"GƏNCƏ İŞİ"NİN İSTİNTAQI NİYƏ YENİLƏNDİ? -Elmar Vəliyev ilkin ifadəsində nə deyib?
İttihama görə Yunis Səfərov və daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla, 30-a yaxın maddə ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən 12 nəfərdən ikisi tutularkən polislərə müqavimət göstərdiyi üçün öldürülüb. Onların ailə üzvləri məhkəmədə hüquqi varis qismində iştirak edir.
Sonuncu prosesin nəticəsinə görə Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin anlaqlı olub-olmadığını, onun özünü ifadə etmək bacarığını müəyyənləşdirmək üçün o, tibbi ekspertizadan keçiriləcək.
Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə bir ildən çoxdur davam edən məhkəmə prosesi yekunlaşmaq üzrə idi.
Artıq məhkəmə istintaqı başa çatıb, prokuror Yunis Səfərova ömürlük, digər təqsirləndirilən şəxslərə isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib. Vəkillərin də əksəriyyəti müdafiə çıxışını başa çatdırmışdı. Cəmi 3 vəkilin çıxışı qalmışdı.
Dünən qəbul edilən qərar isə gözlənilməz olub.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərdən Cəfər Zalovun vəkili İlqar Rüstəmov, müvəkkilinə qarşı ittihamların əsassız olduğunu vurğulayıb. O bildirib ki, Cəfər Zalov heç bir cinayət törətməyib, cinayət işinin materiallarında yazılanlar saxtadır.
Məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldıran vəkil vurğulayıb ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilməyib. Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da “yadımda deyil, sonra danışaram” deyib. Sonradan səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun gerçək durumunun müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib.
Vəkil bildirib ki, bu məsələ prosesin nəticəsi üçün çox əhəmiyyətli məqam olsa da, məhkəmə onu nəzərə almadan araşdırmaları yekunlaşdırıb.
Digər vəkillər və təqsirləndirilən şəxslər də bu vəsatəti müdafiə edib. Onlar da məhkəmə istintaqının təzələnməsi və Elmar Vəliyevlə bağlı məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırıblar.
Bu məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar da vəsatətə etiraz etməyib.
Qısa müşavirədən sonra Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası sabiq icra başçısına qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqının təzələnməsinə və Elmar Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onun tibbi ekspertizadan keçirilməsinə qərar verib. Ekspertizanın nəticəsi bəlli olana qədər məhkəmə prosesi təxirə salınıb.
Qeyd edək ki, həbs edilənlərdən yalnız Yunis Səfərov özünü qismən təqsirli bilərək deyir ki, Elmar Vəliyevin Gəncə camaatına göstərdiyi pis münasibətə görə onu öldürmək istəyib. Digər şəxslər isə özünü təqsirli bilmir.