Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Karantin dövrünün fədakarları - Rabitəçilər

image here
S.İsmayılova: “1 saylı Rabitə Xidmətləri Mərkəzinin direktoru hörmətli Nazim Əliyev hər dəfə məlumat verir və bildirir ki, abunəçilərə həddindən artıq həssas yanaşaq”

O.Hüseynov: “Həm 1 saylı Rabitə Xidmətləri Mərkəzinin, həm Bakı Telekom Rabitəsi MMC-nin, həm də ümumilikdə nazirliyin diqqət və qayğısını hər an hiss edirik”

Yenixeber.org: Artıq neçə müddətdir dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycana da təsirsiz ötüşmür. Amma hər cür fədakarlığa hazır olan xalqımız prezident cənab İlham Əliyevin vaxtında atdığı ciddi və vacib addımlar sayəsində demək olar bu bəladan yan keçir. Düzdür, bir çox müəssisələr, təhsil ocaqları bu virusdan qorunmaq üçün bağlanıb və əhali dövlət başçısının çağırışına əməl edərək “Evdə qal” prinsipinə əməl etməklə hələ ki, dünyanı lərzəyə salan bu koronavirusdan maksimum qoruna bilir.

Nazirlər Kabinetinin nəzdində yaradılmış Operativ Qərargahın qəbul etdiyi sərt tədbirlər yalnız əhalinin sağlamlığının qorunması naminədir. Məhz bu Operativ Qərargahın qəbul etdiyi qərarla karantin dövrünün tələblərinə əməl etməklə bir çox qurumların işləməsinə icazə verilib.

Bildiyiniz kimi, hər yerdə bu karantin dövründə polislərin və həkimlərin işi ikiqat artıb və hamı onların hansı ağır yükün altına çiyin verdiklərini yaxşı bilir. Heç də təsadüfi deyil ki, bütün elektron KİV-lərdə, şəhərimizin müəyyən reklam lövhələrində həkimlərə və polislərə xüsusi təşəkkürlər elan olunur. Əlbəttə, xalqımızın bu çətin dövründə hər kəs bacardığı qədər xalqımızın yanında olmağa çalışır və onların problemlərinin həllinə yardımçı olur. Ancaq çox təəssüf ki, bu karantin dövründə bir sahə var ki, onu heç yada salan yoxdur. Halbuki məhz bu sahədə çalışan işçilərin gərgin əməyi və böyük fədakarlıqları sayəsində xalqımız koronavirusa qarşı mübarizəyə hazırlanır. Bu yolda təbliğatın qurulmasında müstəsna rol oynayır. Yox, söhbət jurnalistlərdən getmir, həmin insanlar karantin dövründə gecəni gündüzə qataraq, əhalini fasiləsiz rabitə və internetlə təmin edən rabitəçilərdir.

 

 Xətt mühəndisi O.Hüseynov və 1 saylı RXM-nin texniki nəzarət mühəndisi
Abuzər Bayramov növbəti iş planını müzakirə edirlər
Bir anlıq düşünək ki, rabitə və internet 1-2 saatlıq yoxdur. Nə baş verəcəyini təsəvvür edirsinizmi? Həmin o fədakar həkimlər və iki qat məsuliyyətlə işləyən polislər hansı çətin vəziyyətdə qala bilərlər. Məlumdur ki, həkimlər məhz internet sayəsində kompüter vastəsilə xəstələrə düzgün diaqnoz qoya bilirlər. Karantin dövrünün tələblərini pozanları polislər məhz əllərindəki internetə qoşulmuş planşetlə müəyyən edirlər. Bu, heç də sizə asan gəlməsin.

İstər yağıntılı, istərsə də küləkli hava şəraitində rabitəçilər bu karantin dövründə ikiqat məsuliyyətlə çalışaraq, həm əhalini, həm də dövlət strukturlarını fasiləsiz həm rabitə, həm də internetlə təmin edirlər. Hamıya məlumdur ki, işsiz kimi qeydiyyatdan keçmək, evdən çıxmaq üçün SMS-lə icazə almaq, şagird və tələbələrin onlaynla evlərində təhsilini davam etdirməsi, məmurların onlaynla qəbul keçirməsi, bir sözlə, bütün sahələrdə fəaliyyət məhz internet sayəsində həyata keçirilir. Bütün bu fədakarlıqlara imza atan rabitəçilər isə, nədənsə, KİV-lərin diqqətindən kənarda qalıb. Elə bu boşluğu doldurmaq üçün qərara gəldik ki, karantin dövründə xalqımızı və dövlət strukturlarını fasiləsiz rabitə və internetlə təmin edən qəhrəman rabitəçilərlə görüşüb onların iş fəaliyyəti ilə yaxından tanış olaq.

