Vasif Talıbovun deputat mandatına xitam verilə, YAP-dan çıxarıla bilər? -AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən istefa verdiyinə dair ərizəni dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edib. Ali Məclis dekabrın 21-də keçirilən növbədənkənar iclasında onun istefasını qəbul edib.
Yenixeber.org: Qeyd edək ki, Vasif Talıbov sözügedən vəzifədən istefa versə də, hazırda həm Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, həm Azərbaycan Respublikası Milli Məclisinin deputatı, həm də hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü olaraq qalmaqdadır.
Maraqlıdır, Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvandakı həbslərindən sonra gündəmə gələn Vasif Talıbovun deputat mandatına da xitam verilə bilərmi? O, YAP-ın İdarə Heyətindən də çıxarılacaqmı?
Mövzu ilə bağlı Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Hikmət Babaoğlu bildirdi ki, Azərbaycan öz demokratik və hüquqi dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoyub.
“Bu mərhələ idarəetmədə, korrupsiyaya qarşı mübarizədə və nəhayət cəmiyyətimizdə mövcud olan bütün neqativ hallara qarşı qətiyyətli mübarizə mərhələsidir. Naxçıvanda baş verənləri də, aparılacaq yeni yoxlamaları da bu kontekstdə qiymətləndirmək lazımdır. Artıq Naxçıvanda uzun illər ərzində baş vermiş ciddi qanun pozuntuları ilə bağlı müvafiq dövlət qurumlarımız ictimaiyyətə xeyli məlumatlar veriblər. Aparılacaq yoxlamalar da, görüləcək tədbirlər də baş verənlərin hüquqi müstəvidə qiymətlədirilməsi olacaq. Görünür, qanunsuzluqların miqyası xeyli böyükdür. Azərbaycan cəmiyyəti haqlı olaraq şəffaflığın təmin olunması istiqamətində atılan belə qətiyyətli addımları dəstəkləyir”, - deyə o, vurğuladı.
Bundan sonra hansı yeniliklərin olacağı ilə bağlı məsələyə gəldikdə isə Hikmət Babaoğlu qeyd etdi ki, idarəetmənin təkmilləşdirilməsindən tutmuş institusional və struktural dəyişiklərə qədər hər şey mümkündür:
“Bu sahədə müstəsna səlahiyyət Azərbaycan Prezidentinə aiddir. Şübhəsiz ki, ən optimal və ən doğru qərar qəbul ediləcək”.