Yenixeber.org: İki il əvvəl Azərbaycanda müstəqillik dövrünün səs-küylü hadisələrindən biri baş verdi. 2018-ci il iyulun 3-də Gəncə şəhərində İcra Hakimiyyəti başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazov güllələndi.
Hadisədən dərhal sonra səslənən əsas versiya qisasçılıq idi. Çünki E.Vəliyevin vətəndaşlarla münasibətlərində problemlərin olması təkcə gəncəlilərə və ətraf rayonların sakinlərinə yox, Bakıda yerləşən mərkəzi dövlət orqanlarına da məlum idi. Vətəndaşların təhqir olunması, mülkiyyətinin əlindən alınması barədə yüzlərlə şikayət müxtəlif dövlət orqanlarına göndərilmişdi, bu haqda mediada çoxsaylı materiallar yayılmışdı.
Sui-qəsd olayını araşdıran hüquq-mühafizə orqanları bu hadisəni terror aktı kimi qiymətləndirdi. İki il keçsə də, hələ ki Elmar Vəliyev və mühafizəçisini güllələməkdə ittiham olunan Yunis Səfərov və onunla birlikdə təqsirləndirilən şəxslərin işi üzrə məhkəmə araşdırması başlamayıb.
Ümumilikdə 2018-ci il Gəncə hadisələri ilə əlaqədar 70-dən çox adam həbs olunub. Amma onların əksəriyyəti E.Vəliyevə sui-qəsddən bir həftə sonra – iyulun 10-da Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısında ağır cinayətlə nəticələnən icazəsiz kütləvi aksiyaya görə həbs olunanlardır. Həmin olayda 2 polis polkovniki qətlə yetirilmişdi. Bu aksiya Yunis Səfərovun sifətində qan və xəsarət izləri olan fotosunun sosial şəbəkələrdə yayılmasından sonra təyin edilmişdi. Həmin fotonun polis idarəsində çəkildiyi iddia olunurdu.
10 iyul aksiyasında bir nəfərin iki polis polkovnikinin xəncərlə öldürərək çoxlu sayda polis əməkdaşlarının olduğu yerdən qaça bilməsi bir sıra suallar yaratdı. Bu hadisədən üç gün sonra polislərin qətlində ittiham olunan 1988-ci il təvəllüdlü Rəşad Böyükkişiyev özü hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı öldürüldü…
10 iyul aksiyasına görə həbs olunan 60-dan çox adamın işi bir neçə qrupa bölünüb. Gəncə Ağır Cinayətlər Məhkəməsi onların işinə ayrı-ayrılıqda baxıb. Onlara kütləvi iğtişaşların təşkili, polisə qarşı zorakılıq kimi ittihamlarla 5 ildən 18 ilə qədər həbs cəzaları verilib. Sonradan apellyasiya məhkəməsi bir çoxlarının cəzasını azaldıb. Həbs olunanlardan 15 nəfəri artıq azadlığa buraxılıb.
Konkret icra başçısının güllələnməsi epizodu üzrə 10 nəfərlik qrup mühakimə olunacaq. Təqsirləndirilən şəxslərdən 2-si saxlanılarkən təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb. Rəsmi açıqlamada onların silahlı müqavimət göstərdiyinə görə zərərsizləşdirildiyi bildirilib, amma ailə üzvləri bu barədə deyilənləri təkzib edir, onların ümumiyyətlə, silahlı olmadığını söyləyir.
Terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama da daxil olmaqla, 30-dan artıq maddə ilə ittiham olunan Y.Səfərov və daha 11 nəfərin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsi baxmağa başlamışdı. Amma məlum oldu ki, bu məhkəmənin sədri, həmçinin Y.Səfərov və digərlərinin işinə baxan hakim Natiq Əliyev zərərçəkmiş Elmar Vəliyevin qardaşı, ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qudasıdır. Vəkillər onun bu işə baxmasının yolverilməz olduğunu bildirərək, işin Gəncə Ağır Cinayətlər Məhkəməsindən alınması məsələsini qaldırdılar. Bundan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə verildi. Pandemiya ilə əlaqədar hələ ki məhkəmə prosesi başlamayıb.
Açıq məhkəmə prosesi keçirilmədiyinə görə Y.Səfərovun bu cinayətin səbəbləri barədə nə deyəcəyi hələlik məlum deyil. Cinayət işinin materiallarında hadisənin terror olduğu, əvvəlcədən planlaşdırıldığı, ölkədə dövlət çevrilişinə cəhd məqsədilə törədildiyi yazılıb.
Y.Səfərovun vəkili Bəxtiyar Hacıyev bildirdi ki, müvəkkili özünü qismən təqsirli bilir: “Etiraf edir ki, cinayəti özü törədib. Amma terror, dövlət çevrilişinə cəhd kimi ittihamları qəbul etmir. Bildirir ki, sırf qisas almaq üçün bu hadisəni törədib. Qisası da özünə görə yox, əhaliyə qarşı nalayiq davranışlara, insanlara edilən zülmlərə görə almaq istəyib”.
Y.Səfərovun anası Leyla İsmayılova da saytımıza açıqlamasında oğlunun terrorçu kimi təqdim olunmasıyla razılaşmadığını bildirdi:
“Maraqlıdır, niyə araşdırma aparanları maraqlandırmadı ki, ali təhsilli hüquqşünas niyə bu işi elədi? Deyirlər ki, dövlət çevrilişi eləmək istəyib. Elmar Vəliyev məgər prezident idi ki, onu aradan götürməklə dövlət çevrilişi olsun? Yunisin işi, dolanışığı da var idi, Moskvada rahat həyatını yaşayırdı. Amma Elmar Vəliyevin elədiklərini internetdə gördükcə dəhşətə gəlirdi. Vaxtında Elmar Vəliyevin zülmlərinin qarşısı alınsaydı, iş bu yerə gəlib çatmazdı”.
Qeyd edək ki, sabiq icra başçısı E.Vəliyev cinayət işində zərərçəkmiş qismində tanınsa da, ifadə verməkdən imtina edib. O bildirib ki, səhhətindəki problemlərə görə ifadə vermək iqtidarında deyil.(pressklub)
Gülər