Azərbaycan təhsilində inqilab:Şagirdlərin biliyi yeni qaydada qiymətləndiriləcək?
Türkiyədə şagirdlərin illik qiymətləndirmə cədvəli dəyişdirilir. Yeni qaydaya görə, artıq şagirdlərin qiymət cədvəlində yeni bölmələr yaradılacaq və onların fərdi bacarıqları da qiymətləndiriləcək. Belə ki, qiymət cədvəlinə əlavə edilən əlavə səhifələrdə şagirdin əzbər, yazını sürətlə yazıb-oxuma və keçirilən dərsləri qavrama qabiliyyəti ilə bağlı müəllimlərin fikirləri də öz əksini tapacaq.
Yenixeber.org: Bəs gələcəkdə Azərbaycanda da şagirdlərin biliyinin bu cür qiymətləndirilməsi gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı saytımıza danışan təhsil eksperti Kamran Əsədov artıq bununla bağlı təkliflərin Təhsil Nazirliyinə göndərildiyini bildirib:
“Biz bir neçə ay bundan əvvəl Təhsil xidmətləri, Araşdırma və Təhlil Mərkəzi olaraq aidiyyatı dövlət qurumlarına orta ümumi təhsil məktəblərində şagirdlərin gündəlik məktəbdaxili qiymətləndirilməsi ilə bağlı öz təkliflərimizi göndərmişik. Söhbət ondan gedir ki, məktəbli gündəliyi adından da göründüyü kimi, şagirdin məktəbdə təkcə biliyini yox, eyni zamanda davranış və bacarıqlarının da qiymətləndirməlidir. Təhsil qanunuvericiliyinə görə, şagirdin orta ümumi təhsil məktəblərində məqsədi təkcə bilik əldə etmək deyil. Şagirddə əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırmaq funksiyasını məktəb öz üzərinə götürür. Biz də isə təkcə şagirdin dərsə hazırlığı və cavabını 5, 10 və yaxud da 100 ballıq şkala ilə qiymətləndiririk. Bu qiymətləndirmə müxtəlif aspektlərdə olmalıdır. Eyni zamanda bu həmin şagirdin illik, rüblük qiymətləndirmələrinə də təsir göstərəcək. Bu əslində ona hesablanır ki, ali təhsil müəssisələrinə qəbul olunan şəxslərdə fərdi bacarıqların formalaşması haqqında məlumatımız olmur. Tutaq ki, biz bilmirik ki, 700 bal toplamış insanda hansı bacarıqlar var. Adətən, yüksək bal toplamış şəxslərin əzbərçilik qabiliyyətlərinin yaxşı inkişaf etdiyi deyilir. Amma, həmin şəxslərin başqa qabiliyyətləri də ola bilər. Məsələn, biz dünən Bakı Ali Neft Məktəbinin Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” tamaşasına baxdıq. Prezident təqaüdünə layiq görülmüş uşaqlar olduqca yüksək aktyorluq qabiliyyəti sərgilədilər. Biz əgər şagirdlərin bacarıqlarını bilsək, universitetlərə daxil olarkən onları daha yaxşı yönləndirə bilərik. Məhz bu səbəblə biz təklif vermişik ki, şagirdlərin təkcə biliyi qiymətləndirilməsin, onların bacarıqları da qiymətləndirilsin. Şagird rəsmdən 5 ala bilər, amma nəyi necə çəkdiyi qeyd olunmur. Ümid edirəm ki,Təhsil Nazirliyi bunu nəzərə alacaq”.
Ekspert nazirliyə təqdim edilən digər bir təklif barədə də məlumat verib:
"Digər təklifimiz də orta təhsil məktəblərinin kategoriyalara bölünməsidir, yəni A,B, C tipli məktəblərin yaradılmasıdır. Burada A tipli məktəblərdə işləyən müəllimlər daha yaxşı əmək haqqı alsınlar, çünki onların göstəriciləri daha yaxşıdır, B orta, C isə zəif hesab olua bilər. Bu zaman rəqabət yaranacaq, dərsin keyfiyyəti daha da artacaq".(yenisabah)
Sabrina