nazir və təhsil şefi hara baxır?
Şəkildə gördüyünüz Fuad Mehrəliyevdir. Astara şəhər 2 nömrəli məktəbdə ingilis dili müəllimi işləyib

 Yenixeber.org: Bunu Astaradan Elçin İbrahimli yazıb.


Onun sözlərinə görə, müəllimlərin diaqnostika imtahanında ən yüksək - 54 bal yığan F.Mehrəliyev məktəbdə rüşvətə etirazını bildirdiyi üçün 20 gündən çox psixi dispanserdə məcburi saxlanmışdı.



Sonradan saxta sənədlərlə işdən azad edilməsi haqqında əmr verilib. Fuad heç bir siyasi partiyanın üzvü deyil, savadlı müəllimdir.Bütün bu məsələləri işdən çıxarılmış keçmiş direktorun rolu olub. 

Fuad müəllim ona qarşı haqsızlıq etdikləri üçün məhkəməyə müraciət edib. 2 nömrəliməktəbə müvəqqəti təyin edilmiş direktor əvəzi isə Fuad müəllimin işə qayıtmasına kəskin etirazını bildirir. Halbuki ona heç bir aidiyyəti yoxdur. 

Saxta verilmiş əmri can başla müdafiə edir. Rayon rəhbərləri işə müdaxilə etməsələrdə, direktor əvəzi Fuad müəllimin işə qayıtmasını istəmir. 

Bu dəhşətli faktlar Astara təhsil şöbəsini hərəkətləndirməliydi. Lakin təhsil şöbəsi yüksək nəticə göstərən və rüşvətə etiraz etdiyinə görə məktəbdən qovulan müəllimin psixi dispanserə qanunsuz olaraq salınmasına tükünü də tərpətmir. 

Görəsən, Astaranın gənc təhsil şöbəsi müdiri Rəşad Həsənov gənc müəllimin başına belə oyun gətirilməsinə necə baxır? Niyə səsini çıxarmır? Bir direktor əvəzinə gücü çatmır ki, onu işə bərpa eləsin? 
 Azərbaycanın gənc məmurlarından olan təhsil naziri Ceyhun Bayramov da təcili şəkildə məsələyə müdaxilə etməlidir. 
Gənc nazirdən gözləntilər budur ki, Misir Mərdanovdan fərqlənsin, haqsızlığa, özbaşınalığa imkan verməsin.

Yüksək diaqnostik nəticə vermiş bir müəllimi el dilində desək zorla dəlixanaya salırlar, sonra üstünə psixi problemi olan adını qoyub işdən çıxarırlar.

Başa düşüləndir, bu ölkədə rüşvətə etiraz edən dəli, psix, cinayətkar, xain çıxır, rüşvət alan müəllim isə müdirin gözünün işığına çevrilir. 

Astaranın TŞ müdiri bu ilin iyununda təyin olunmuş Rəşad Həsənov özü də astaralıdır, Şahağacdandır, bundan qabaq yerli icra strukturunda işləyib. 

Ən azından həmyerlisinə qarşı bu cür haqsızlığa göz yummamalıdır. Belə görünür ki, məsələyə prezident və nazir qarışmalıdır. C.Bayramov R.Həsənovdan gözləyir ki, bu ildən etibarən Astara təhsilində yeniliklər eləsin, əyər-əskik aradan qaldırılsın.(cahan.info)