivlərlə və ya etiraz aksiyaları ilə bağlı həbsdə olanların faktiki sayı bilinmir, lakin bu, bir neçə dəfə çoxdur.
Təqiblərdən xilas olmaq üçün ölkəni tərk edənlərin dəqiq sayı da məlum deyil. Bu, şübhəsiz ki, əmək qabiliyyətli yaşda olan bir neçə yüz min aktiv insandır. Bəziləri onların sayını bir milyon nəfər hesab edir. Belarusda qalanlar həddən çox qorxudulur. Ona görə də Lukaşenkonun yenidən təyinatı ilə bağlı problem yaşamayacağı şübhə doğurmur.
Bu performansın nəticə əldə edib-etməyəcəyi isə başqa sualdır. O, tam seçki tsiklini - konstitusiyanın dəyişdirilməsi üzrə referendum (2022), yerli və parlament "seçkiləri" (2024) və nəhayət, 2025-ci ilin əvvəlində keçiriləcək prezident seçkilərini başa çatdırmaqla Qərbə və digər beynəlxalq oyunçulara göstərmək istəyir ki, Belarusda, özünün dediyi kimi, “səhifə çevrildi” və 2020-ci il hadisələrindən sonra üzləşdiyi qeyri-qanunilik böhranı aradan qaldırıldı. O, ümid edir ki, bu, ona ən azı qismən tanınmağa, beynəlxalq təcriddən çıxmağa və Ukrayna üzrə mümkün sülh danışıqlarının iştirakçısına çevrilməyə imkan verəcək.
Bu planın reallaşması ehtimalı azdır. Belarus xalqına qarşı, regional təhlükəsizliyə qarşı törədilən cinayətlərin (təyyarənin qaçırılması və miqrasiya böhranının təşkili) ağırlığı həddən artıq böyükdür və onlar Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləməkdə getdikcə daha çox iştirak edirlər.
Ən əsası isə onun subyektivliyi dərin şübhələr yaradır. Ona görə də yaxın gələcəkdə vəziyyət dalana dirənəcək. Lukaşenko ölkə üzərində güclü nəzarəti davam etdirəcək və cəmiyyəti qorxu içində saxlamağa davam edəcək. Lakin yenidən qanuni hökmdar və beynəlxalq oyunçu ola bilməyəcək və getdikcə daha çox Rusiyadan asılılığa doğru sürüşəcək. Bu tendensiyanın geri çevrilməsini yalnız ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində baş verən hadisələrlə müqayisə oluna bilən regionda son dərəcə ciddi dəyişikliklərlə əlaqələndirmək olar.
Onu da aydınlaşdırım ki, taktiki nüvə silahlarının faktiki olaraq Belarus ərazisində yerləşdirilməsinə dair etibarlı sübut yox idi. Lukaşenko və Putinin tez-tez bir-birinə zidd olan bəyanatlarından başqa heç nə yox idi. Buna görə də onun həqiqətən yerləşdirildiyi dəqiq deyil”.
Politoloq, journalist, “Belsat TV”-nin (Varşava) əməkdaşı Zmitser Mitskeviç:
“Əslində, hələlik heç nə Lukaşenkonun bu psevdoseçkiləri keçirə bilməyəcəyini göstərmir. Hamı başa düşür ki, reallıqda seçki olmayacaq, bu, prosesin imitasiyası olacaq, bir o qədər də ləng olacaq. Çünki indi Lukaşenkonun əhaliyə heç nə nümayiş etdirməsinə ehtiyac yoxdur. Yəni hamı başa düşür ki, azad seçkilər zamanı heç bir halda Lukaşenko səs çoxluğunu qazana bilməyəcək.
Mənə elə gəlir ki, özü də bunu çox gözəl başa düşür. Bunu onun bütün məmurları başa düşürlər. Ona görə də düşünürəm ki, onlar seçkilərin hansısa çox şən, müsbət mənzərəsini təqlid etməklə çox da narahat olmayacaqlar.
Onların keçirilmə tarixi - yanvarın sonu məqsədli şəkildə edilib. Birincisi, onları mümkün qədər tez həyata keçirmək üçün. İkincisi, hər halda, Lukaşenko hər hansı etiraz əhval-ruhiyyəsindən qorxur və buna görə də özünü sığortalayır, deyirlər ki, qışdır, soyuqdur, heç kim meydanlarda özünü dondurmaz. Yəni əslində onun bu qorxusu hələ də var.
Və təbii ki, indi Belarusda növbəti repressiya dalğasının hazırlandığını görə bilərik. Müxtəlif mənbələrdən daxil olan məlumatlara görə, artıq həbslər və saxlanan şəxslərin siyahıları var. Biz görürük ki, artıq müəyyən həbslər başlayır. Düşünürəm ki, vəziyyət daha da pisləşəcək. Bir çox hallarda kütləvi həbslər olacaq, Lukaşenkonun özünün tərəfdarları da hədəfə alınacaq.
Digər tərəfdən, görürük ki, Lukaşenko ictimaiyyətə, xüsusən də Qərbə oynamağa çalışır, “bax, mən burada nəsə edirəm, Putindən 100% asılı deyiləm” və sair kimi. Baxmayaraq ki, Qərbin bütün ağıllı adamları çoxdan başa düşürlər ki, onun artıq heç bir siyasi subyektivliyi yoxdur və əslində Belarusla bağlı bütün strateji qərarlar Kremldə verilir. Beləliklə, mənə elə gəlir ki, onun bütün bu cari farsları keçib gedəcək.
Ciddi dəyişikliyin olacağını görmürəm, yəni onun hansısa varis hazırlaması ilə bağlı bütün bu söhbətlərin heç bir əsası yoxdur. Aydındır ki, Minskdə mümkün varislər adlandırılanlar, indiki iyerarxiyada daha güclü mövqelərə malik olanlar, Lukaşenkonun əlaltıları var, amma əslində onların da subyektivliyi yoxdur. Mənə elə gəlir ki, onların əsas meyarlarından biri də budur - yuxarıların razılığı olmadan heç birinin ağzını açmağa cürət etməməsi. Və əgər kimsə bunu etsə, dərhal buna görə məsuliyyət daşıyacaq.
Mənə elə gəlir ki, indiki vəziyyətdə bu məsuliyyət əvvəlkindən qat-qat ciddi olacaq. Yəni, sadə bir işdən azad olunmaqla bitməyəcək. Baxmayaraq ki, Belarus cəmiyyətində etiraz əhval-ruhiyyəsi qalmaqdadır.
Bu rejimin legitimliyi yoxdur, onunla sövdələşməyə də həvəs yoxdur. Rejim bunu başa düşür və buna görə də hər cür cəhd edəcək ki, özünü Qərbin gözündə hansısa yolla legitimləşdirsin – öz subyektivliyini hansısa yolla qaytarmaq barədə düşünmək imkanı əldə etsin. Ancaq indiyə qədər biz bütün bu cəhdlərin uğursuz olduğunu görürük və onlar olduqca acınacaqlı görünürlər”.(AYNA)