“Xan” sarayının “şamar oğlanları”: Vüqar Talıbov öz borcunu işçisinə necə ödətdirdi? -DE-FAKTO
Yenixeber.org: Vaxtilə Osmanlı saraylarında “şamar (şillə) oğlanları” bulunurdu. Şahzadə ilə eyni yaşda olan “şamar oğlanları”nın qarşısında bir neçə vəzifə vardı: padşahın övladları ilə oynamaq, onları darıxmağa qoymamaq və bir gün vəliəhd bir səhvə yol verəndə onun əvəzinə döyülmək.
Maraqlıdır ki, özünü Naxçıvanın sultanı kimi aparan Vasif Talıbov xanədanının da “şamar oğlanları” var. Üstəlik, təkcə Vasif Talıbovun gül balalarının yox, həm də onun qardaşı uşaqlarının. Onlar şahzadələrə pul qazandırmaqla kifayətlənmir, bəzən ağalarının əvəzinə borc qaytarır və ya həbsxanaya salınırlar.
Redaksiyamıza məktub göndərən Qurbanov Zaur adlı Naxçıvan sakini də Vasif Talıbovun qardaşı (İlqar Talıbov) oğlu Vüqarın “şamar oğlanı” olub. İddiasına görə, 2014-cü ildə özünə bir maşın alaraq bu vəzifəyə gətirilib. Ayda 500 manat maaş alıb, cəmi bir ildən sonra isə Vüqar Talıbovun cinayətlərini öz boynuna götürüb, evini-eşiyini, dayısının, əmisinin əmlakları ilə bərabər anasının, bacısının qızıl əşyalarını da sataraq, ağasının 200 min manat borcunu qaytarıb. Ən dəhşətlisi isə budur ki, ona öz “borcunu qaytarmaq” üçün 14 gün sərasər işgəncələr verilib. İşgəncə verən isə başqası yox, ağasının Naxçıvan MR Prokurorluğunda müstəntiq işləyən qardaşı Vüsal Talıbov olub.
Gəlin, bu ağlasığmaz hadisələrin bu və digər detallarını “şamar oğlunun” öz dilindən eşidək:
“Məlumat üçün bildirirəm ki, mən Qurbanov Zaur 2012-ci ildə taksi fəaliyyəti göstərmək üçün Vüqar Talıbova məxsus avtomobili icarəyə götürdüm.
Taksi fəaliyyətilə məşğul olub ailəmi dolandırırdım. 2014-cü ildə Vüqar Talıbov maşını satmaq qərarına gəlir və maşını satır. Mənə bildirdi ki, “2 il ərzində mənim etibarımı qazandın, özünə maşın al, mənim şəxsi işlərimi gör. Aylıq əmək haqqın 500 manat olacaqdır”. Mən də təklifi qəbul edib özümə avtomobil alıb həmin vaxtdan Vüqar Talıbovun şəxsi işlərini görməyə başladım.
Şəkildə: Vüqar Talıbov
Qeyd edim ki, həmin vaxt Vüqar Talıbov Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsində qeydiyyat şöbəsində baş leytenant rütbəsində xidmət edirdi. Bildirirəm ki, həmin vaxt taksilər göy qeydiyyat nişanı ilə fəaliyyət göstərirdi. Vüqar Talıbov göy nömrələrin satılması üçün razılaşdığı vətəndaşlardan pulların yığılmasını mənə tapşırdı. Mən də işimi icra edib onun razılaşdığı vətəndaşlardan müvafiq məbləğdə pulları alıb Vüqar Talıbova çatdırdım.
2015-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri Əhməd Əhmədovun əmri ilə Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsində olan göy qeydiyyat nişanı nömrələr Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinə təhvil verildi. Vüqar Talıbova xəbər çatan kimi mənə zəng edib təcili “göl kafe”nin yanına gəlməyimi dedi. Mənə bildirdi ki, 200000 manat nömrələrdən pul yığılıb, lakin nömrələr əlimdən çıxıb. Mənim əmim Vasif Talıbovun adına ləkə gəlməsin deyə pulları mənimsədiyini sən boynuna götür, narahat olma evimi 800000 manata istəyirlər onu satıb səni vəziyyətdən çıxaracam. Mənə bərk-bərk tapşırdı ki, mənim adım hallanmasın. sənin işinə qardaşım Vüsal Talıbov (qeyd edim ki, Naxçıvan şəhər Prokurorluğunda baş müstəntiq idi) baxacaq. Mən də əmin oldum ki, bunlar sözü bütöv insanlardır.
