DİM -imtahan nəzarətçilərinin fəaliyyəti ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb
2021-ci ildə keçirilmiş imtahanlarda iştirak etmiş zal nəzarətçilərinin fəaliyyətinin araşdırılması ilə bağlı təhlilin bəzi nəticələri açıqlanıb.
Yenixeber.org: Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bütün fəaliyyət istiqamətlərində olduğu kimi imtahanların idarəedilməsində də ictimai nəzarətin və şəffaflığın təmin olunması Dövlət İmtahan Mərkəzinin qəbul etdiyi əsas korporativ idarəetmə prinsiplərindəndir. İmtahanların təşkili və idarəedilməsi zamanı ictimai nəzarət və şəffaflıq müxtəlif təhsil müəssisələrinin, dövlət və özəl təşkilatların, pedaqoji ictimaiyyət nümayəndələrinin imtahan rəhbəri, zal nəzarətçisi, buraxılış rejimi əməkdaşı və s. formalarda birbaşa iştirakı təmin edilməklə reallaşdırılır.
İmtahanların idarəedilməsində keyfiyyət göstəricilərinin artırılması məqsədi ilə hər il cari dövr ərzində keçirilən imtahanlara cəlb edilmiş məsul şəxslərin, eləcə də zal nəzarətçisi qismində cəlb edilmiş şəxslərin fəaliyyətinin yekun qiymətləndirilməsi aparılır. Bu zaman nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və rəyi, köçürmə halları və digər təlimat pozuntuları, 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu-anketlərində zal nəzarətçisi haqqında rəyləri, nəzarətçinin ümumilikdə imtahanlarda iştirak fəallığı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəriciləri kimi çoxlu parametrlər nəzərə alınır və sonda imtahan iştirakçılarının şikayət ərizələrinin nəticələri də bu araşdırmalara əlavə edilir.
Araşdırmanın nəticələri imtahan rəhbərlərinin və zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsi, onlarla təşkil ediləcək təlimlərin məzmun və metodunun yenidən işlənməsi, növbəti imtahanlar üçün məsul şəxslərin seçimi meyarlarının korrektə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu təhlillərin və təhlillərdən əldə olunan nəticələrin imtahanların təşkili və idarəedilməsi prosesində nəzərə alınması keyfiyyətin yüksəlməsinə səbəb olan faktorlardan biridir. Bütün imtahan proseslərində keyfiyyətə nəzarətin davamlı təmin olunması nəticəsində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanların keyfiyyəti Niderlandın RCEC təşkilatının auditindən uğurla keçmişdir.
Məlumat üçün bildirək ki, 2021-ci ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 16346 nəfərdən ibarət olmuşdur. Bazada qadın nəzarətçilərin sayı 13238 (81%), kişi nəzarətçilərin sayı 3108 nəfərdir (19%). Onlardan 14597 nəfəri (89,3 %-i) ali təhsilli, 1749 nəfəri (10,7%-i) orta ixtisas təhsillidir. Nəzarətçilər bazasında 70 nəfər fəlsəfə doktoru, 910 nəfər magistr elmi dərəcəsi almış zal nəzarətçisi var (ümumi bazanın 6%-i). Bazanın 96%-i orta ümumtəhsil müəssisələrinin əməkdaşlarından ibarətdir.
Zal nəzarətçisi sertifikatı alanların sayı isə 1273 nəfərdir və ümumi bazanın 7,8%-ini təşkil edir. Zal nəzarətçisi sertifikatı olan şəxslərin 70%-i orta ümumtəhsil müəssisələrinin əməkdaşlarıdır.
Çalışdıqları iş yerlərinə görə nəzarətçilərin paylanması aşağıdakı kimidir:
Zal nəzarətçilərinin 2021-ci ildə keçirilən imtahanlarda fəaliyyətlərinin təhlili ilə bağlı araşdırmanın nəticələrinə görə:
Ümumilikdə il ərzində bu günə qədər keçirilən imtahanlara 13726 nəzarətçi 38983 dəfə cəlb edilmişdir. Bu imtahalarda iştirak edən zal nəzarətçilərinə ödənilən əmək haqqı fondu 1 855 940 manat olmuşdur.
Zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 2170 zal nəzarətçisinə təşəkkür elan edilmişdir. Fəaliyyəti nümunəvi qiymətləndirilən nəzarətçilər arasında Bakı şəhərinin Binəqədi, Xətai, Nərimanov, Sabunçu rayonlarının, eləcə də Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Abşeron və Mingəçevir rayonlarının nəzarətçiləri çoxluq təşkil edir.
2019-cu ildən başlayaraq zal nəzarətçisi fəaliyyəti imtahan prosesinin təşkili və idarəedilməsi zamanı keyfiyyət göstəricilərinin artırılması məqsədi ilə sertifikatlaşdırılmağa başlandı. Cari ilin və keçən illərin təcrübəsi göstərir ki, sertifikat almaq üçün müxtəlif mərhələlərdən (müsahibə, intellekt səviyyənin yoxlanılması, psixometrik ölçmələrin aparılması, təlimlər, imtahanların texnologiyası ilə bağlı yekun imtahan) keçən şəxslər imtahan prosesini daha yaxşı idarə edirlər. Belə ki, cari ildə sertifikatlı nəzarətçilərin 93,9%-i hər biri ortalama 6 dəfə (təyinat zamanı imtahan mərkəzlərinin yaşayış yerinə yaxınlığı, ixtisas, yaş, təcrübə və s. kimi faktorlar gözlənilməklə sertifikatlı nəzarətçilərə üstünlük verilir) olmaqla imtahanlara cəlb edilmiş, iştirak etdikləri imtahanda fəaliyyətləri əsasən əla və yaxşı qiymətləndirilmiş, bu fəaliyyətləri və digər tələblər də nəzərə alınaraq onlardan 33 nəfəri imtahan rəhbərləri bazasına daxil edilmişdir. Aşağıdakı qrafikdən də göründüyü kimi bir sıra imtahanların yalnız Bakı şəhərinin mərkəzi rayonlarında və regional bölmə mərkəzlərinin yerləşdiriyi şəhərlərdə keçirilməsi və imtahanların təşkilində pandemiya ilə bağlı müəyyən tələblərin qoyulması bəzi sertifikatlı nəzarətçilərin imtahanlara daha çox cəlb edilməsinə səbəb olmuşdur.
Sağlamlıq imkanları məhdud imtahan iştirakçıları üçün nəzərdə tutulan fərdi nəzarətçilər bazası 100 nəfərdən ibarətdir və hər il tələblərə uyğun olaraq yenilənir. Cari ildə keçirilən müxtəlif tipli imtahanlarda fərdi nəzarətçi ayırmaq və xüsusi imtahan şəraiti yaratmaq tələbi ilə edilən müraciətlər araşdırılmış, ümumilikdə 163 nəfər üçün fərdi nəzarətçi və xüsusi imtahan zalları ayrılmış, sağlamlıq imkanları nəzərə alınaraq zərurət olduqda onlara ümumi imtahan müddətindən əlavə imtahan vaxtı da verilmişdir. Nəzarətçilər sual kitabçasının oxunması, cavabların cavab kartına və ya cavab vərəqinə köçülməsi prosesində onlara dəstək olur, xüsusi qayğı ilə yanaşır və digər zərurui köməkliklər göstərirlər. Hər bir imtahanda fərdi nəzarətçilər üçün “fərdi nəzarətçinin təlimatı” hazırlanır, onlar imtahandan öncə təlimatlandırılır və imtahandan sonra fəaliyyətləri təhlil edilir. Təhlillər sağlamlıq imkanları məhdud imtahan iştirakçıları üçün yaradılan imtahan şəraiti ilə bağlı müsbət dinamikanın davam etdiyini göstərir.