Xətt mühəndisi O.Hüseynov montyorlar F.Dadaşova,
A.Nəzirova və N.Qocayevə növbəti tapşırıqlarını verir
Bu məqsədlə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Bakı Telefon Rabitəsi (BTR) MMC-nin tabeliyində olan 1 saylı Rabitə Xidmətləri Mərkəzinin (RXM) (Keçmiş Yasamal Telefon Qoşağı) Bayıl qəsəbəsində yerləşən 491 saylı ATS-ini seçdik. Çünki bu ATS şəhərin mərkəzi rayonlarından olan Səbail rayonunda yerləşir. Bildiyimz kimi, şəhər mərkəzində iş daha çox olur. Ona görə də 491 saylı ATS-in rabitəçiləri ilə görüşdük. Rabitəçilərlə söhbətdən çox maraqlı məlumatlar əldə etdik. Məlum oldu ki, karantin dövründə rabitəçilər də “Evdə qal” çağırışına müəyyən qədər əməl edirlər. İşçilər tərtib olunmuş cədvəl üzrə, növbətçilik əsasında işə çıxırlar. Adi günlərdə bütün işçilər vaxtlı-vaxtında iş başında olurlar. Ancaq işçilərin hamısını işə çıxarmamaq üçün, yəni evdə qalmasına şərait yaratmaq məqsədilə işçilər cədvəllə işə gəlirlər. Əlbəttə, belə olan zaman həm xətt montyorları, həm də kabel lehimləyiciləri evdə qalan iş yoldaşının da ərazisinə cavabdehlik daşıyır. Buna baxmayaraq, növbə ilə işə gələn bu rabitəçilər əhalinin və dövlət strukturlarını 24 saat fasiləsiz rabitə və internetlə təmin edirlər. Onlarla birlikdə müəyyən ərazilərdə olduq. Həqiqətən də bu rabitəçilər necə çətinliklərlə üzləşsələr də, bir an olsun “yoruldum” demədən öz işlərini uğurla həyata keçirə bilirlər. Karantin dövrünə görə əlkcək və qoruyucu maskalardan istifadə edən montyorlar və kabel lehimləyiciləri internetin və rabitənin nasazlığı haqqında sifariş daxil olan kimi dərhal həmin ünvanda olurlar. Bəs bu qədər sifarişləri az qüvvə ilə necə həyata keçirirlər?

Kabel lehimləyicisi, rabitə ustası Y.Məhərrəmov iş başındadır

Yaxşı olar ki, bu barədə 491 saylı ATS-in xətt mühəndisi, rabitə ustası Oruc Hüseynovu dinləyək: “Çox sağ olun ki, bizləri yada salmısınız. Biz öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Karantin dövrünün tələbləri hamımıza aydındır. Rabitə və internet fasiləsiz işləməlidir. Bildiyiniz kimi, rabitə və internetə təlabat karantin dövründə ikiqat artıb. Ona görə biz də ikiqat məsuliyyətlə çalışmalıyıq ki, öz abunəçilərimizi və ərazidə olan dövlət strukturlarını internet və rabitə ilə fasiləsiz təmin edək. Bu məqsədlə lazım olan avadanlıqlarla tam təmin olunmuşuq. 1 saylı Rabitə Xidmətləri Mərkəzinin direktoru cənab Nazim Əliyev və baş mühəndis Aydın Hacıyev hər gün bizimlə görüşür və müəyyən təlimatlar verirlər. Həm 1 saylı Rabitə Xidmətləri Mərkəzinin, həm Bakı Telekom Rabitəsi MMC-nin, həm də ümumilikdə nazirliyin diqqət və qayğısını hər an hiss edirik. Bu da bizə əlavə güc verir. Mən də öz növbəmdə hər səhər görüləcək işlərlə bağlı işçiləri məlumatlandırıram. Onlar da öz ərazilərində və növbəlilik əsasında evdə qalan iş yoldaşlarının yerinə işləyərək yaranmış nasazlıqları dərhal aradan qaldırırlar. Çalışırıq ki, karantin dövründə xalqımızın yanında olaq və onları fasiləsiz internet və rabitə ilə təmin edək. Bilirik ki, həm dövlət strukturlarında, həm də əhali arasında üzbəüz təması minumuma endirmək üçün internet olduqca vacibdir. Biz bu məsuliyyəti dərk edirik. Bütün rabitəçilər ikiqat məsuliyyətlə işləyərək, öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Xətt sahə montyorları sifariş daxil olan evlərə gedir və abunəçilərlə çox mədəni davranırlar. Karantin dövründə hələ heç bir işçidən narazılıq eşitməmişik. Abunəçilər bizim işimizdən çox razıdırlar”.

