NAXÇIVANDA NƏLƏR BAŞ VERİR??? Naxçıvanda hakim sifarişlə müəllim haqda qərar verir! -Biabrçılıq!!!
Bu gün Naxçıvan şəhər Məhkəməsində çalışdığı məktəbdə rüşvət və digər pozuntuları ictimailəşdirdiyinə görə təqiblə üzləşən müəllim Səriyyə Qəmbərovanın şikayəti əsasında yekun qərar verilib. Onun şikayəti qanunsuz işdən çıxarılması ilə bağlı idi.
Yenixeber.org: Səriyyə Qəmbərovanın “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, proses ədalətsiz şəkildə keçirilib və hakim saxta sübutlara əsaslanaraq onun əleyhinə qərar çıxarıb:
“Məktəbdə baş verən qanunsuzluqları işıqlandırdıqdan sonra direktorun göstərişi ilə məni məktəbdə döydülər. Bundan sonra məni Naxçıvan şəhət Təhsil Şöbəsinə çağırıb dedilər ki, bir müddət işə getməyim. Dedilər ki, məktəblə də razılaşdırılıb. Bir neçə gün getmədim işə. Sən demə bu mənə qurulan tələ imiş. Bir müddət sonra icazəsiz işə gəlmədiyimə görə, məni işdən çıxardılar. Bununla bağlı məhkəməyə bir neçə dəfə şikayət etsəm də, qəbul etmədilər. Nəhayət qəbul etməyə məcbur oldular.
Lakin, məhkəmə açıq-aydın tərəf tutdu. Hakim Gülnar Səfərəliyeva mənim heç bir sübutumu dinləyib, qəbul etmək istəmədi. Bunun əvəzinə məktəb direktorunun saxta sübutlarını əsas gətirdi. Bu məsələdə yerli Təhsil Nazirliyinin də marağı var. Mən təkcə dərs dediyim məktəbdə yox, ümumiyyətlə Naxçıvandakı təhsil sisdemində baş verən qanunsuzluqları işıqlandırmışam. Mənim cəzalandırılmağımla bağlı göstəriş nazirlikdən gəlib. Hakim də onların sifarişini yerinə yetirdi.”
Sabah isə eyni məhkəmədə Səriyyə Qəmbərovaya qarşı məktəb direktorunun başqa bir iddiasına baxılacaq. O bildirir ki, bu məhkəmədən də heç bir ədalət gözləmir:
“Döyülməyimlə bağlı kifayət qədər faktlar olsa da, məhkəmə mənim bu şikayətimi qəbul etmir. Əksinə, guya mənim direktoru döyməyimlə bağlı şikayəti isə dərhal qəbul edib, prosesə başlayıblar. Ortada heç bir fakt, sübut yoxdur. Yalnız direktorun saxta şahidlərinin ifadəsi əsasında işə baxırlar. Mən Gülnar Səfərəliyevadan bu iş üzrə də ədalət gözləmirəm.”
Səriyyə Qənbərova ötən ilin oktyabrına qədər Naxçıvan şəhər 1 saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyib. Buradakı korrupsiya və digər qanun pozuntularını ictimailəşdirdikdən sonra öncə məktəbdə döyülüb, daha sonra isə işdən qovulub. İki övlad anası olan müəllim hazırda işsizdir.(tehsilmedia.az)