Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”
2010-2016-cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyən Sabirabad rayon sakini, birinci dərəcəli dövlət qulluqçusu, Yeni Azərbaycan Partiyasının üzvü Elman Bunyad oğlu Bunyadov rayon TŞ-nin rəisi və Sabirabadın icra başçısı ilə aralarında yaşanan qalmaqalla bağlı yeni şok açıqlamalar verib.
Yenixeber.org: Saytımıza danışan sabiq şöbə müdiri bildirib ki, onun prezident İlham Əliyevə ünvanladığı birinci müraciətdə yazılanların hamısı gerçəkdir və həmin müraciəti ona təzyiq edərək təkzib etdiriblər. Qeyd edək ki, 11.10.2017-ci il tarixində saytımızda dərc edilən “Keçmiş şöbə müdirindən icra başçısına MÜDHİŞ İTTİHAMLAR-RÜŞVƏT, KORRUPSİYA...” (https://afn.az/xeber/63404-kechmish-shobe-mudirinden-icra-bashchisina.html) sərlövhəli yazıda E.Bünyadov 2012-ci ildən o, rayon rəhbərliyinin tapşırığı ilə bir sıra vəzifəsi olmayan işlər gördüyünü bildirirdi. Sonradan redaksiyamızla əlaqə saxlayan sabiq şöbə müdiri belə bir müraciət yazmadığını iddia etmişdi. İndi isə bildirib ki, həmin təkzib məktubunu ona yarıtəzyiq, yarıvədlə yazdırıblar: “Başçı da, təzə şöbə müdiri də məni aldatdılar ki, sən yeni iş yeri ilə təmin olunacaqsan. Şöbə müdiri Pəhlivan Qarayev mənim rayondakı şahmat məktəbinə direktor kimi təqdimatımı göndərib, amma necə təqdim edibsə təsdiq olunmamışam. Sonralar bir neçə dəfə başçı Nazim İsmayılovun qəbulunda oldum, hər dəfə mənə söz verdi, amma əməl etmədi. İndi isə hətta mənim nömrəmi bloka atıb, zəng edirəm düşə bilmirəm ki, məni qəbul etsin, bir işlə təmin olunmama kömək etsin”.
P.Qarayevin hər ay N.İsmayılova rüşvət verdiyini iddia edən E.Bünyadovun sözlərinə görə, bunun üçün də başçı şöbə müdirinə qəti göstəriş verib addım atdıra bilmir: “Sabirabadda yeganə məmuram ki, vəzifədə olanda mənim oğlum Milli Orduda zabit olub. Başçı, sənin oğlun hardadır? Pəhlivan Qarayev, sənin oğlun hardadır? Mən PA-nın Ümumi şöbəsinin müdirinə zəng etdim vəzifədən çıxarılanda, dedi sən nə danışırsan, sənin oğlun Milli Ordunun zabitidir, səni işdən çıxarmaq olar?
Mən artıq hər bir şeyə hazıram. Pəhlivan Qarayev Qarağac məktəbinə direktor qoymaq üçün Çingiz müəllimdən 13 min manat pul alıb, amma qoya bilmir, qalıb naçar. Vaxtilə şöbədə mənim sürücüm olan Eldardan 5 min alıb şöbədə işə götürüb. Mənim yerimə gəlmək üçün başçıya 100 min pul söz verib, 50 minini nağd verib, 50 minini də sonra verəcəm deyib. O vaxt mən başçının mənə pulla iş gördürdüyü haqda prezidentə müraciət ünvanlayanda başçının köməkçisi olan qohumum Mirzağa və Pəhlivan Qarayev gəldilər, həm mənə təsir etdilər, həm də vəd verdilər təkzib yazdırdılar. Vədlərinə əməl etmədilər, amma təsirlərindən də qorxmuram artıq. Bu gün dediyim sözün arxasında durmasam biqeyrətəm. Su meymunun boğazına çıxanda balasını ayağının altında qoyur, daha mən də bezmişəm. Sabirabadda kimin pulu var vəzifədədir, kimin yoxdusa xəstəxanada xəstəsinə dərman ala bilmir”.
Sabirabad İH-in +994-21-235-83-84 nömrəsinə zəng edib əlaqə saxlamaq istəsək də, telefona cavab verilmədi. TŞ müdiri Pəhlivan Qarayev isə haqqında səsləndirilən ittihamlara cavab olaraq bildirdi ki, deyilənlər hamısı böhtandır: “Çingiz müəllimin yaşı 60-dan keçib deyə o, ümumiyyətlə müvafiq imtahana buraxılmayıb. Ayın 20-də yenidən müsahibə olacaq və kim keçəcəksə o da əmrini alıb başlayacaq işləməyə. Eldar Poladov isə indi hərbi müəllimidir, əvvəllər Elman Bünyadovun sürücüsü işləyib. Mənim Elman müəllimlə heç bir problemim yoxdur. Bu dəqiqə gedim yanına ordan sizinlə danışım deyəcək ki, bu sözlərin heç birini deməmişəm. Mən bir insan kimi həmişə ona dəstək olmuşam. Onu bu vəziyyətə gətirən özüdür, o adam özü öz işlərinə bais olub”.(afn.az)
Yenixeber.org olaraq qarşı tərəfi də dinləməyə hazırıq.
HƏBİBƏ