İlin sonundan da tez razılıq əldə etmək olar -Ceyhun Bayramov
Azərbaycan konstitusiyası və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalar Qarabağın erməni əhalisinin hüquqlarını təmin etmək üçün bütün lazımi şəraiti təmin edir.
Yenixeber.org: Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Reuters" agentliyinə müsahibəsində deyib.
O bildirib ki, İrəvanın Qarabağdakı ermənilərlə bağlı tələbləri Azərbaycanın daxili işlərinə qarışmaqdır. Nazir vurğulayıb ki, ermənilər digər etnik azlıqlar kimi Azərbaycan cəmiyyətinə və dövlət strukturlarına inteqrasiya etsələr, yenə də öz dillərindən istifadə edə, təhsil ala, mədəniyyətlərini qoruyub saxlaya bilərlər.
Ceyhun Bayramov sülh danışıqlarında müəyyən irəliləyişlərin qeydə alındığını və Bakının razılığa gəlməkdə maraqlı olduğunu bildirib. Bundan əlavə, nazir minlərlə erməni hərbçisinin hələ də Azərbaycan ərazisində qaldığını diqqətə çatdırıb.
O, həmçinin vurğulayıb ki, Ermənistan müəyyən addımlar atmağa hazır olsa, sülh razılaşması əldə edilə bilər: “Əgər İrəvanın nəinki bəyanatlar vermək, həm də praktiki addımlar atmaq iradəsi olarsa, mən hesab edirəm ki, potensial olaraq ilin sonundan da tez razılıq əldə etmək olar, amma real hazırlıq yoxdursa, daha sonra ola bilər".