Pulları alınan vətəndaşlar şikayətə gedəndə məni Prokurorluğa çağırdılar. Vüsal Talıbov mənə sual verdi ki pulları sən almısan? Mən də cavab verdim ki, bəli. Vüsal Talıbov bildirdi ki, sənə 1 saat vaxt verirəm get, pulları gətir. Mən də təbii ki, 1 saata pulu tapıb gətirə bilmədim. Məni Naxçıvan şəhər Polis İdarəsinə gətirdilər. Polis İdarəsində 2 gün qalandan sonra məni yenidən Prokurorluğa gətirdilər. Həmin vaxt Vüqar Talıbov da orda idi. Vüsal Talıbov mənə sual verdi ki, pulları Vüqar Talıbova vermisən? Məndə cavab verdim ki, xeyr. Ondan sonra Vüqar Talıbov və yanındakı tanımadığım 1 şəxs məni döyməyə başladılar. Elə döydülər ki, özümdən getdim, daha sonra ayıldım ki, Naxçıvan şəhər Polis İdarəsindəyəm.
Şəkildə: Qurbanov Zaur (Vüqarın şamar qardaşı)
Səhəri gün yenidən məni Prokurorluğa apardılar. Vüsal Talıbov məni ailəm və övladlarımla hədələdi. Özləri yazdığı izahata mənə zorla qol çəkdirdilər. Vüsal Talıbov mənə bildirdi ki, “nə mal mülkün var, hamısını satıb vətəndaşların pulları qaytar. Naxçıvan Muxtar Respublikasında hamı bizi tanıyır. Bizim pulumuza nə gəlib ki vətəndaşların pulun alıb qaytarmayaq”.
Məni 14 gün ağır işgəncələrlə Naxçıvan şəhər Polis İdarəsində saxladılar. Bunu da deyim ki, mən şəhər Polis İdarəsində yox, tez-tez aparıldığım Prokurorluqda şəxsən Vüsal Talıbov tərəfindən döyülüb işgəncələrə məruz qalırdım.
14 gündən sonra məndən 1100 manat aldılar ki, səni zaminliyə buraxırıq, get, pulları tap, gətir. Ondan sonra Naxçıvan şəhəri Sabir küçəsi 73 ünvanında yerləşən baba həyətimdəki 2 mərtəbəli evimi, avtomobilimi, qardaşıma məxsus Naxçıvan şəhər Əliabad qəsəbəsində yerləşən 2 otaqlı evini, atama məxsus Naxçıvan şəhər Əliabad qəsəbəsində yerləşən 3otaqlı evi, dayıma məxsus avtomobili, əmim oğluna məxsus avtomobili, qaynatama məxsus avtomobili öz istədikləri qiymətə satdırıb pulları məndən aldılar. Bundan sona yoldaşımın, anamın, bacımın, qaynanamın qızıl zinyət əşyaların satıb pulları bunlara verdim. Sonda Vüsal Talıbov məni yanına çağırıb dedi ki, əgər bu söhbəti hardansa kimdənsə eşitsək səni məhv edərik. Bundan əlavə, məni ailəmlə, uşaqlarımla təhdid etdilər. Naxçıvan şəhər Prokuroru Elsevər müəllim mənə bildirdi ki, birdən bilmərsən, Vüsal Talıbova yaxınlaşıb nəsə diyərsən, mənim də bunlara gücüm çatmaz. Get, işinlə məşğul ol.
Şəkildə: Vüsal Talıbov
Bir neçə gündən sora atam və anam Ali Məclisə şikayətə getsə də, qapıdan içəri qoymadılar. Atam və anam ürək xəstəliyinə tutuldular. Hal-hazırda Naxçıvan şəhərində kirayədə qalıram, ailə vəziyyətim çox pisdir. Xahiş edirəm ki, bu məsələlərin araşdırılması və hüquqi qiymət verilməsi üçün mənə köməklik göstərəsiniz.(ovqat.com)