- 2021-ci ildə buraxılış imtahanlarında və ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsində imtahan rəhbərləri tərəfindən fəaliyyəti qeyri-kafi və kafi qiymətləndirilən zal nəzarətçiləri sayının həmin rayon üzrə imtahanda iştirak edən nəzarətçilərin ümumi sayına nisbətinə görə Şərur (9,3%), Şəmkir (6,4%), Lerik (5,4%), Ağstafa (5,1%), Qobustan (5,1%), Ağcabədi (5,0%) və Tovuz (4,9%) rayonları mənfi mənada fərqlənirlər (Cədvəl1).
Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin keçirildiyi bəzi rayonlarda – Ağstafa (13,1%), Qazax (7,2%), Şəmkir (11,1%), Ağcabədi (7,5%), Cəlilabad (6,8%), Bərdə (4,7%), Şirvan (4,3%, Salyan (3,8%), Masallı (3,8%), Kürdəmir (3,1%) - köçürmə hallarına və digər təlimat pozuntularına digər rayonlara nisbətən daha çox yol verilmişdir. Buraxılış imtahanlarının keçirildiyi rayonlar götürüldükdə isə köçürmə hallarına və digər təlimat pozuntularına ən çox Tərtər (2,8%), Şərur (2.3%), Qazax (1,9%), Qobustan (1,7%), Ağcabədi (1,6%), Ağstafa (1,4%), Salyan (1,3%), Yevlax (1,2%), Beyləqan (1,0%) rayonlarının nəzarətçilərinin iştirak etdiyi imtahanlarda rast gəlmək olur. Bunlardan köçürməyə və digər ciddi qayda pozuntularına yol verdiklərinə görə 141 nəzarətçi bazadan xaric edilmiş, digərlərinə xəbərdarlıq edilmişdir (Cədvəl2).
Cəlb edildiyi imtahanlarda dəfələrlə heç bir üzrlü səbəb olmadan iştirak etməyən 133 nəzarətçi də bazadan xaric edilmişdir (Cədvəl3).
Ali təhsil müəssisələrinin qəbul imtahanının II mərhələsində əsasən tarix, coğrafiya, xarici dillər və ibtidai sinif müəllimləri, buraxılış imtahanlarında isə fizika, əmək və ibtidai sinif müəllimləri köçürməyə daha çox şərait yaradıblar. İbtidai sinif müəllimləri həm keçən il, həm də cari ildə qəbul və buraxılış imtahanlarında köçürməyə daha çox şərait yaradıblar.
Qəbul imtahanlarında Azərbaycan dili və ədəbiyyat müəllimlərinin keçən ildən başlayaraq daha az köçürməyə yol verdikləri müşahidə olunur. Lakin tarix, ingilis dili (və digər xarici dillər) və ibtidai sinif müəllimlərinin daha çox köçürməyə yol verdiklərinə dair tendensiya davam edir. Tarix və ibtidai sinif müəllimləri buraxılış imtahanlarında da daha çox köçürməyə yol verən nəzarətçilər arasındadır. Bu nəticələrə görə demək olar ki, riyaziyyat, fizika, biologiya və coğrafiya müəllimləri imtahan zallarını daha yaxşı idarə edirlər. Azərbaycan dili və ədəbiyyat və idman müəllimlərinin son illərdəki nəticələrinin yaxşılaşmasını bazaya bu ixtisas üzrə yeni nəzarətçilərin götürülməməsi və cari bazada ən bacarıqlı nəzarətçilərin qalması ilə izah etmək olar (Cədvəl 4).
Abituriyent kontingentinin yaş tərkibinə görə köçürmə hallarının araşdırılması cari ildə də qəbul imtahanlarında yaşı 18 və 18-dən yuxarı olan əvvəlki illərin məzunlarının yerləşdiyi zallarda yol verilən qayda pozuntusu halları ilə cari il məzunlarının yerləşdiyi zallarda yol verilən qayda pozuntusu hallarının faiz nisbətində ciddi bir fərq olduğunu göstərir (Cədvəl5, Cədvəl6)
Zal nəzarətçilərinin imtahan təcrübəsi artdıqca onların qayda pozuntularına yol vermə halları getdikcə azalır (cədvəl 7)