HƏFTƏSONU SƏRT KARANTİN REJİMİ LAZIMDIRMI? – Yaxud, Türkiyə təcrübəsindən öyrənməli olduqlarımız
Azərbaycandakı son günlərin koronavirus statistikası göstərir ki, epidemiya öz təsirini saxlamaqda, hətta gücləndirməkdədir. Lakin təəssüf ki, əhalimizin bu mənzərəyə nisbətdə davranışı çox vaxt adekvat olmur.
Yenixeber.org: Hələ də bir çox vətəndaşlarımız və sosial şəbəkələrdəki “ekspertlər” bu pandemiyanı şübhə altına alır, bütün dünyanı diz çökdürən bu bəlaya qarşı etinasız münasibət göstərirlər. Bunun da nəticəsi göz qabağındadır – gündəlik yoluxma 300-ün üzərindədir, ölənlərin sayı isə 100-ə yaxınlaşır.
Məlum olduğu kimi, ötən həftənin şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejimi tətbiq olundu. Qeyd olunan ərazilərdə iyunun 8-i saat 6:00-a qədər küçəyə çıxmaq yasaqlandı, mağazalar, apteklər də daxil olmaqla xidmət sahələri fəaliyyət göstərmədi. Rəsmi qərara əsasən bu addım infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə atılıb.
Ancaq təəssüf ki, bu qərar əhalinin müəyyən kəsimi tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları yalnız həftənin son günlərində tətbiq olunan bu qadağanın virusun yayılmasına təsir etməyəcəyini düşünür.
Lakin bir çox dünya ölkələri, xüsusilə də qardaş Türkiyənin təcrübəsi göstərir ki, həftəsonu sərt karantin tədbirlərinin tətbiqi epidemiya ilə mübarizədə heç də effektsiz hesab oluna bilməz. Belə ki, epidemiyanın ilk üzə çıxdığı dövrlərdə çox böyük sürətlə yayıldığı Türkiyənin bu bəla ilə uğurlu mübarizə aparmasında bütün digər tədbirlərlə yanaşı, həftəsonu tətbiq olunan sərt qadağalar da öz müsbət rolunu oynamış oldu.
Xatırladaq ki, aprelin əvvəlindən başlayaraq, Türkiyənin 30 böyük şəhəri və tənəffüs yolu xəstəliklərinə çox rast gəlinən Zonquldak şəhərində həftəsonu komendant saatının tətbiqilə bağlı qərar qəbul olunmuşdu. Həmin vaxt 31 vilayətdəki bütün vətəndaşların küçəyə çıxması qadağan olunub və iki gün ərzində əhali üçün zəruri olan ərzaq, eləcə də digər ehtiyacların qarşılanması ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.
Bundan sonra Türkiyədə hər zaman olduqca geniş və təmtəraqlı şəkildə qeyd olunan Ramazan bayramında da eyni tədbirlər həyata keçirildi. Bu dəfə komendant saatı artıq 4 gün müddətinə tətbiq olundu. Bununla əlaqədar Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) 81 vilayətə sərəncam göndərdi. Nazirlik 2 gün həftəsonu və 2 gün də Ramazan bayramı daxil olmaqla, 23-26 may tarixlərində (22 may gecə 00:00-dan 26 may gecə 00:00-dək) evdən çıxmağı qadağan etdi. Və əhali də bu qadağaları anlayışla qarşılayaraq, ona tabe oldu, riayət etdi.
Təbii ki, bu qadağaların məhz həftəsonu və bayram günlərində tətbiqi təsadüfi deyil. Çünki məhz istirahət və bayram günləri əhalinin daha çox qarşılıqlı təmaslarda olması riski böyükdür. Elə həmin Türkiyənin özündə gizli olaraq keçirilən bir yas mərasimində 100-dən artıq insanın virusa yoluxduğu aşkarlanmışdı.
Məhz bütün bunlar nəzərə alınaraq, Türkiyə və digər bir sıra ölkələrdə həftəsonu qadağalarına dair qərarlar qəbul olundu və bunun bəhrəsi də müəyyən müddət sonra özünü göstərdi. Belə ki, artıq Türkiyədə virus demək olar tam nəzarətə alınıb, yoluxmalar və ölüm halları minimuma endirilib.
Buna görə də ötən həftənin sonundan etibarən sərt karantin rejiminin tətbiqi dayandırıldı. Ancaq bu müsbət mənzərənin yaranmasına qədər Türkiyə kifayət qədər uzun yol keçdi, sərt addımlara, qadağalara getməli oldu.
Görünən odur ki, Azərbaycanda yaranan hazırkı epidemioloji durum bu epidemiyanı mümkün qədər az itkilərlə adlamaq üçün sərt karantin tədbirlərini təxirə salmağa hələ ki, imkan vermir. O da şübhəsizdir ki, bütün bu tədbirlər qanunlar, insan hüquq və azadlıqları çərçivəsində tətbiq olunmalıdır. Lakin eyni zamanda, vətəndaşlar da indiki dövrün həssaslığını, ortada bütün haqq və azadlıqlardan daha yuxarıda dayanan xalqımızın sağlamlığını və insan həyatının önəmini, dəyərini nəzərə almalıdırlar.
AzPolitika.info