Sahə montyoru A.Nəzirov rabitə dirəyindəki
kabel meydançasında nasazlığı axtarır

Xətt mühəndisi Oruc Hüseynovun sözlərindən məlum oldu ki, kabel lehimləyiciləri, rabitə ustası Yaşar Məhərrəmov, Hikmət Hüseynov, Elman Allahverdiyev, xətt sahə montyorları Fuad Dadaşov, Azad Nəzirov və Namiq Qocayev öz işlərinin öhdəsindən layiqincə gəlir, abunəçilər tərəfindən heç bir narazılıq olmur.

O.Hüseynovun söhbətindən məlum oldu ki, ATS-də iş prinsipi 2 yerə bölünüb. Belə ki, stansiyanın özündə fəaliyyət göstərən təmir bürosunda və avtozalda çalışan xanımlar öz işlərini sahə montyorları ilə əlaqələndirici şəkildə qururlar. Çünki internet və ev telefonlarında olan hər hansı nasazlıq barədə Rabitə Nazirliyinin 122 və 155 “qaynar xətt”inə daxil olan sifarişlər dərhal ATS-in təmir bürosuna ötürülür. Burada təmir bürosunda və avtozal şöbəsində işləyən xanımlar mühəndis Pakizə Orucova, mexaniklər Nigar Məmmədova, Firəngiz Mahmudova, Simuzər İsmayılova və digərləri həmin sifarişləri dərhal sahə montyorlarına çatdırır və onlar da vaxtında nasazlığı aradan qaldırırlar.

Sahə montyoru F.Dadaşov rabitə şkafından
yenicə telefonunu düzəltdiyi abunəçi ilə danışır
491 saylı ATS-in stansiya mühəndisi Sona İsmayılova mənimlə söhbətində xanımların növbəlilik əsasında 24 saat iş başında olduqlarını bildirərək dedi: “Təmir bürosuna daxil olan sifarişləri qəbul edib, baş vermiş nasazlığı aradan qaldırmaq üçün sahə montyorlarına ötürmək bizim borcumuzdur. Amma karantin dövründə bu işi ikiqat məsuliyyətlə görürük. Bilirik ki, həm abunəçilər, həm də dövlət strukturları öz fəaliyyətlərini karantin dövründə onlayn həyata keçirirlər. Bu barədə bizə 1 saylı Rabitə Xidmətləri Mərkəzinin direktoru hörmətli Nazim Əliyev hər dəfə məlumat verir və bildirir ki, abunəçilərə həddindən artıq həssas yanaşaq. Eyni zamanda, Nazim müəllim hər bir işçiyə də çox qayğı və diqqətlə yanaşır. Biz də öz işimizlə Nazim müəllimin etimadını doğrultmağa çalışırıq. İndi müvəqqəti çətinlik dövrüdür. Bu koronavirus bəlası tezliklə yox olub gedəcək. Ataların belə bir məsəli var: dost dar gündə sınanar. Biz də bu dar gündə xalqımızın yanında oluruq, onların probleminin həlli üçün böyük məsuliyyətlə çalışırıq. Sizə də bizim işimizə diqqət göstərdiyiniz üçün təşəkkür edirəm. Hər yerdə həkimlərə və polislərə təşəkkür edirlər, amma onların da işinin qurulmasını təmin edən biz rabitəçiləri yada salmırlar. Amma biz bütün bunlara baxmayaraq, cənab prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarına əməl edərək, bu bəladan birlikdə çıxacağımıza inanırıq. Allah hamıya can sağlığı versin”.

Sahə montyoru N.Qocayev abunəçinin evində
yaranmış nasazlığı aradan qaldırır
Həm stansiya mühəndisi S.İsmayılovaya, həm də xətt mühəndisi O.Hüseynova və bütün rabitəçilərə karantin dövründə göstərdikləri fədakarlıqlara görə təşəkkür edərək onlardan ayrılırıq.

Bəli, hər bir insanın işi, əməyi qiymətləndirilməlidir. Xalqımızın bu çətin dövründə onların fasiləsiz rabitə və internetlə təmin edilməsi olduqca alqışa layiqdir. Elə bütün bunları nəzərə alıb, 491 saylı ATS-in timsalında respublikamızın bütün rabitəçilərinə üz tutaraq deyirik: Çox sağ olun. Arzu edirik, işinizdə həmişə uğurlar qazanasız və səsiniz ucalardan gəlsin.

Hazırladı: Elçin MƏMMƏDLİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam