Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Saray intriqaları, qeybə çəkilən islahat planı, ölümcül yarış... – Andropov SSRİ-nin son şansı idimi?

Yenixeber.org: Sovet İttifaqına 18 il rəhbərlik etmiş Leonid Brejnev 1982-ci il noyabrın 10-da öldü. İki gün sonra Yuri Andropov Kommunist partiyasının Baş katibi seçildi. O, sovet dövrünün ən mübahisəli xadimlərindən biridir. Bəzilərinə görə, SSRİ-ni dirçəldəcək fiqur idi, amma ölümü imkan vermədi. Bəzilərinə görə isə Andropov ölkəni dirçəldəcək görüşlərə malik deyildi. “Radio Svoboda”nın Andropov haqqında məqaləsini ixtisarla təqdim edirik.

Əvvəli: Burada

Baş katib postunu tutan zaman Andropovun detallı dəyişikliklər planı vardımı? Yəqin ki, bəzi düşüncələri vardı. Birinci mərhələdə ən sadəsindən başlamaq istədiyini gizlətmirdi. 1982-ci il 31 dekabr nitqində söylədi: “Hər şeyi intizama bağlamaq olmaz, amma məhz ondan başlamaq lazımdır, yoldaşlar... İntizam - əmək, plan, dövlət intizamı olmadan sürətlə irəli gedə bilmərik. Qayda-qanun yaradılması həqiqətən də heç bir kapital qoyuluşu tələb etmir, amma çox böyük effekt verir...”  Yeni rəhbərlik yaranmış problemləri əmək və məişət şəraitini dəyişmədən qorxu vasitəsilə həll etməyi düşünürdü. Bu, Stalin dövrünün aşkar əks-sədası idi və yalnız qısamüddətli effekt verə bilərdi. 

Seçilən vaxt Andropov yuxarılardakı tərəfdarlarını Çernenko və müttəfiqlərindən çəkinməyəcək qədər yetərincə konsolidasiya etmişdi. Yeni kadrları, faktiki, hər hansı problemsiz yerbəyer edir və irəli çəkirdi. Onun irəli çəkdiyi Mixail Qorbaçov hələ Brejnev dövründə, 1978-ci ildə MK-nın kənd təsərrüfatı üzrə katibi oldu. Bu postda fəal çalışırdı və SSRİ kənd təsərrüfatında ciddi irəliləyişlər müşahidə olunmasa da, Qorbaçov 1980-ci ildə Siyasi Büro üzvü seçildi.

Andropov MK aparatında mühüm postlara Nikolay Kruçinanı və Vadim Medvedevi təyin etdi. Təşkilati şöbəyə Tomskdan çağrılmış Yeqor Liqaçov başçılıq etdi. Vilayət partiya komitələrinin birinci katiblərinin beşdə bir hissəsi tələsik dəyişdirildi. Vitali Vorotnikov Krasnodarda qısa müddət birinci katib olandan sonra Rusiya Nazirlər sovetinin sədri, MK-nın 1983-cü il 14 iyun tarixli plenumunda Siyasi Büro üzvlüyünə namizəd oldu. Eyni zamanda Andropovun razılığı ilə Leninqradın rəhbəri, “sərt xətt” tərəfdarı Qriqori Romanov MK-nın hərbi-sənaye kompleksi üzrə katibi təyin edildi: Çernenko onu Qorbaçova, Andropov isə Qrişinə qarşı əks-ağırlıq kimi görürdü. Medunov və Şelokov MK tərkibindən çıxarıldılar: rəsmən “buraxdıqları nöqsanlara görə”, əslində isə plenumda rüşvətxorluqda günahlandırılmışdılar. 

MK-nın dekabr plenumunda Valeri Vorotnikov və Mixail Solomintsev namizədlikdən Siyasi Büro üzvünə çevrildilər. Vorotnikov bu məsafəni yarım ilə qət etdi. KQB-nin yeni sədri Viktor Çebrikov Siyasi Büro üzvlüyünə namizəd oldu. Baş katibin təklifi ilə Yeqor Liqaçov MK katibi seçildi. Sverdlovsk vilayət partiya komitəsinin birinci katibi Boris Yeltsini 1983-cü ildə iki dəfə Andropovla görüşə çağırdılar  - vilayətin təsərrüfat problemlərini həll etmək üçün. O, Qorbaçovun “irəli çəkiləcək” kadrlar siyahısına düşdü. Namizədliyi artıq xəstəxanada olan Andropov tərəfindən bəyənilmişdi. Yeqor Liqaçov yazır ki, Andropovdan “Yeltsinə göz qoymaq” tapşırığı alıbmış. Liqaçov Sverdlovska 1984-cü ilin yanvarında etdiyi səfərdən müsbət təəssüratla qayıtdı. Beləcə, bir il ərzində “Andropov komandası”nın özəyi formalaşdı. 

news content

Mixail Qorbaçova mühüm yer ayrılırdı: Andropovun tapşırığı ilə o, 1983-cü ilin aprelində Lenin haqqında məruzə etdi. MK-nın iyun plenumunun iclaslarından birini apardı, dekabr plenumunda yekun çıxış etdi. Bir il ərzində Qorbaçov hakimiyyətdəki iki-üç önəmli adamdan biri oldu. 

Ticarətdə əliəyrilik hallarına qarşı mübarizə kampaniyası 1983-cü ilin yayında davam etdirildi: KQB Moskva baş ticarət idarəsinin rəhbəri, Siyasi Büro üzvü Viktor Qrişinin yaxın dostu sayılan Nikolay Trequbovu həbs etdi. İş qar topası kimi böyüdü və sonda 10 mindən çox adam müxtəlif cəzalara məruz qaldı. Piştaxtalarda məhsul artmadı, amma “alverçilər”in cəzalandırılması haqda şayiələr Yuri Andropovun populyarlığına xeyli töhfə verdi.

İqtisadiyyatda haradasa “Kosıgin islahatları”na və “təsərrüfat hesabı”na qayıdaraq müəssisələrin imkanlarını genişləndirmək yönündə bir neçə irimiqyaslı eksperimentlərə başlamaq qərara alındı. 1983-cü ilin statistikası hakimiyyəti sevindirə bilərdi: sənayedə 4%, adətən staqnasiyada olan kənd təsərrüfatında isə 5% artım qeydə alındı. Bu, son durğunluq dövrünün ümumi mənzərəsini dəyişmirdi, amma hakimiyyətə radikal tədbirlər olmadan böhran prosesini adlamağa, istehlakçı bazar üçün məhsul istehsalını artırmağa ümid verirdi. 

Andropov iqtisadi islahat üzrə komissiya yaratdı. Onun tərkibinə Nikolay Rıjkov, Mixail Qorbaçov və ağır sənayeni kurasiya edən MK katibi Vladimir Dolqix daxil oldu. Onlar bir vaxtlar Kosıgin üçün təkliflər hazırlayan akademik Kirillin komissiyasının fikirlərini əsas götürərək müzakirələr apardılar. Amma Andropovun hakimiyyəti zamanı islahat konsepsiyası ortaya çıxmadı. Bu, onu göstərir ki, özünün iqtisadi proqramı yox idi, Çin təcrübəsinə isə tələb duyulmurdu. MK-nın Ərzaq proqramı üzrə 1983-cü ilin mayında keçirilən böyük müşavirəsində şəxsi və həyətyanı təsərrüfatın inkişaf etdirilməsi lehinə xeyli çıxışların olması pozitiv hal idi. Amma hər hansı təzə qərar yenə qəbul olunmadı.

İqtisadiyyatın inkişafı inersiya yolu ilə gedirdi. Məsələn, kənd təsərrüfatı məhsullarının alış qiymətlərinin 1983-cü il yanvarın 1-də orta hesabla 30% artırılması Brejnev dövrü qərarlarının reallaşdırılması idi. Qiymət siyasəti ilə bağlı digər addımlar da analoji idi. 1982-ci ildə zinət əşyalarının, xalçaların qiyməti qaldırıldı. 1983-cü il fevralın 1-dən isə 300-ə qədər adda məhsul və xidmət növünün qiymətləri qaldırıldı: bütün növ poçt xidmətlərinin, dəftərxana mallarının, tikinti materiallarının, geyimlərin, şirələrin, alkoqolun bəzi növlərinin. 

Büdcədəki dəlikləri doldurmaq və vergilərin tam yığılmamasını kompensasiya etmək lazım idi, amma Andropovun hakimiyyətə gəlişi ilə kapital və ya hərbi xərclərdə heç bir ciddi azalma baş vermədi. Əfqanıstanda müharibə davam edirdi, sosialist ölkələrinə maliyyə yardımı zəruri idi, silahlanma yarışı yenə gedirdi. 

