Polis itmiş «Uriset uşağı»nı axtarır.
Yenixeber.org: Son həftələr iki nəfər məktəblinin intihar etməsindən sonra təhsil müəssisələrində nəzarətin gücləndiyi hiss olunur. Bu hadisələr şagirdlərlə aparılan tərbiyəvi-psixoloji işin nə qədər önəmli olduğunu bir daha təsdiqlədi. Buna baxmayaraq, baş verənlərin ab-havası xeyli vaxtdır ki, rəhbərliyini haqlı tənqid etdiyimiz Bakı şəhər 275 saylı orta məktəbə gəlib çatmayıb. Burada cövlan edən olaylar ehtiyatlanmağa əsas verir ki, sözügedən təhsil müəssisəsində özünü öldürən olmasa da, başqasını öldürən olacaq. Aprelin 3-də xadimə Bəsti xadimələrin otağında xadimə Elmira ilə dalaşıb, üstünə bıçaq çəkib. Səbiyyə adlı digər xadimə isə bıçağı Bəstinin əlindən güclə alıb və qorxudan özünün də halı pisləşib. Bir-birlərinə o ki var nalayiq sözlər deyiblər. Bəsti öz əməlindən nəinki peşman olub, hətta deyib ki, Elmira qurban olsun Səbişə, yoxsa, onu doğrayacaqdım. Məlumata görə dava-dalaşa qatılanlardan biri də Arzu olub. Elmira polis çağırmaq istəyib, amma direktor qoymayıb. Hazırda polislər məktəbdə Surxayeva Mehparənin sinfinin şagirdləri sırasına yenicə daxil olmuş, Rusiyadan gəlmiş və direktora tapşırılmış Samir adlı imtiyazlı, dərsə gəlmədiyi halda «qayıb» yazılmayan şagirdi axtarırlar və xadimələrin bıçaqlanması məsələsini araşdırırlar. 33-cü Polis Bölməsinin müstəntiqi Fədai xadimələrin izahatını alıb. Hamısı bıçaq məsələsini təsdiqləyiblər. Ehtimal var ki, direktor hüquq-mühafizə orqanları ilə anlaşıb işi ört-basdır etsin. Direktor müavini Yaqut Ağayeva gündüz saat 4-də işdən getməli olduğu halda, saat 2-də məktəbi tərk edir. İş vaxtını tez başa vurduğuna görə direktora aylıq 50 manat pul verir. Direktor xadimə kimi ştatda saxladığı Aynur Əmiraslanovadan da pul alıb söz verib ki, vəzivəfəyə təyin edəcək, hələlik xanım kimi rəftar edir. Halbuki, boş olan vəzifələrə Baş İdarə tərəfindən kadrlar göndərilib, Aynur necə deyərlər, «havada qalıb». Hələlik, əsas işi direktora pulyığanlıq və xəbərçilik etməkdir. Pulyığan təkcə Aynur Əmiraslanova deyil, laborant Hacıyeva Rəsmiyyə də direktorun tapşırığı ilə hər birinci sinifə qəbul olunan şagirdlərin valideyinlərindən 2 manat toplayır. Uşaq birliyinin rəhbəri İsayeva Xədicə və laborant Əliyeva Leyla da «hazırlıq pulu», «kserokopiya pulu» və direktora lazım olan digər pulları yığmaqdadırlar. Bunca yazılan tənqidlərə baxmayaraq, Şahab İsayev və bir qrup müəllim direktora pul verib dərs vaxtında repetitorluq edirlər və məktəbə komissiya gəlib davamiyyəti yoxlayanda hazırlığa gəlmiş yad uşaqları dərsə gəlməyən məktəb şagirdlərin əvəzinə salırlar. 5 a sinfinin rəhbəri Aynurə Məmmədova dərs vaxtı kənar uşaqlara hazırlıq keçir və bunun müqabilində direktora 50 manat aylıq verir. Hətta bir dəfə onun yanına hazırlığa gələn yad uşağı maşın vurub. Bu və digər neqativ hallar aşkarlananda isə Şahab İsayev müəllimlərdən imza toplayıb BŞTİ-yə göndərir ki, direktora pul vermədiklərini təsdiqləsinlər. Qapıçı Qətibə də öz köhnə ampluasındadır. Valideynlərin gətirdikləri piltə şokoladları, qoğalları yeyərək onlarla çay içir. Məhz şirninin təsirindəndir ki, iş başında tez-tez mürgüləyir. Ona pul verməyən, şirniyyata qonaq etməyən valideynlərin uşaqlarının isə başına taxta ilə vurur. İndiyədək bir neçə valideyn bu barədə şikayət etsə də, direktor isə Qətibənin ona xəbərçilik göstərdiyi xidmətini qiymətləndirərək, bu əməllərinə bilərəkdən göz yumur. Etibarlı mənbə xəbər verir ki, itmiş jurnallar yenisi ilə əvəzlənib, onlara saxta qiymətlər yazılır. Ən biabırçı neqativ hallardan biri də budur ki, bəzi qadın müəllimlər direktora rüşvət verərək məktəbə şalvar geyərək gəlmələrinə icazə alırlar. Valideynlərin və müəllimlərin vatsapda yaratdıqları qrupda qeydə alınan səs yazılarında Aynur müəllimənin valideynlərdən bütün məktəblərdə dövlət hesabına quraşdırılan müşahidə kameralarına görə 275 saylı məktəbdə hər sinifdən direktorun 5 manat pul istədiyi aydın eşidilir. Danışanlar bir-birlərinin adını tuturlar: Vüsalədən «xoşluqla» pul istənilir, Fatimənin vasitəsilə çatdırılması tapşırılır. O da məlum olur ki, valideynlər buna etiraz edir, ən müxtəlif səbəblər göstərilməklə tez-tez pul tələb edilməsinə narazılıqlarını, bezdiklərini, artıq cana-boğaza yığıldıqlarını bildirirlər. Aynur müəllimə də sinifin «kasıb sinif» olduğu üçün nəzərə alınmasına çalışacağını, tələb olunan məbləğin 3 manata endirilməsini direktordan xahiş edəcəyini deyir, amma bu məsələnin başqa siniflərə bildirilməməsini valideynlərə tapşırır. Etibarlı mənbədən əldə etdiyimiz həmin vatsap danışıqlarını audio-diskdə araşdırılması üçün Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul vəzifəlisi Cəsarət Valehova və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sözçüsü Bəşarət Məmmədova göndərdik. Yalnız Bəşarət Məmmədov məsələni araşdırıb redaksiyamızı məlumatlandıracağına söz versə də, hələ ki ondan xəbər çıxmayıb. Odur ki, həmin səs yazısını saytın oxucuları ilə bölüşürük.(deryaz.az)
https://www.youtube.com/watch?v=dJBtvWb4PUs&t=18s
P.S.Bu arada direktor Fəridə Şərifovanın qanı bərk qaralıb. Belə ki, oğruların da ona rəğbəti böyük olduğundan şəkildə gördüyünüz bu maşınının təkərlərinin dördünü də oğurlayıblar.