Əsir düşən ermənini döydülər
Yanvarın 28-də Tovuzun Əlibəyli kəndi yaxınlığında tutulmuş erməni, 77 yaşlı Mamikon Xocayan müzakirələrə yol açıb.
"xeberinfo.com": Əslində bu müzakirələr təbiidir. Çünki ortalıqda əsir götürülmüş şəxs və bu şəxslə bağlı ziddiyyətli məqamlar var. Nədir bu ziddiyyətli məqam? Əsirin kəşfiyyatçı, yoxsa erməni tərəfinin də iddia etdiyi kimi sərsəm bir qoca olması? Əsirin yaralanması, yoxsa kimlərsə tərəfindən döyülməsi?
Azərbaycanın Müdafiə Nazirliyi bəyan edir ki, ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərərkən Xocayan silahlı və yaralı vəziyyətdə ələ keçirilib. Nazirlik onu qrupun bələdçisi olduğunu bildirir. Əslində bunu adamın özü də ANS-ə müsahibəsində etiraf edib.
Erməni əsir, Mamiko Xocayan: “Mən yaxşı işçiyəm, Dövlət Təhlükəsizlik Xidməti Orqanının əməkdaşıyam, özümü burda yaxşı hiss edirəm, yıxılmışam qolum sınıb, indi hər şey yaxşıdır, qolum da yaxşıdır, burda mənə yaxşı baxırlar”.
Amma beynəlxalq Qırmızı Xaç komitəsinin Ermənistan ofisinin nümayəndələri qocanın yaşadığı kənddə olub və onlara da bildirilib ki, qoca ağıldan kəmdir və həmin gün hava dumanlı olduğundan azıb Azərbaycan tərəfinə keçib. Hərbi ekspert Üzeyir Cəfərov da bu versiyaya daha çox inanır.
Hərbi jurnalist Rahib Qərib hesab edir ki, bu Ermənistanın apardığı informasiya müharibəsinin tərkib hissəsi də ola bilər.
Hər halda, bütün bunlar müharibə baş verən ölkələrdə mümkün olan məsələlərdir. Amma əsas məsələ bu deyil. Əsas məsələ adamın əsir düşəndən sonrakı görüntüləridir. Belə təəssürat yaranır ki, onu döyüblər. Bunu hərbi ekspert Üzeyir Cəfərov da istisna etmir.
Bəlkə kimlərsə bu dəqiqə əcəb edib döyüblər söylədi. Amma üzrlü sayın, mən belə söyləyə bilməyəcəm. Bu bizim millətə yaraşan hərəkət deyil. 77 yaşlı qocanı, üstəgəl psixi problemləri olan xəstəni döyməklə heç kim bizə “bravo” deməyəcək. Əksinə biz bununla dünyada yenə də harda müsəlman görürəm, qorxuram, təəssüatı yaratmış oluruq. Amma gəlin bir anlıq bunun əksini düşünək. Bu qocanı, sağ salamat bütün tibbi prosedurlardan keçirib, hələ üstəlik əyninə bir dəst təzə kostyum da geyindirib yüksək səviyyədə erməni tərəfinə təhvil veririk. Hər halda son günlər atəşkəsin pozulması fonunda qarşılıqlı şəhidlər verdiyimiz bir vaxtda bu mənə daha sivil, daha maraqlı görünür. Sizi bilmirəm, məncə köhnə texnologiyalar sözün əsl mənasında çox köhnəlib. Əgər bu gün biz qapılarımızı Avropaya açıb, ölkəmizdə Evrovision keçirir, Olimpiya oyunlarına hazırlaşırıqsa, onda yanaşmamızı hökmən dəyişməliyik. Bu qətiyyən kökümüzü dəyişmək deyil. Əksinə, kökümüzə qayıtmaqdır. Atalarımızın bir məsələni xatırlayın. “Düşmən səni daşla, sən düşməni aşla”.