Qərblə yeni konfrontasiya SSRİ-nin hərbi-siyasi kompleksi üçün əlavə maliyyə tələb edirdi. Bu konfrontasiyanı Moskvanın  köhnəlmiş 600 sovet raketini modernləşdirilmiş üç döyüş başlıqlı SS-20 ilə əvəz etmək qərarı doğurdu. NATO ölkələri də cavab olaraq Avropada “Pershing II” raketlərini yerləşdirdilər. 

SSRİ yumşalma dövründən silahlanma yarışının yeni mərhələsinə adlayırdı. Bu zaman Andropov Ronald Reyqanın təşəbbüsünü qəbul etmədi. “Sıfır variantı” yetərincə ağlabatan idi: sovetin bütün orta mənzilli raketlərinin demontajı müqabilində ABŞ Qərbi Avropada yeni raketlər yerləşdirməkdən imtina edirdi. Andropov isə sovet raketlərinin sayını Britaniya və Fransadakı daşıyıcıların sayı ilə bərabərləşdirməyi təklif edirdi. ABŞ bu ideyanı rədd etdi. SSRİ ABŞ ilə bütün sahələrdə nüvə pariteti kimi gərəksiz məqsədə doğru qaçmaqda davam edir, ölkənin büdcəsinə uyğun olmayan xərclər çəkirdi. Silahların ixtisarı üzrə danışıqlar 1983-cü ildə dalana dirəndi. Moskva ADR və ÇSSR-də yeni start qurğuları ilə Qərbi hədələyirdi. Hətta Çukotkada da ABŞ əleyhinə raketlər yerləşdirmək kimi bahalı layihə mövcud idi. 

Amerika 1983-cü ilin payızında raketlərinin yerləşdirilməsinə başlamalı idi. Bu, bahalı və təhlükəli silahlanma yarışının yeni dalğasını yaratdı. Andropovun göstərişi ilə SSRİ danışıqlardan çıxdı, ölkənin Avropa hissəsində raketlərin yerləşdirilməsinə qoyulan moratoriumu qaldırdı. ADR və ÇSSR ərazisində taktiki-əməliyyat raketlərinin yerləşdirilməsi haqda danışıqların sürətləndirildiyi elan edildi. Ağlasığmaz ssenariyə - populyar Reyqanın 1984-cü ildə ikinci müddətə seçilməməsinə - hesablanmış bu təhdid siyasətini Andropov diplomatiyasının uğuru adlandırmaq olmaz.

Sovet qırıcısının 1983-cü il sentyabrın 1-də Cənubi Koreya sərnişin təyyarəsini vurması SSRİ-nin imicinə xüsusilə mənfi təsir göstərdi. Rəsmi versiyaya görə, “Boeing-747” marşrutdan yayınıb, Kamçatka və Saxalin üzərindən uçmuşdu. Hərbçilər onu ABŞ-ın kəşfiyyat təyyarəsi kimi qəbul etdilər. Andropova kəşfiyyat təyyarəsi barədə məruzə edildi və o, vurulmasını sanksiyalaşdırdı (əslində təyyarə vurulandan sonra Andropova məruzə edilib  - Press klub). 269 nəfər həlak oldu. 

Dünya üçün ən hiddətləndirici hal Moskvanın sonrakı davranışı idi. Kreml sərnişin təyyarəsinin sovet raketi ilə vurulmasını inkar edirdi, hərçənd, ABŞ-in əlində yaxalayıcı təyyarə pilotunun Uzaq Şərq dairəsinin komandanlığı ilə danışıqlarının yazısı vardı. Siyasi Büro əvvəlcə təyyarənin vurulması kimi açıq faktı gizlətmək haqda qərar qəbul etdi. Sentyabrın 7-də isə faciəni etiraf etməyi qərara aldılar. Guya təyyarə yerüstü xidmətlərin və havaya qalxan yaxalayıcı təyyarələrin tələblərini yerinə yetirməyib və onun uçuşuna son qoyulub. Heyətin və sərnişinlərin ölümünə görə məsuliyyət ABŞ xüsusi xidmət orqanlarının üzərinə qoyuldu. Bir ay sonra Andropov eyni məzmunda çıxış etdi. O, hərbçilərin davranışına tam haqq qazandırdı və SSRİ-ni “şər imperiyası” elan etmək üçün daha bir bəhanə verdi. 

(Davamı olacaq) 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.svoboda.org/a/andropovskim-kursom-byl-li-glava-kgb-poslednim-shansom-dlya-sssr/32970441.html 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam